PDF Oxu

Siyasət

  • 564

Xalq-iqtidar birliyinin növbəti ünvanı – YAP-ın VIII Qurultayı

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Bu mühüm tədbir ölkəmizin qarşısında dayanan yeni vəzifələrin müəyyənləşdirilməsi, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və gələcək hədəflərin müəyyən olunması baxımından mühüm platforma kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı ölkəmizin son illərdə keçdiyi tarixi yolun, əldə etdiyi möhtəşəm Zəfərin və qarşıda duran strateji vəzifələrin geniş təhlili ilə yadda qaldı. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb, milli dövlətçilik ideyalarının möhkəmləndirilməsinə və Azərbaycanın davamlı inkişafına öz töhfəsini verib.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir. Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Bu məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş və həyata keçirilən ardıcıl tədbirlər nəticəsində tarixi ədalət bərpa edilmişdir. Bu Zəfərin əldə olunmasında xalq-iqtidar birliyi mühüm rol oynadı. Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Xalqımızın milli iradəsi, ordumuzun gücü və dövlətimizin qətiyyətli siyasəti Azərbaycanın qarşısında duran tarixi vəzifələrin uğurla həyata keçirilməsini təmin etdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpa olunması bu birliyin və siyasi iradənin ən parlaq nəticələridir.

Cənab Prezident İlham Əliyevin çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Azərbaycanın bugünkü uğurlarının əsaslarından biri olduğu xüsusi vurğulanır. Məhz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı dövrdə uğurla davam etdirilərək Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə imkan yaratmışdır. Qurultayda Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərlə yanaşı, qarşıda duran yeni vəzifələrə də diqqət yetirildi. Dövlət başçısı bildirdi ki, əldə olunmuş Zəfər arxayınlaşmaq üçün əsas deyil. Əksinə, dəyişən dünyada Azərbaycanın təhlükəsizliyinin təmin olunması, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi və milli maraqların etibarlı şəkildə qorunması daim diqqət mərkəzində saxlanılmalıdır.

Müasir dövrdə informasiya və ideoloji təhlükəsizlik də xüsusi əhəmiyyət daşıyır. İnformasiya məkanında yayılan təxribat xarakterli məlumatlar, saxta xəbərlər və müxtəlif ideoloji təsirlər cəmiyyətin dayanıqlılığı üçün yeni çağırışlar yaradır. Bu baxımdan gənc nəslin milli-mənəvi dəyərlər, dövlətçilik və vətənpərvərlik ruhunda yetişdirilməsi, Azərbaycan həqiqətlərinin müasir informasiya vasitələri ilə geniş auditoriyaya çatdırılması mühüm vəzifələrdəndir.

Yeni Azərbaycan Partiyasının qarşısında da bu istiqamətdə mühüm vəzifələr dayanır. Partiyanın fəaliyyəti yalnız siyasi proseslərdə iştirakla məhdudlaşmamalı, cəmiyyətlə sıx əlaqələrin qurulmasına, xüsusilə gənclərin ictimai-siyasi fəallığının artırılmasına və dövlətçilik ideyalarının təbliğinə xidmət etməlidir. Müasir dövr yeni yanaşmalar, çeviklik və informasiya texnologiyalarından səmərəli istifadə tələb edir.

Qurultayda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, müstəqil xarici siyasətin davam etdirilməsi, iqtisadi potensialın artırılması və sosial rifahın yüksəldilməsi kimi məsələlər də diqqət mərkəzində oldu. Ölkəmizin müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq və regional layihələrdə fəal iştirakı Azərbaycanın artan nüfuzunun göstəricilərindəndir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi də yeni mərhələnin əsas vəzifələrindəndir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq işləri azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılmasına və həmin torpaqların Azərbaycanın sosial-iqtisadi həyatına inteqrasiyasına xidmət edir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi reallıqlarını əks etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə olunmuş Zəfəri qorumaq, dövlətimizi daha da gücləndirmək, milli həmrəyliyi möhkəmləndirmək və gələcək nəsillər üçün daha qüdrətli Azərbaycan yaratmaqdır. Bu baxımdan qurultayda səsləndirilən fikirlər Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət istiqamətlərini də aydın şəkildə müəyyənləşdirir. Dövlətçilik, milli birlik, vətənpərvərlik, güclü iqtisadiyyat, etibarlı təhlükəsizlik və müasir ideoloji yanaşmalar Azərbaycanın gələcək inkişafının mühüm dayaqlarıdır. Yeni Azərbaycan Partiyası isə bu prosesdə öz siyasi məsuliyyətini dərk edərək qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal rolunu bundan sonra da davam etdirəcəkdir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər