PDF Oxu

Siyasət

  • 1 352

Dünyəvi dövlət, məktəb qaydaları və təhsil hüququ - ANALİZ

image

Yaxud, vahid məktəbli forması niyə dini məhdudiyyət deyil?
Dünyəvi dövlət quruluşunda təhsil müəssisələrinin idarə edilməsi, sosial bərabərliyin təmin olunması və uşaqların psixoloji inkişafı üçün müəyyən edilmiş qaydalar zaman-zaman müxtəlif platformalarda fərqli şəkildə yozulmağa çalışılır. Son dövrlərdə sosial şəbəkələrdə müəyyən dairələr və maraq qrupları tərəfindən məktəblərdə tətbiq edilən vahid geyim formasını güya "dinə və dini geyimlərə qarşı yönəlmiş bir qadağa" kimi qələmə vermək cəhdləri müşahidə olunur.Ancaq hüquqi faktlar, konstitusiya normaları və beynəlxalq təcrübə göstərir ki, məktəblərdə vahid geyim qaydası dini inancın məhdudlaşdırılması deyil, təhsil mühitinin tərəfsizliyini və sosial bərabərliyi qoruyan dünyəvi dövlət mexanizmidir.
Dünyəvilik modeli: Vicdan azadlığı və tərəfsiz dövlət
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik – dinin dövlətdən, təhsilin isə dindən ayrı olması prinsipini təsbit edir. Bununla yanaşı, ölkəmizdə Konstitusiyanın 48-ci maddəsi ilə hər kəsin vicdan və dini etiqad azadlığı tam təmin olunur.Azərbaycan dünyada multikulturalizm və dini dözümlülük mühitinin ən bariz nümunələrindən biridir. Ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələri tam sərbəst şəkildə ibadət edir, dini geyim və atributlardan gündəlik ictimai həyatda istifadə edirlər. Dini geyimə qarşı hər hansı kütləvi və ya hüquqi qadağa mövcud deyil.Məktəb təkcə bilik verən müəssisə deyil, həm də gənc nəslin dünyagörüşünün formalaşdığı tərəfsiz sosial məkandır. Təhsil müəssisələrində hər hansı dini, siyasi və ya ideoloji simvolun ön plana çıxarılmaması dünyəvi təhsilin əsas şərtidir.
Vahid məktəbli formasının pedaqoji və sosial əhəmiyyəti
Vahid məktəbli forması sadəcə inzibati tələb deyil, dərin pedaqoji və sosial funksiyalara malikdir. Vahid geyim şagirdlər arasında maddi və sosial fərqlərin nəzərə çarpmasının qarşısını alır. Zəngin və ya azfərqli imkanlara malik ailələrin övladları məktəb divarları arasında eyni geyimi geyinməklə özlərini bərabərhüquqlu hiss edirlər. Vahid geyim mühiti şagirdlərin diqqətini xarici görünüş yarışından ayıraq bilik və təlimə yönəldir, məktəb daxilində nizam-intizamı gücləndirir.Şagirdlərin məktəbdə dini, etnik və ya sosial atributlarla fərqlənməsi onların arasında görünməz sərhədlərin və psixoloji baryerlərin yaranmasına sabəb ola bilər. Vahid forma bütün uşaqları vahid kollektiv kimi birləşdirir. Məktəblərdə dünyəvilik və vahid geyim qaydaları təkcə Azərbaycana xas yanaşma deyil. Dünyanın bir çox inkişaf etmiş və demokratik ölkələrində analoji hüquqi təcrübələr mövcuddur:Fransa məktəblərində dünyəvilik prinsipi ən sərt şəkildə qorunur. Dövlət məktəblərində hər hansı dini simvolun (xaç, baş örtüyü, kipa və s.) gəzdirilməsi qanunla qadağandır. AİHM bu qanunları insan hüquqlarına zidd hesab etməyib. Böyük Britaniyada məktəblər müstəqil olaraq öz uniforma qaydalarını müəyyən edir. Şagirdlər məktəbin daxili nizamnaməsinə riayət etməyə borcludurlar və daxili nizam-intizam qaydaları hüquqi müstəvidə tanınır. Yaponiya və Cənubi Koreyada bütün orta təhsil müəssisələrində istisnasız olaraq sərt vahid məktəbli forması tətbiq olunur. Bu, şagirdlərdə mənsubiyyət və bərabərlik hissini formalaşdırmaq məqsədi daşıyır.Dünyəvi təhsil sisteminə malik olan Türkiyədə də dövlət məktəblərində müəyyən edilmiş vahid geyim nizamnamələri və ümumi təhsil standartları tətbiq edilir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) çoxsaylı qərarlarında qeyd olunur ki, dövlətlərin dünyəvi təhsil sistemini qorumaq və məktəblərdə daxili intizam qaydalarını müəyyən etmək hüququ var və bu, vicdan azadlığının pozulması kimi qiymətləndirilə bilməz.
Sosial şəbəkələrdəki manipulyasiyalar və qızışdırıcı reaksiyalar
Mövzu ilə bağlı sosial şəbəkələrdə aparılan kampaniyaları təhlil etdikdə bəzi məqamlar aydın görünür. Müəyyən xarici və ya daxili marqinal gərginlik ocaqları məktəb intizamı kimi sadə və hüquqi bir məsələni dini müstəviyə keçirməyə, cəmiyyətdə suni qütbləşmə yaratmağa çalışırlar.
Vahid məktəbli forması tələbi "dinə qarşı qadağa" kimi təqdim olunur. Halbuki bu kəsim unudur və ya bilərəkdən nəzərə almır ki, həmin şagirdlər məktəbdən kənarda, gündəlik həyatlarında istədikləri geyimi geyinməkdə tam sərbəstdirlər. Məkan sırf təhsil müəssisəsi olduğu üçün burada ümumi qaydalara riayət olunması tələb edilir.Azərbaycan dövləti hər bir vətəndaşının vicdan azadlığına, dininə və inancına dərin hörmətlə yanaşır. Ölkəmizdəki mövcud dini dözümlülük mühiti bunun əyani sübutudur. Lakin məktəb – dövlətin gələcəyini formalaşdıran, dünyəvi dəyərlərin, elm və biliyin tədris olunduğu unikal məkandır. Məktəblərdə vahid geyim qaydalarına riayət olunması heç bir halda dini inanclara qarşı yönəlməyib. Bu, təhsilin tərəfsizliyini, uşaqların sosial bərabərliyini və sağlam psixoloji mühitini təmin edən qanuni və pedaqoji zərurətdir. Qanunun və daxili nizamnamənin tələblərinə əməl etmək isə hər bir vətəndaşın borcudur.
V.VƏLİLİ

Digər xəbərlər