01 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Poylu kənd”, “Aşağı Kəsəmən kənd”, “Zəlimxan kənd” və “Qıraq Kəsəmən kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “4 oktyabr - Cəbrayıl şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev qeyd edib ki, Cəbrayıl rayonu Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, zəngin tarixi, milli-mənəvi dəyərləri və qədim ənənələri ilə seçilən yurd yerlərimizdən biridir. Uzun illər işğal altında qalan Cəbrayıl 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində azadlığına qovuşdu. Bu tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu.
Tədbirdə çıxış edən digər natiqlər – Poylu kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Elsevər Rzayev, “Aşağı Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri Vüqar Qasımov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, bu gün azad Cəbrayıl sürətlə yenidən qurulur, abadlaşdırılır və öz doğma sakinlərini qarşılamağa hazırlaşır. Həyata keçirilən genişmiqyaslı layihələr regionun sosial-iqtisadi inkişafına, müasir infrastrukturun formalaşdırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına xidmət edir. Cəbrayıl yaxın illərdə regionun inkişaf edən, müasir və firavan şəhərlərindən birinə çevriləcək, öz tarixi simasını və milli ruhunu qoruyaraq gələcək nəsillərə ötürəcəkdir.