Cəbrayıl Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, xalqımızın yaddaşında işğalın ağır nəticələri, Vətən müharibəsində qazanılan Zəfər və Böyük Qayıdışın yeni mərhələsi ilə seçilir. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayılın 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi düşmən nəzarətinə keçmiş, rayonun sosial-iqtisadi həyatına və tarixi-mədəni irsinə ciddi zərər dəymişdi.
İşğaldan əvvəl Cəbrayıl rayonunda təhsil, səhiyyə, mədəniyyət, sənaye və kənd təsərrüfatı sahələri geniş inkişaf etmişdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayon zəngin təbii ehtiyatları ilə yanaşı, geniş sosial infrastruktura malik idi. İşğal nəticəsində bu potensialın böyük hissəsi məhv edildi, minlərlə Cəbrayıl sakini doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu.
Cəbrayılın azadlığına gedən yolda mühüm mərhələlərdən biri 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin azad edilməsi oldu. 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi isə bölgədə strateji imkanları genişləndirdi və sonrakı proseslər üçün mühüm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni səhifə açdı. Sentyabrın 27-dən etibarən rayonun kəndlərinin azad edilməsinə başlanıldı, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi işğaldan azad edildi. Ümumilikdə hərbi əməliyyatlar nəticəsində rayon ərazisində 1 şəhər və 90 kənd düşmən işğalından azad olundu.
Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunun Zəfər yürüşündə mühüm mərhələ olmaqla, digər istiqamətlərdə hərbi əməliyyatların aparılması üçün də yeni imkanlar yaratdı. Rayon ərazisində yerləşən Xudafərin körpülərinin nəzarətə götürülməsi və burada Azərbaycan bayrağının ucaldılması isə xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və rayonun azadlığı uğrunda döyüşlərdə iştirak etmiş 22 797 hərbi qulluqçu bu medalla təltif edildi.
Bu gün Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, yeni enerji və yol infrastrukturunun qurulması rayonun iqtisadi potensialının yenidən formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən layihələr Cəbrayılın həm regional iqtisadi əlaqələrdə, həm də istehsal və logistika sahəsində rolunun artırılmasına hesablanıb.
Cəbrayıl şəhərinin inkişafına dair Baş plan əsasında şəhərin müasir şəhərsalma prinsipləri ilə yenidən qurulması həyata keçirilir. Yeni yaşayış binaları, sosial obyektlər, yollar və ictimai məkanlar yaradılır. Bərpa prosesində şəhərin rahat və təhlükəsiz yaşayış mühiti, müasir infrastruktur və insanların gündəlik tələbatlarının təmin olunması əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Cəbrayılın bərpasının əsas məqsədlərindən biri illər əvvəl doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışını təmin etməkdir. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması ilə Böyük Qayıdış prosesinin şəhərdə yeni mərhələsi başladı. Bununla uzun illər davam edən məcburi köçkünlük dövrü tədricən geridə qalır.
Hazırda Cəbrayıl şəhəri ilə yanaşı, Horovlu və Şükürbəyli kəndlərində də yaşayış məskənləri formalaşıb və minlərlə insan doğma torpaqlarında məskunlaşıb. Yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Bu layihələr Cəbrayılın əhalisinin mərhələli şəkildə artırılmasına və şəhərin sosial həyatının tam şəkildə canlanmasına imkan yaradır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən edilib. Bu tarix Cəbrayılın işğaldan azad edilməsini, şəhərin yenidən qurulmasını və doğma sakinlərinin yurda qayıdışını özündə birləşdirən əlamətdar gün kimi qeyd olunur.
Cəbrayılın bugünkü siması artıq işğal və məcburi köçkünlük deyil, Zəfər, quruculuq və Böyük Qayıdışla xarakterizə olunur. Şəhərin yenidən dirçəlişi insanların doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, Qarabağda yeni həyatın və müasir inkişaf mərhələsinin formalaşmasına da xidmət edir.
Nurlan Həsənov
Milli Məclisin deputatı