Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin, bərpa olunan ərazi bütövlüyü və suverenliyin, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin müzakirə olunduğu mühüm siyasi platforma kimi diqqəti cəlb etdi. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yoluna və yeni mərhələdə qarşıda dayanan vəzifələrə geniş baxış təqdim etdi.
VIII Qurultayın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu tədbir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi reallıq şəraitində keçirilir. Prezident İlham Əliyev çıxışının əvvəlində xüsusi vurğuladı ki, YAP qurultayı ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilir. Bununla VII Qurultayla VIII Qurultay arasında keçilən tarixi məsafənin mahiyyəti aydın görünür: VII Qurultay 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən cəmi bir neçə ay sonra, VIII Qurultay isə artıq ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunduğu mərhələdə keçirilir.
Bu mənada VIII Qurultay Azərbaycanın yeni siyasi mərhələsinin mühüm göstəricilərindən biridir. 2020-ci il 8 Noyabr Zəfəri ilə başlayan proses 2023-cü il 20 Sentyabr hadisələri ilə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası mərhələsinə çatdı. Prezident İlham Əliyev çıxışında 8 Noyabr və 20 Sentyabr tarixlərinin xüsusi əhəmiyyətini vurğulayaraq hər iki hadisəni Azərbaycanın müasir tarixində mühüm hərbi-siyasi nəticə kimi təqdim etdi.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın Zəfərinin yalnız 2020-ci ildən başlayan proses kimi deyil, daha uzunmüddətli dövlətçilik və siyasi strategiyanın nəticəsi kimi təqdim olunmasıdır.
Dövlət başçısı Azərbaycanın qələbələrinin başlanğıcını 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə əlaqələndirdi. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan cəmiyyətinin dövlətin taleyini düşünən insanları Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmiş və YAP-ın yaradılması Azərbaycanın gələcək qələbələrinə yol açmışdı.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş mərhələsi kimi təqdim edildi. Prezident İlham Əliyev həmin dövrü ağır iqtisadi vəziyyət, ərazi itkiləri, separatçılıq, dövlət çevrilişi cəhdləri və humanitar problemlərlə səciyyələndirdi. O dövrdə dövlətçiliyin qorunması, iqtisadi əsasların formalaşdırılması və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi qarşıda duran əsas məsələlər sırasında idi.
VIII Qurultayda Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və həmin irsin müasir mərhələdə davam etdirilməsinə həsr olunub.
Dövlət başçısının çıxışında vurğuladığı kimi, Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin əsas istiqamətləri müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi kimi təqdim olunur. Prezident İlham Əliyev bu siyasi xəttin 2003-cü ildən sonra da davam etdirildiyini və gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2003-cü ildə Prezident seçilərkən qarşıya qoyulan əsas vəzifələrdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. 2020-ci il Vətən müharibəsində əldə edilmiş Zəfər və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində bu məqsədin həyata keçirildiyi vurğulandı.
Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinə dair ən konkret mesajlardan biri ideoloji işin yeni üsullarla qurulması ilə bağlı oldu.
Dövlət başçısı şablonlardan və formal xarakter daşıyan tədbirlərdən uzaqlaşmağın, yeni və müasir ideoloji işlərin aparılmasının vacibliyini bildirdi. Azərbaycan reallıqlarının geniş informasiya məkanında və Azərbaycan dilində vətəndaşlara çatdırılmasının əhəmiyyətini xüsusi vurğuladı.
Bu, YAP-ın qarşısında yeni kommunikasiya və informasiya vəzifələrinin dayandığını göstərir. Müasir cəmiyyətdə siyasi təşkilatın fəaliyyəti yalnız toplantılar, konfranslar və ənənəvi təşkilati tədbirlərlə məhdudlaşmır. Sosial media, rəqəmsal platformalar və yeni informasiya texnologiyaları cəmiyyətlə əlaqənin mühüm vasitələrinə çevrilib.
Bu baxımdan partiya fəallarının qarşısında duran əsas məsələlərdən biri ölkədə baş verən proseslər barədə ictimaiyyətə dəqiq, faktlara əsaslanan və anlaşıqlı məlumatların çatdırılmasıdır.
VIII Qurultayda qarşıdakı dövrün əsas vəzifələrindən biri kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi vurğulandı.
Prezident İlham Əliyevin bildirdiyinə görə, həmin tarixə Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alırdı. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrıldığı, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin artıq məskunlaşdığı qeyd edildi. Dövlət başçısı qarşıdakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətləndiriləcəyini bildirdi.
VIII Qurultayda Prezident İlham Əliyevin çıxışının ümumi məzmununa nəzər saldıqda bir-biri ilə əlaqəli bir neçə əsas istiqamət aydın şəkildə görünür: güclü dövlətçilik, siyasi müstəqillik, iqtisadi dayanıqlıq, hərbi potensialın artırılması, ideoloji təhlükəsizlik, fəal xarici siyasət, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, sosial rifah və Böyük Qayıdış.
Bu istiqamətlər Azərbaycanın Zəfərdən sonra qarşısında dayanan yeni vəzifələrin mahiyyətini təşkil edir.
VIII Qurultay yalnız Azərbaycanın keçdiyi yolun qiymətləndirilməsi baxımından deyil, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyəti baxımından da mühüm mesajlarla yadda qaldı.
Prezident İlham Əliyev çıxışının sonunda YAP fəallarının və bütün üzvlərin qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə etdi.
Bu baxımdan YAP-ın qarşısında duran vəzifələr sırasında müasir informasiya mühitində fəaliyyətin gücləndirilməsi, Azərbaycan reallıqlarının cəmiyyətə çatdırılması, gənclərlə işin yeni üsullarla qurulması, dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliği, ölkənin inkişaf gündəliyinin ictimai müzakirəyə çıxarılması xüsusi yer tutur.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü