Cəbrayıl Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və Vətənə bağlılığını özündə yaşadan bölgələrdən biridir. Bu torpaq həm Birinci Qarabağ müharibəsində ağır sınaqlardan keçib, həm də 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində mühüm strateji əhəmiyyət daşıyan istiqamətlərdən biri olub. Bu gün Cəbrayıl artıq işğalın və dağıntının deyil, azadlığın, quruculuğun, Böyük Qayıdışın və yeni inkişaf mərhələsinin ünvanıdır. Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı 23 avqust 1993-cü ildə baş verib. İşğaldan əvvəl rayonun ərazisi 1050 kvadrat kilometr olub, burada 1 şəhər, 4 qəsəbə və 92 kənd yerləşib. İşğal nəticəsində yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və tarixi abidələr dağıdılıb, rayon əhalisi doğma yurdlarından məcburi köçkün düşüb. Müdafiə Nazirliyinin məlumatında işğal nəticəsində 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə və 150 mədəniyyət ocağının dağıdıldığı bildirilir. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də işğal olunmuş ərazilərin azad edilməsi, ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin olunması olub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun bir sıra yaşayış məntəqələri sentyabrın 27-dən etibarən azad edildi. Cəbrayılın azad edilməsi yalnız hərbi baxımdan mühüm hadisə deyildi. Bu, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışına yol açan böyük tarixi dönüş idi. Cəbrayılın azadlığı ilə bu torpaqlarda yenidən həyatın qurulmasının təməli qoyuldu.
Cəbrayılın azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, əhalinin təhlükəsiz şəkildə doğma torpaqlarına qaytarılması, müasir infrastrukturun yaradılması idi. İşğaldan azad edilmiş ərazilərdə ilk növbədə minalardan və partlamamış hərbi sursatlardan təmizləmə işlərinin aparılması böyük əhəmiyyət daşıyırdı. Bununla paralel olaraq yolların, elektrik və su xətlərinin, sosial obyektlərin və yaşayış məhəllələrinin yaradılmasına başlanıldı. Cəbrayılın bərpası sadəcə dağıdılmış binaların yenidən tikilməsi kimi qiymətləndirilə bilməz. Məqsəd burada müasir şəhər infrastrukturu yaratmaq, insanlara rahat yaşayış şəraiti təmin etmək, iqtisadi fəallığı artırmaq və Cəbrayılı regionun inkişaf edən mərkəzlərindən birinə çevirməkdir. Cəbrayılın yenidən qurulmasının ən mühüm istiqamətlərindən biri yaşayış məhəllələrinin salınmasıdır. İlk yaşayış kompleksinin təməli 2021-ci ildə qoyulub. Sonrakı illərdə burada çoxmənzilli binaların inşası həyata keçirilib. 2024-cü ilin oktyabrında Cəbrayıl şəhərində yeni yaşayış kompleksinin açılışı keçirilib. Birinci yaşayış məhəlləsində 33 çoxmənzilli bina və 712 mənzil nəzərdə tutulub. Yaşayış əraziləri ilə yanaşı, sosial infrastrukturun yaradılması da layihənin tərkib hissəsidir. 2025-ci il oktyabrın 28-də isə Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub. İkinci kompleksdə 23 binada 615 mənzilin, üçüncü kompleksdə isə 25 binada 746 mənzilin inşası planlaşdırılıb. Hər iki kompleksin müasir sosial infrastrukturla təmin olunması nəzərdə tutulub. Cəbrayıl rayonunun kəndlərinin də mərhələli şəkildə bərpası həyata keçirilir. Horovlu kəndinin birinci mərhələsində 334 fərdi ev, 624 şagird yerlik məktəb, 220 yerlik körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, bazar kompleksi və digər obyektlər yaradılıb. Kənddə işğal zamanı dağıdılmış kəhrizlərin bərpası da həyata keçirilib. Cəbrayılın bərpası yalnız müasir binaların inşası ilə məhdudlaşmır. Rayonun tarixi və mədəni irsinin bərpası da mühüm istiqamətdir.
İşğaldan əvvəl Cəbrayıl rayonunda məscidlər, ziyarətgahlar və tarixi-memarlıq abidələri mövcud olub. İşğal dövründə bu irsin mühüm hissəsi dağıdılıb. 2025-ci il oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməli qoyulub. Layihəyə əsasən məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq və eyni vaxtda 615 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq. Bu gün Cəbrayılın mənzərəsi 2020-ci ilin oktyabrında görülən mənzərədən tamamilə fərqlənir. Bir zamanlar dağıntılar içində olan şəhərdə yaşayış binaları, məktəb, yollar, enerji infrastrukturu və digər obyektlər yaradılır. Rayonun kəndlərində yeni evlər tikilir, sosial obyektlər istifadəyə verilir, sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini