Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin keçdiyi mürəkkəb və şərəfli yolun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda dayanan vəzifələrin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ilə yadda qaldı. Bu qurultayın əvvəlkilərdən fərqli və mühüm cəhəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilməsidir. Prezident İlham Əliyev çıxışında məhz bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, ilk dəfədir YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu fakt təkcə partiyanın deyil, bütövlükdə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan YAP ölkənin son dərəcə mürəkkəb ictimai-siyasi vəziyyətində dövlətçilik ideyasını siyasi platformanın əsas istiqamətinə çevirdi.
Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında Azərbaycanın son üç onillikdə keçdiyi yolu məhz bu tarixi kontekstdə dəyərləndirdi. Onun çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolu xüsusi yer tutur.
1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması və iqtisadi inkişaf üçün yeni imkanların yaradılması istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin çıxışında da bu mərhələnin sonrakı tarixi nailiyyətlərin təməli kimi təqdim edilməsi təsadüfi deyil.
VIII Qurultayın əsas siyasi məzmununu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra formalaşan yeni reallıqlar təşkil edir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində hərbi Zəfər qazanaraq işğal altındakı ərazilərinin böyük hissəsini azad etdi. Sonrakı mərhələdə dövlət suverenliyinin tam təmin olunması Azərbaycanın müasir tarixində yeni səhifə açdı. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bu nəticələrə asanlıqla çatmadığını, müxtəlif siyasi təzyiqlər və informasiya kampaniyaları ilə üzləşdiyini qeyd etdi. Onun fikrincə, Azərbaycan xalqının birlik nümayiş etdirməsi, dövlətin ardıcıl siyasəti və siyasi iradə bu prosesdə həlledici amillərdən olub.
Beləliklə, VIII Qurultay yalnız partiyanın hesabat toplantısı deyil, həm də Zəfərdən sonrakı Azərbaycanın siyasi gündəliyinin müzakirə olunduğu mühüm platforma kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının fəaliyyətinə verilən qiymətin əsas istiqamətlərindən biri onun dövlətçiliklə bağlı missiyasıdır. YAP-ın yaranması ölkədə siyasi sabitliyin və milli həmrəyliyin gücləndirilməsi prosesləri ilə əlaqələndirilir. Bu baxımdan partiyanın fəaliyyəti yalnız seçki prosesləri və siyasi təşkilatlanma çərçivəsində deyil, dövlətçilik ənənələrinin qorunması kontekstində təqdim olunur.
Qurultayda vurğulanan digər məqam YAP-ın artıq üç onillikdən çoxdur hakim partiya kimi fəaliyyət göstərməsidir. Prezident İlham Əliyev partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu yalnız ölkə miqyasında deyil, Cənubi Qafqaz kontekstində də qeyd edib. Bu yanaşma YAP-ın qarşısında duran məsuliyyətin də artdığını göstərir. Çünki yeni mərhələdə siyasi təşkilatlar üçün əsas məsələ yalnız əldə olunan nəticələri qorumaq deyil, dəyişən regional və beynəlxalq şəraitə uyğun yeni fəaliyyət istiqamətləri müəyyənləşdirməkdir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası tarixi nailiyyət olduğu qədər böyük məsuliyyətdir. Yeni reallıqlar ölkənin qarşısında Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin doğma torpaqlara qayıdışı, iqtisadi reinteqrasiya və regionun inkişafı kimi mühüm vəzifələr qoyur. VIII Qurultayın mesajları yalnız partiyadaxili fəaliyyətlə məhdudlaşmır. Qurultay Azərbaycanın yeni inkişaf mərhələsində siyasi sabitliyin, dövlətçilik prinsiplərinin və milli həmrəyliyin əhəmiyyətini bir daha gündəmə gətirir.
Partiyanın VIII Qurultaya hazırlığı çərçivəsində 84 yerli təşkilat üzrə hesabat konfranslarının keçirilməsi və 16 mindən çox şəxsin bu prosesdə iştirakı təşkilati baxımdan geniş hazırlıq işinin aparıldığını göstərir. Qurultaya 960 nümayəndənin seçilməsi də partiyanın geniş təşkilati strukturunu nümayiş etdirir.
Azərbaycan artıq əvvəlki geosiyasi reallıqlarda yaşamır. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkənin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradıb. Bu mərhələdə Azərbaycanın iqtisadi gücünün artırılması, beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, azad edilmiş ərazilərin bərpasının davam etdirilməsi və dayanıqlı inkişafın təmin olunması əsas prioritetlər sırasında yer alır. Yeni Azərbaycan Partiya üçün isə yeni mərhələ cəmiyyətlə siyasi dialoqun, gənclərin partiyanın fəaliyyətində iştirakının və müasir çağırışlara uyğun təşkilati fəaliyyətin daha da inkişaf etdirilməsini gündəmə gətirir.
Azərbaycanın tarixində artıq yeni səhifə açılıb. Bu səhifənin əsas xüsusiyyəti ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş dövlətin qarşısında dayanan inkişaf məqsədləridir. Prezident İlham Əliyevin qurultaydakı çıxışı da məhz bu reallıqlar fonunda Azərbaycanın keçdiyi yolu, əldə olunan nəticələri və gələcək üçün siyasi prioritetləri bir araya gətirən nitq kimi yadda qaldı. VIII Qurultayın mahiyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu belə demək olar: Zəfərlə başa çatan böyük tarixi mərhələdən sonra Azərbaycan indi əldə etdiyi nəticələri möhkəmləndirmək və yeni inkişaf mərhələsinə inamla addımlamaq vəzifəsi qarşısındadır. Beləliklə, YAP-ın VIII Qurultayı təkcə partiyanın növbəti toplantısı deyil, Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlarının müzakirə edildiyi mühüm siyasi hadisədir.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri