Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. 2020-ci ilin bu şanlı tarixində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini düşmən tapdağından azad edərək Vətən müharibəsində böyük strateji Zəfərin təməlini qoydu. Cəbrayılın azad edilməsi təkcə hərbi müstəvidə dönüş nöqtəsi deyil, həm də otuz illik işğal dövründə törədilən misli görünməmiş dağıntıların, mənəvi, maddi və ekoloji terrorun mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün mühüm platformadır.
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu otuz il boyunca misli görünməmiş barbarlıq və vandalizm aktına məruz qaldı. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 və 884 sayılı qətnamələrinə məhəl qoymayan erməni hərbi-siyasi rejimi, bu torpaqlarda Azərbaycan xalqının otuz əsrlik tarixi, mədəni və maddi irsini sistemli şəkildə silməyə çalışdı.
Cəbrayıl şəhəri və rayonun 90-dan çox kəndi tamamilə yerlə-yeksan edildi. Şəhərdə tək bir bütöv bina, sosial obyekt və ya məktəb saxlanılmadı; mülki əhalinin evləri talan olundu, tikinti materialları, hətta evlərin daşları və bünövrələri sökülərək Ermənistana daşındı və satıldı. Dövlətimizin başçısı Cəbrayıla ilk səfərində bu vahiməli mənzərəni "Xirosima və Naqasakidən də betər" adlandıraraq vandalizmin dəhşətli miqyasını bütün dünyaya nümayiş etdirdi.
Bu barbarlıq təkcə yaşayış binaları ilə məhdudlaşmadı. Cəbrayıl ərazisində yerləşən unikal tarixi-dini abidələr, qədim məscidlər, türbələr, kurqanlar və karvansaralar qəsdən məhv edildi. Məscidlərimiz təhqir edilərək tövləyə çevrildi, orada donuz və mal-qara saxlanıldı. Mədəniyyət ocaqlarımız, o cümlədən 20 mindən çox nadir eksponatı, qədim sikkələri, xalçaları və arxeoloji tapıntıları olan Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi tamamilə qarət edildi. Şərq memarlığının möhtəşəm abidəsi olan qədim Xudafərin körpüləri ətrafındakı tarixi-təbii mühit pozuldu, abidə işğalçıların qanunsuz əməllərinin canlı şahidinə çevrildi.
İşğalçı rejimin törətdiyi digər ağır cinayət isə dəhşətli ekoloji terror və kütləvi minamalaşdırma fəaliyyəti oldu. Rayonun əsrlik çinar ağacları, nadir meşə zolaqları, mineral su bulaqları və təbii ehtiyatları tamamilə istismar olunaraq məhv edildi. Cəbrayıl torpaqları otuz il ərzində yüz minlərlə mina və partlamamış hərbi sursatla çirkləndirilərək mülki insanlar üçün "ölüm zonası"na çevrildi. Bütün bunlar Ermənistanın yürütdüyü siyasətin təkcə hərbi deyil, həm də insani və ekoloji vandalizm olduğunu sübut edir.
Lakin bütün bu barbarlığa, dağıntılara və otuz illik həsrətə baxmayaraq, Cəbrayıl bu gün öz həqiqi sahiblərinin qucağında xarabalıqlar içindən yenidən doğulur. Tarixi Xudafərin körpüsündə ucalan üçrəngli bayrağımız xalqımızın yenilməz ruhunun, dəyanətinin və tarixi ədalətin bərpasının rəmzi kimi dalğalanır.
Bu gün Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı inşa olunur, müasir nəqliyyat-logistika infrastrukturu, "ağıllı" kəndlər və modern yaşayış kompleksləri salınır. Soydaşlarımızın mərhələli şəkildə öz doğma yurdlarına qayıdışı göstərir ki, düşmən neçə il məhv etməyə çalışsa da, bu torpaqların sahiblərinin quruculuq əzmini, Vətən sevgisini və dirçəliş ruhunu heç vaxt söndürə bilmədi. Cəbrayıl Şəhəri Günü – həm törədilən erməni vandalizmini unutmamaq, həm də Azərbaycan dövlətinin qüdrətini, Zəfərimizin və Böyük Qayıdışımızın əbədiliyini bütün dünyaya nümayiş etdirmək günüdür.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri