Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq ölkəmizin keçdiyi tarixi yolun mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, Azərbaycanın bugünkü reallıqlarının hansı siyasi və dövlətçilik proseslərinin nəticəsi olduğunu aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışında YAP-ın 30 ildən artıq fəaliyyətinin Azərbaycanın siyasi həyatında rolu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eləcə də qarşıda duran vəzifələr geniş yer aldı.
VIII Qurultayın əvvəlki qurultaylardan fərqləndirən əsas xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıqda keçirilməsidir. 2020-ci ildəki Zəfərdən sonra yaranan reallıqların bu gün beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycanın keçdiyi yolun miqyasını göstərir. Bu yolun ən mühüm nəticələrindən biri 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır.
44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müharibə zamanı ölkəyə müxtəlif istiqamətlərdən təzyiqlər göstərilsə də, Azərbaycan öz yolundan dönmədi. Dövlət-xalq birliyi bu sınağın ən mühüm dayaqlarından biri oldu. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi.” Bu birlik, güclü ordu və siyasi iradə Azərbaycanın tarixi Zəfərini şərtləndirən əsas amillər sırasında idi.
8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabr da Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatizmə son qoyuldu, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Beləliklə, 2020-ci ildə başlanmış yeni mərhələ öz məntiqi nəticəsinə çatdı.
Prezident İlham Əliyev Azərbaycanın bu qələbəsinin köklərini daha əvvələ – 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis qurultayına bağlayaraq, “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır” fikrini səsləndirdi. Bu yanaşma YAP-ın yaranmasını yalnız siyasi təşkilatın formalaşması deyil, Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşməsi baxımından mühüm hadisə kimi önə çıxarır.
1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır vəziyyətlə üz-üzə idi. Dövlət idarəçiliyində böhran, siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ölkənin gələcəyi üçün ciddi təhlükələr yaradırdı. Məhz belə bir şəraitdə Azərbaycanın taleyini düşünən insanların Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməsi tarixi zərurətə çevrildi. Naxçıvanda keçirilən təsis qurultayı isə həmin ictimai-siyasi prosesin mühüm nəticəsi oldu.
Dövlət başçısının çıxışında Ulu Öndərin həmin illərdə Azərbaycanda olmamasının yaratdığı tarixi nəticələrə də münasibət bildirildi. Prezident İlham Əliyevin “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın” fikri Ulu Öndərin dövlətçilik prinsipinin əsas mahiyyətini ifadə edir. Heydər Əliyevin siyasi irsində Azərbaycanın ərazi bütövlüyünün qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi başlıca istiqamətlərdən idi.
1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin tarixində dönüş mərhələsi yaratdı. Dövlət idarəçiliyində sabitlik bərpa edildi, Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, iqtisadi inkişaf üçün yeni imkanlar yarandı. Prezidentin qurultayda diqqətə çatdırdığı mühüm məsələlərdən biri də həmin dövrdə Azərbaycanın beynəlxalq təcriddən çıxmaq və öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq qarşısında duran vəzifələr idi.
Bu istiqamətdə aparılan ardıcıl siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi diplomatik mübarizənin mühüm nəticələrindən oldu. İqtisadi sahədə isə xarici sərmayənin cəlb olunması, neft strategiyasının həyata keçirilməsi və ölkənin maliyyə imkanlarının genişləndirilməsi gələcək inkişafın möhkəm təməlini formalaşdırdı.
2003-cü ildən etibarən bu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirildi. Ölkənin iqtisadi imkanları genişləndi, ordu quruculuğuna xüsusi diqqət yetirildi, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Ərazi bütövlüyünün bərpası dövlət siyasətinin əsas strateji məqsədlərindən biri kimi qarşıda saxlanıldı və son nəticədə bu məqsəd reallaşdı.
Bu baxımdan Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın qələbəsini yalnız 44 günlük müharibənin nəticəsi kimi deyil, uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və hərbi potensialın məntiqi nəticəsi kimi təqdim edir. 1992-ci ildə siyasi təşkilatlanma, 1993-cü ildən dövlətçiliyin möhkəmləndirilməsi, sonrakı illərdə iqtisadi və hərbi gücün artırılması, nəhayət, 2020-ci il Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası vahid tarixi prosesin bir-birini tamamlayan mərhələləridir.
Bu gün isə Azərbaycanın qarşısında yeni mərhələnin vəzifələri dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın davam etdirilməsi, azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, insanların doğma torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin mühüm istiqamətləridir. Eyni zamanda dəyişən dünyada Azərbaycanın təhlükəsizliyinin qorunması, müdafiə imkanlarının daim gücləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri beləliklə, 1992-ci ildən bu günədək Azərbaycanın keçdiyi siyasi yolu bir cümlədə ifadə edən əsas tezis kimi diqqəti cəlb edir. Bu fikir həm keçmişə verilən siyasi qiyməti, həm də müasir dövrün qarşıya qoyduğu məsuliyyəti özündə birləşdirir: əldə olunmuş nəticələri qorumaq, dövlətin imkanlarını daha da möhkəmləndirmək və Azərbaycanın inkişafını yeni mərhələdə davam etdirmək.
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri