Azərbaycanın müasir tarixində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi və ölkənin beynəlxalq aləmdə layiqli mövqeyinin formalaşdırılması mühüm tarixi mərhələlərdən biridir. Bu prosesdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik irsi xüsusi əhəmiyyət daşıyır.1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşıdakı ilk illərdə ciddi siyasi, iqtisadi və sosial çətinliklərlə üzləşdi. Dövlət idarəçiliyində yaranmış problemlər, siyasi qarşıdurmalar, iqtisadi böhran və hərbi-siyasi vəziyyət müstəqilliyin möhkəmləndirilməsi məsələsini daha da aktuallaşdırmışdı. Belə mürəkkəb şəraitdə dövlətin idarə olunmasında peşəkarlığın təmin edilməsi, ictimai-siyasi sabitliyin yaradılması və milli dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi qarşıda duran əsas vəzifələr idi.
Məhz belə bir tarixi şəraitdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkənin sonrakı inkişafında mühüm mərhələ oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin ilin oktyabrın 3-də isə keçirilən ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix müasir Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi yadda qaldı.
Prezident seçildikdən sonra Heydər Əliyevin qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın bərpası, dövlət institutlarının gücləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanırdı. Bu istiqamətlər üzrə həyata keçirilən siyasət dövlət quruculuğunun sistemli şəkildə aparılmasına zəmin yaratdı.Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasını Azərbaycanın müstəqil dövlət kimi öz taleyinin sahibi olması təşkil edirdi. O deyirdi:
“Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.”
Bu yanaşma müstəqilliyin yalnız dövlətin hüquqi statusu deyil, həm də siyasi, iqtisadi və sosial inkişaf yolunu müstəqil şəkildə müəyyənləşdirmək imkanına malik olması demək idi.
Heydər Əliyevin dövlətçilik siyasətində hüquqi dövlət prinsiplərinin formalaşdırılması xüsusi yer tuturdu. Bu istiqamətdə ən mühüm tarixi hadisələrdən biri 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi ilə qəbul edilməsi oldu.Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən fundamental sənəd kimi dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqları, dövlətin əsas prinsipləri və vətəndaş-dövlət münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirdi.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətində demokratik, hüquqi və dünyəvi dövlət prinsipləri əsas istiqamətlərdən birinə çevrildi. Qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi müstəqil dövlətin möhkəmləndirilməsinə xidmət edirdi.Ulu Öndər Azərbaycanın suverenliyini dövlətçilik siyasətinin əsas dəyərlərindən biri hesab edirdi. Onun sözləri ilə desək:
“Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir.”
Müstəqil dövlətin möhkəmlənməsi üçün siyasi sabitliklə yanaşı, güclü iqtisadiyyatın formalaşdırılması da mühüm şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və Azərbaycanın təbii resurslarından milli inkişaf naminə istifadə edilməsi istiqamətində mühüm addımlar atıldı.Bu siyasətin mühüm hadisələrindən biri 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Müqavilə Azərbaycanın enerji strategiyasının formalaşmasında, xarici investisiyaların ölkəyə cəlb edilməsində və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində mühüm mərhələ təşkil etdi.Enerji strategiyası sonrakı illərdə Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrinin inkişafına da təsir göstərdi. Ölkənin enerji və nəqliyyat layihələrində iştirakı Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirdi.Peşəkar idarəetmə yalnız iqtisadi göstəricilərlə məhdudlaşmırdı. Dövlət idarəçiliyində intizamın, məsuliyyətin, qanunçuluğun və strateji düşüncənin möhkəmləndirilməsi də əsas məqsədlərdən idi. Cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi, ictimai asayişin və təhlükəsizliyin təmin olunması dövlətin dayanıqlı fəaliyyətinin mühüm şərtlərindən biri kimi qəbul edilirdi.
Müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulması və ölkənin beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması idi.
Heydər Əliyevin xarici siyasət kursunda milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası mühüm istiqamətlər təşkil edirdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da bu siyasətin əsas istiqamətlərindən biri idi. Xarici dövlətlərlə diplomatik münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq tədbirlərdə iştirak və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə xidmət edirdi.
Ulu Öndər Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi mövqeyini belə ifadə etmişdi:
“Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur.”
Bu fikir müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz siyasi iradəsi və milli maraqları ilə çıxış etməsinin əhəmiyyətini göstərirdi.
Heydər Əliyevin dövlətçilik irsində Azərbaycanın dövlət müstəqilliyinin qorunması xüsusi yer tuturdu. Onun 7 may 1997-ci ildə İzmir şəhərində söylədiyi fikirlər bu baxımdan diqqət çəkir:
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.”
Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərini bir-birindən ayrı təsəvvür etmək çətindir. Milli dövlətçilik, siyasi sabitlik, hüquqi dövlət, iqtisadi inkişaf, peşəkar idarəetmə və beynəlxalq inteqrasiya vahid dövlətçilik konsepsiyasının bir-birini tamamlayan istiqamətləri kimi çıxış edirdi.
Ulu Öndərin 1996-cı ildə söylədiyi “xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq” fikri müstəqilliyin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini aydın şəkildə ifadə edir.
Heydər Əliyevin dövlətçilik baxışında müstəqillik böyük tarixi nailiyyət olmaqla yanaşı, həm də gələcək nəsillərə ötürülməli olan mühüm milli dəyər idi. O, Azərbaycanın gələcəyini məhz müstəqillik, dövlətçilik və milli maraqlar üzərində qurulan inkişaf yolunda görürdü.
Bu baxımdan onun “Azərbaycan üçün dövlət müstəqilliyi tarixi nailiyyətdir, ən böyük sərvətdir” fikri xüsusi məna daşıyır.
Sürəyya Qasımova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədrinin müavini,
Naxçıvan şəhər 7 saylı körpələr evi-uşaq bağçasının əməkdaşı