Dünyada kapitalın hərəkət istiqamətini yalnız gəlir vədi müəyyən etmir. İnvestor sərmayə qoyacağı ölkənin sabahına da inanmalıdır. Siyasi qərarların ardıcıllığı, iqtisadiyyatın dayanıqlığı, müqavilələrə münasibət və təhlükəsizlik uzunmüddətli tərəfdaşlığın əsas şərtləridir. Qlobal ticarət əlaqələrinin dəyişdiyi, ənənəvi təchizat yollarının risklərlə üzləşdiyi bir dövrdə bu amillərin çəkisi daha da artır. Azərbaycan məhz belə bir şəraitdə özünü imkanlar təqdim edən və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən dövlət kimi təsdiqləyib.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi fikirlər ölkəmizin inkişaf yoluna siyasi və iqtisadi baxımdan birlikdə nəzər salmağa imkan verir. Dövlət başçısının vurğuladığı kimi, indiyədək görülmüş işlər gələcək inkişafın ilkin şərtidir. Bu, mühüm məqamdır: yeni layihələr barədə inamla danışmaq üçün möhkəm dövlət, sabit iqtisadiyyat və müstəqil maliyyə sistemi olmalıdır. Azərbaycan gələcək hədəflərini məhz yaratdığı bu əsas üzərində müəyyənləşdirir.
Müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı mənzərə isə tamamilə fərqli idi. Ermənistanın torpaqlarımızı işğal etməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, daxili qarşıdurma və iqtisadi böhran dövlətçiliyimizi ağır sınaq qarşısında qoymuşdu. Belə bir şəraitdə siyasi sabitliyin bərpası sadəcə idarəçilik məsələsi deyildi, Azərbaycanın müstəqil yaşaması və öz sərvətləri üzərində söz sahibi olması üçün zəruri idi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti bu sınaqdan çıxışın əsasını yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin xətt yeni dövrün çağırışlarına uyğun inkişaf etdirildi, dövlətin iqtisadi və siyasi imkanları genişləndi.
Bu gün Azərbaycanın investisiya cəlbediciliyini qiymətləndirərkən həmin tarixi yol nəzərdən qaçırılmamalıdır. Son 20 ildə ölkəyə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Belə həcmdə sərmayə ayrı-ayrı layihələrin uğurundan daha geniş məna daşıyır. Bu, beynəlxalq şirkətlərin Azərbaycanın inkişaf perspektivinə, dövlət siyasətinin davamlılığına və burada fəaliyyət göstərmək imkanlarına verdiyi qiymətdir.
Siyasi sabitlik iqtisadi qərarlar üçün proqnozlaşdırıla bilən mühit yaradır. İnvestor bu gün başladığı layihənin illər sonra hansı şəraitdə işləyəcəyini düşünür. Azərbaycan həmin suala öz təcrübəsi ilə cavab verir. Otuz il əvvəl neft-qaz sahəsində imzalanmış müqavilələr üzrə götürülən öhdəliklərə sadiqlik göstərilməsi ölkəmizin tərəfdaşlıq anlayışını ifadə edir. Müqaviləyə hörmət müvəqqəti üstünlük deyil, dövlətin iş prinsipi olduqda etimad möhkəmlənir. Bu etimad indi enerji ilə yanaşı, nəqliyyat, rəqəmsal texnologiyalar və digər sahələrə də yeni sərmayə cəlb etmək üçün güclü əsasdır.
Azərbaycanın maliyyə vəziyyəti də müstəqil qərar vermək imkanlarını artırır. Prezident İlham Əliyevin forumda açıqladığı göstəricilərə əsasən, xarici borc ümumi daxili məhsulun 5,6 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcu təxminən 20 dəfə üstələyir. Bu rəqəmlərin siyasi mənası da var. Güclü maliyyə sistemi ölkənin qarşısına qoyduğu vəzifələri ardıcıl yerinə yetirməsinə, iri infrastruktur layihələrini həyata keçirməsinə və tərəfdaşlarla bərabər əsasda əməkdaşlıq qurmasına şərait yaradır.
Dövlətimizin gücü təkcə mövcud sərvətlərin həcmində deyil, onlardan hansı məqsədlə istifadə edilməsində görünür. Neft və qazdan əldə olunan gəlirlər yolların, limanların, enerji və sosial infrastrukturun qurulmasına yönəldilib. Bunun nəticəsində Azərbaycan öz coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirə bilib. Ölkənin Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrdə artan rolu təsadüfi deyil, bu mövqe illərlə aparılan investisiya və qonşularla əməkdaşlıq siyasətinin nəticəsidir.
Eyni zamanda, gələcək inkişaf yalnız əvvəlki uğurlara arxalanmaqla təmin edilə bilməz. Prezident İlham Əliyev forumda neft-qaz sektorundan kənar potensialdan daha geniş istifadə etməyin zəruriliyini vurğuladı. Bərpaolunan enerji, logistika, rəqəmsal infrastruktur və süni intellekt kimi istiqamətlər iqtisadiyyatın yeni mərhələsini formalaşdırır. Burada məqsəd enerji sektorunun əhəmiyyətini azaltmaq deyil. Məqsəd mövcud imkanlardan istifadə edərək daha çox sahədə dəyər yaratmaq, ixracı genişləndirmək və ölkənin uzunmüddətli inkişafını möhkəmləndirməkdir.
İnvestisiya mühitinin başqa bir vacib tərəfi ölkənin təhlükəsizliyidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni siyasi reallıq yaradıb. Bu tarixi nəticə xalqımızın milli iradəsini və dövlətimizin gücünü göstərdi. İndi Cənubi Qafqazda davamlı sabitlik və yeni iqtisadi əlaqələr üçün yaranan imkanların dəyərləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın prinsipial mövqeyi ilə açıq əməkdaşlıq siyasəti bir-birini tamamlayır: dövlətimiz milli maraqlarını qətiyyətlə qoruyur və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığa hazırdır.
Beynəlxalq investisiya forumunun Bakıda keçirilməsi də bu siyasətin ifadəsidir. Ölkəmizə gələn işgüzar dairələr Azərbaycanın imkanlarını yalnız təqdimatlardan öyrənmirlər. Onlar qurulmuş infrastrukturu, fəaliyyət göstərən layihələri, şəhərin və ölkənin inkişafını yerində görür, potensial tərəfdaşlarla birbaşa danışırlar. İnvestisiya qərarlarında şəxsi müşahidənin və birbaşa təmasın yaratdığı inamın xüsusi yeri var.
Azərbaycanın qarşısında yeni iqtisadi vəzifələr dayanır. Qeyri-neft ixracının artırılması, qabaqcıl texnologiyaların tətbiqi və ixtisaslı kadrların hazırlanması bu vəzifələrin mühüm hissəsidir. Lakin həmin hədəflərə çatmaq üçün zəruri olan əsas şərtlər artıq formalaşıb: siyasi sabitlik, maliyyə dayanıqlığı, təhlükəsizlik və etibarlı tərəfdaşlıq təcrübəsi. Prezident İlham Əliyevin forumdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan gələcəyin layihələrinə hazırlaşarkən keçdiyi inkişaf yolunun gücünə söykənir. Ölkəmizin ən böyük üstünlüklərindən biri də budur: Azərbaycan verdiyi sözün arxasında duran və müəyyən etdiyi hədəflərə doğru ardıcıl irəliləyən dövlətdir.
Ülvi Fərzəliyev,
YAP Neftçala rayon təşkilatının sədri