PDF Oxu

Siyasət

  • 698

3 oktyabr 1993-cü il Azərbaycanın xilas salnaməsidir - ŞƏRH

image

Azərbaycanın müasir dövlətçilik tarixində 3 oktyabr 1993-cü il xalqımızın taleyində dönüş nöqtəsi, ölkəmizin xilas və qurtuluş simvolu olan müqəddəs bir tarixdir. Həmin gün Azərbaycan xalqı böyük əksəriyyətlə Ümummilli Lider Heydər Əliyevi Respublikanın Prezidenti seçməklə öz gələcəyinə, sabitliyə və inkişafa səs verdi. Bu seçki sadəcə siyasi hakimiyyət dəyişikliyi deyil, anarxiyanın, vətəndaş qarşıdurmasının və parçalanmaq təhlükəsinin eşiyində olan bir dövlətin xilası uğrunda tarixi zərurət idi. Müstəqilliyimizin ilk illərində baş verən ağır sınaqlar fonunda xalqın iradəsi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət ölkəni məhv olmaq təhlükəsindən qurtararaq, sivil və güclü Azərbaycan dövlətinin təməlini qoydu.

1990-cı illərin əvvəlləri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün ağır sınaqlar, dərin siyasi, iqtisadi və hərbi böhranlar dövrü idi. SSRİ-nin süqutundan sonra yaranmış geosiyasi boşluq, səriştəsiz və təcrübəsiz hakimiyyətin apardığı səhv daxili və xarici siyasət ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız bir-inin ardınca işğal olunur, qaçqın və məcburi köçkünlərin sayı gündən-günə artır, cəbhədə isə pərakəndəlik hökm sürürdü. Daxildə baş qaldıran separatçılıq meylləri, qanunsuz silahlı birləşmələrin özbaşınalığı və hakimiyyət uğrunda aparılan çəkişmələr Azərbaycanı vətəndaş müharibəsi və parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. İqtisadiyyat tamamilə çökmüş, hiperinflyasiya əhalinin sosial vəziyyətini ağırlaşdırmış, xalq hər an sabaha olan ümidini itirmək təhlükəsi ilə qarşılaşmışdı.

Belə bir məqamda xalqın yeganə xilaskarı kimi məhz Naxçıvan Muxtar Respublikasında Ali Məclisə rəhbərlik edən, uzaqgörənliyi və qətiyyəti ilə hər zaman seçilən Ümummilli Lider Heydər Əliyev görünürdü. Xalqın təkidli tələbi və istəyi ilə 1993-cü ilin yayında Bakıya dəvət olunan Heydər Əliyev əvvəlcə Ali Sovetin Sədri seçildi, ölkədəki qardaşlaşma təhlükəsinin qarşısını almaq üçün misilsiz səylər göstərdi.

3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqı öz taleyini məhz Heydər Əliyevə etibar etdi. Respublika əhalisinin mutləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dahi şəxsiyyət ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində qətiyyətli addımlar atmaya başladı. Hakimiyyətə gəlişi ilə ilk növbədə daxildəki qanunsuz silahlı dəstələr ləğv olundu, separatçılıq ocaqlarının qarşısı qətiyyətlə alındı və dövlətçiliyin əsas sütunları bərpa edildi. "Əks-inqilab" və dövlət çevrilişi cəhdlərinin qarşısı alınaraq hüquq-mühafizə sistemində nizam-intizam yaradıldı.

Sabitliyin təmin olunmasından sonra ölkənin beynəlxalq müstəvidə təcrid olunmasının aradan qaldırılması istiqamətində genişmiqyaslı diplomatik işlərə başlandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın neft strategiyası reallaşdırıldı, ölkəmizə xarici sərmayələr cəlb olunmağa başlandı və qlobal iqtisadi layihələrin təməli qoyuldu. Heydər Əliyevin həyata keçirdiyi bu uzaqgörən siyasət qısa müddət ərzində iqtisadi dirçəlişi təmin etdi, ordunun quruculuğu sahəsində mühüm nailiyyətlərə yol açdı və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu bərpa etdi.

Həmin tarix Azərbaycanın yaxın tarixinin ən şərəfli və dönüş nöqtəsi olan səhifələrindən biridir. Həmin gün xalqımız öz müdrik seçimi ilə yalnız bir dövlət başçısı deyil, həm də əsl xilaskar, böyük dövlət xadimi və Azərbaycanın gələcəyini xilas edən lideri seçdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz üzərində qara buludlar kimi əsən təhlükələr birdəfəlik dağıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı və cəmiyyətdə əmin-amanlıq bərqərar oldu.

Heydər Əliyevin gərgin əməyi, dəmir iradəsi və uzaqgörən siyasəti sayəsində qısa müddət ərzində dövlətçilik institutları yenidən quruldu, hüquqi və demokratik dövlət quruculuğunun təməli qoyuldu. Ölkənin daxilində sabitlik təmin olunduqdan sonra Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu, qlobal miqyaslı iqtisadi və enerji layihələrinin mərkəzinə çevrildi. "Əsrin müqaviləsi" ilə başlanan iqtisadi inkişaf strategiyası Azərbaycanın qüdrətini artırdı, güclü ordu quruculuğunun əsasını qoydu və bu gün Zəfərlə taclanan böyük gələcəyin yolunu açdı.

Bu gün hər bir azərbaycanlı 3 oktyabr tarixini qürurla və dərin minnətdarlıqla xatırlayır. Ümummilli Liderin təməlini qoyduğu müdrik siyasi xətt bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin ideyaları əsasında inkişaf edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müasir Azərbaycan hər zaman güclü, müstəqil və qüdrətli olacaqdır.

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər