PDF Oxu

Siyasət

  • 482

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Böyük Zəfərdən Böyük Qayıdışa - ŞƏRH

image

Cəbrayılın işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının şanlı Zəfər tarixinin mühüm səhifələrindən birini təşkil edir. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi 27 illik işğala son qoyulması ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş tarixi nailiyyətlərdən biri oldu. Bu tarixi Qələbə Azərbaycan Ordusunun gücünü, xalqımızın milli iradəsini və dövlətimizin qətiyyətli siyasətini bütün dünyaya nümayiş etdirdi.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər rayonun ərazisi 1050 kvadrat kilometr, əhalisi isə 52 min nəfər təşkil edirdi. Rayonun tərkibində 1 şəhər, 4 qəsəbə və 92 kənd vardı. İşğal nəticəsində Cəbrayılın yaşayış məntəqələri, sosial-iqtisadi infrastrukturu və zəngin tarixi-mədəni irsi böyük dağıntılara məruz qaldı.
İşğaldan əvvəl Cəbrayıl Azərbaycanın inkişaf etmiş rayonlarından biri idi. Burada üzümçülük, taxılçılıq, heyvandarlıq, baramaçılıq və digər kənd təsərrüfatı sahələri geniş inkişaf etmişdi. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, quşçuluq fabriki, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi fəaliyyət göstərirdi. Təhsil, səhiyyə və mədəniyyət sahələrində də mühüm nailiyyətlər əldə olunmuşdu. 72 ümumtəhsil məktəbində 1660-dan çox müəllim çalışır, səhiyyə müəssisələrində yüzlərlə tibb işçisi əhaliyə xidmət göstərirdi.
Erməni işğalı Cəbrayılın tarixi-mədəni irsinə də böyük zərər vurdu. Rayonun ərazisində yerləşən qədim abidələr, məqbərələr, türbələr, məscidlər və digər tarixi tikililər dağıdıldı. Xudafərin körpüləri, “Qız qalası”, “Başıkəsik Gümbəz”, Çələbilər kəndindəki məscid kompleksi, “Sultan Məcid hamamı”, “Dairəvi Türbə” və digər qiymətli tarixi irs nümunələri erməni vandalizminin qurbanına çevrildi. İşğalın ağır nəticələrindən biri də Cəbrayıl sakinlərinin doğma yurdlarından məcburi köçkün düşməsi idi. Minlərlə ailə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşaraq uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadı. Lakin Azərbaycan dövləti və xalqı heç vaxt bu torpaqların işğalını qəbul etmədi, ərazi bütövlüyümüzün bərpası əsas milli məqsədlərdən biri olaraq qaldı.
Cəbrayılın azadlığına aparan yol 1994-cü il yanvarın 5-də Cocuq Mərcanlı kəndinin azad edilməsi ilə mühüm mərhələyə qədəm qoydu. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi isə Cocuq Mərcanlının təhlükəsizliyini təmin etdi və burada həyatın yenidən qurulmasına imkan yaratdı. Cocuq Mərcanlıda aparılan quruculuq işləri sonradan Böyük Qayıdış prosesinin ilk nümunələrindən birinə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyində tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də bir sıra yaşayış məntəqələri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun digər kəndləri işğaldan azad edildi.
Cəbrayıl əməliyyatı hərbi baxımdan son dərəcə mürəkkəb və strateji əhəmiyyətli idi. Düşmən rayon ərazisində bir neçə müdafiə xəttindən ibarət güclü istehkamlar qurmuşdu. Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq və fədakarlıq göstərərək bu istehkamları yarıb keçdilər. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun sonrakı uğurlu hərbi əməliyyatları üçün geniş imkanlar yaratdı. Bu Zəfərdən sonra Xocavəndin cənub kəndləri və Hadrut istiqamətində əməliyyatlar həyata keçirildi, daha sonra Zəngilan, Qubadlı və Laçının cənub hissəsi azad edildi.
Cəbrayılın azad edilməsinin ən mühüm rəmzlərindən biri Xudafərin körpüsündə Azərbaycan Bayrağının ucaldılması oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 16-da Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltması xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Bu hadisə Azərbaycanın dövlətçilik tarixinin və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrildi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də Zəfər tariximizin əbədiləşdirilməsi baxımından mühüm addım oldu. Həmin Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən edildi.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq proqramlarının mühüm istiqamətlərindən biri də Cəbrayıl rayonudur. Dövlətimizin başçısının tapşırığı ilə burada müasir şəhər və kəndlər, yeni yollar, enerji infrastrukturu, sosial obyektlər və sənaye müəssisələri yaradılır.
2021-ci il oktyabrın 4-də Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyuldu. 200 hektar ərazini əhatə edən sənaye parkı regionun iqtisadi potensialının artırılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda parkda artıq sahibkarlıq subyektlərinin fəaliyyəti üçün şərait yaradılıb.
Cəbrayıl Azərbaycanın yaşıl enerji siyasətinin həyata keçirildiyi əsas məkanlardan birinə çevrilir. “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi, “Şəfəq” yarımstansiyasının yaradılması, “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlinin qoyulması rayonun enerji potensialının gələcəkdə daha da artırılacağını göstərir.
Nəqliyyat infrastrukturu da sürətlə yenilənir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu və digər layihələr Cəbrayılın Qarabağın və Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilməsinə imkan yaradacaq.
Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq olunması şəhərin gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsinə imkan yaradır. Baş plana əsasən, şəhərdə müasir yaşayış məhəllələri, sosial obyektlər, ictimai məkanlar və digər infrastruktur yaradılacaq. 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 min sakinin yaşaması proqnozlaşdırılır.
Rayonun kəndlərində də Böyük Qayıdışa uyğun olaraq yeni yaşayış məntəqələri salınır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır. Horovlu və Şükürbəyli kəndlərinin istifadəyə verilməsi, insanların doğma yurdlarına köçürülməsi bu prosesin artıq real nəticələr verdiyini göstərir.
Cəbrayılın bərpasının ən mühüm göstəricisi insanların doğma torpaqlarına qayıtmasıdır. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması Böyük Qayıdış tarixində mühüm hadisə oldu.
2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə – 2974 nəfər, Horovlu kəndində 321 ailə – 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə – 2749 nəfər olmaqla, ümumilikdə 1600 ailə, 7022 nəfər artıq doğma torpaqlarında məskunlaşıb.
Bu rəqəmlər yalnız statistik göstəricilər deyil. Bu rəqəmlər 27 illik həsrətin, məcburi köçkünlük həyatının başa çatmasının, insanların ata-baba yurdlarına qayıdışının ifadəsidir. Bu gün Cəbrayıl şəhərində və kəndlərində yeni həyat qurulur, uşaqlar məktəblərə gedir, ailələr öz evlərinə köçür, istehsal və sahibkarlıq fəaliyyəti genişlənir.
Prezident İlham Əliyevin Cəbrayıl rayonuna çoxsaylı səfərləri bu əraziyə göstərilən yüksək dövlət diqqətinin bariz nümunəsidir. Dövlətimizin başçısının iştirakı ilə burada yolların, yaşayış komplekslərinin, məktəblərin, enerji və sənaye obyektlərinin təməli qoyulub, bir sıra mühüm layihələr istifadəyə verilib.
Beləliklə, Cəbrayıl bu gün yalnız işğaldan azad edilmiş rayon deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin, Böyük Qayıdış siyasətinin və milli quruculuq əzminin parlaq nümunəsidir.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu gün biz Cəbrayıl uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qəhrəman Azərbaycan əsgərinin göstərdiyi şücaəti yüksək qiymətləndiririk.
Cəbrayılın bugünkü siması bir daha göstərir ki, Azərbaycan xalqının milli iradəsi, dövlətimizin qüdrəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər tarixi ədaləti bərpa etməklə yanaşı, azad edilmiş torpaqlarda yeni və firavan həyatın əsasını qoyub.
Cəbrayılın azadlığı Zəfərimizin, dirçəlişi isə Böyük Qayıdışımızın rəmzidir. Bu gün Cəbrayıl öz doğma sakinlərini qoynuna alaraq gələcəyə inamla addımlayır.

Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər