Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı yalnız gözlənilən mesajlarla məhdudlaşmayıb, Azərbaycanın hər bir vətəndaşını düşündürən məsələlərə, cəmiyyətin gözləntilərinə, regionda baş verən proseslərə və dəyişən geosiyasi və geoiqtisadi reallıqlara da diqqət yetirilib.SİA xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı keçirilən müşavirədə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.Ədalət Muradov bildirib ki, Prezident çıxışının sonunda mühüm siyasi-strateji qiymətləndirmə verərək Azərbaycanın artıq orta güc dövləti olduğunu bəyan edib. Onun sözlərinə görə, orta güc dövlət olmaq yalnız iqtisadi göstəricilərlə ölçülmür, həm də ölkənin siyasi çəkisini, iqtisadi imkanlarını, hərbi potensialını, diplomatik təsir imkanlarını və regional proseslərə təsir gücünü ifadə edir.YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Azərbaycanın orta güc dövlətinə çevrilməsi son illərdə həyata keçirilən siyasətin və əldə olunan nəticələrin göstəricilərindən biridir.Ədalət Muradov vurğulayıb ki, Prezidentin “Öz dövlətimin gücünə inanıram” fikri çıxışın əsas mesajlarından biri olub. O bildirib ki, dövlət başçısı Azərbaycanın öz yolunu müəyyənləşdirdiyini və gələcəyini özü qurduğunu diqqətə çatdırıb.Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar kənardan verilən imtiyazların deyil, ölkənin öz gücü, resursları, iradəsi və imkanları hesabına əldə olunan nəticələr kimi təqdim edilib. Ədalət Muradov bu mesajın milli özünəinam və dövlət qüruru baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.Professor bildirib ki, Prezidentin qarşıya qoyduğu vəzifələr yalnız görüləcək işlərin siyahısı ilə məhdudlaşmır. Burada yeni Azərbaycan insanının formalaşdırılması, onun dövlətinə inamının, biliklərinin, sosial rifahının və gələcəyə baxışının möhkəmləndirilməsi də mühüm istiqamətlər kimi nəzərdən keçirilir.Ədalət Muradov Prezidentin ideoloji təhlükəsizliklə bağlı fikirlərinə də diqqət çəkib. O qeyd edib ki, müasir dünyada təhlükəsizlik yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır, informasiya, düşüncə və milli kimlik məsələləri də xüsusi əhəmiyyət daşıyır.“İdeoloji risklər sərhəd tanımır. İnternet, kiberməkan və süni intellekt yeni risklər yaradır. Deməli, XXI əsrdə təhsilli insan yalnız iqtisadi resurs deyil, həm də milli təhlükəsizliyin resursudur”, – deyə Ədalət Muradov vurğulayıb.
Müəllif: Günel Fərzəliyeva