PDF Oxu

Siyasət

  • 770

Azərbaycanın xilas, sabitlik və tərəqqi salnaməsi - ŞƏRH

image

3 oktyabr 1993-cü il tarixi müstəqil Azərbaycanın ictimai-siyasi salnaməsinə qızıl hərflərlə yazılmış həlledici mərhələdir. Həmin dövrdə ölkənin üzləşdiyi ağır böhranlar, təhlükəlөr və idarəetmədəki boşluq fonunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin xilası istiqamətində atılmış yeganə çıxış yolu idi. Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən Ulu Öndər dərhal ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmiş, xalqı vahid amal ətrafında birləşdirmişdir.

Ulu Öndər Heydər Əliyev fenomeni təkcə bir siyasi liderin fəaliyyəti deyil, bütöv bir xalqın taleyini dəyişən qlobal idarəetmə məktəbidir. Siyasi idarəetmədə planlama və uzaqgörənlik prinsipi məhz bu dövrdə sistemli xarakter aldı.Ulu Öndər hər bir addımı, qərarı və strateji hədəfi illər öncədən hesablayaraq, dövlət idarəçiliyində xaosu əvəz edən dəqiq mexanizmlər formalaşdırdı. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin gələcək onilliklər ərzində qazanacağı uğurların təməlini qoydu.

Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etmişdir. Bu təməllərin özəyini təşkil edən prinsiplər onun məşhur kəlamında ən dolğun ifadəsini tapmışdır: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.” Ulu Öndərin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi məhz insan hüquq və azadlıqlarının aliliyinə, qanunun aliliyinə və cəmiyyətin dünyəvi inkişafına söykənir. Bu strateji xətt müstəqil Azərbaycanın gələcək inkişafının ideoloji təməlini təşkil edir.

Həyata keçirilən genişmiqyaslı islahatların kulminasiya nöqtəsi kimi, ölkənin demokratik quruluş və inkişaf yolunu müəyyən etmiş Konstitusiya qəbul olundu. Bu ali qanunvericilik aktı cəmiyyətdə insan hüquq və azadlıqlarının aliliyini təmin etməklə yanaşı, hakimiyyət qollarının balansını və vətəndaş cəmiyyətinin formalaşmasını hüquqi müstəviyə keçirdi.

Bu gün Ümummilli Liderin dəyişməz siyasi kursu Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilir. Daxili sabitlik və güclü iqtisadi təməllər üzərində qurulan dövlətçilik xətti xarici siyasətdə də öz bəhrəsini verməkdədir. Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı sayəsində Azərbaycan qlobal müstəvidə etibarlı tərəfdaş, regional layihələrin təşəbbüskarı və söz sahibinə çevrilmişdir. Respublika dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan əlaqələr quraraq milli maraqlarını qətiyyətlə qoruyur.

3 oktyabr 1993-cü il tarixindən başlanan bu şərəfli yol sabitlikdən tərəqqiyə, güclü dövlətçilikdən qlobal nüfuza gedən strateji xəttdir. Ulu Öndərin müəyyənləşdirdiyi prinsiplərə sadiqlik bu gün də Azərbaycanın parlaq gələcəyinin, təhlükəsizliyinin və davamlı inkişafının ən əsas zəmanətidir.

Vüsal Eminbəyli,

AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər