Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksələrək regional əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı bu tərəfdaşlığın mövcud imkanlarını, əldə olunan nəticələri və qarşıdakı dövr üçün prioritetləri əhatə etməsi ilə diqqət çəkir. Azərbaycanın region ölkələri ilə əlaqələri artıq ənənəvi dostluq münasibətləri ilə məhdudlaşmır, ortaq iqtisadi maraqlara, geniş nəqliyyat şəbəkəsinə və uzunmüddətli strateji məqsədlərə əsaslanır.
Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin iştirakı ilə Xəzər hövzəsinin iki sahilində yerləşən dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişafı üçün əlavə imkanlar yaranıb. Bu amillər, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsinə, regional təşəbbüslərin əlaqələndirilməsinə və ortaq maraqların beynəlxalq müstəvidə daha dolğun ifadəsinə şərait yaradır.
Azərbaycanın Türkmənistanla münasibətləri isə bu tərəfdaşlığın ikitərəfli müstəvidə də dinamik inkişaf etdiyinin göstəricisidir. Ən yüksək səviyyədə qarşılıqlı səfərlərin artması siyasi dialoqun intensivliyini və əlaqələrin möhkəmləndirilməsinə verilən önəmi təsdiqləyir. Füzuli şəhərində Türkmənistanın dəstəyi ilə məscidin inşası xalqlarımızın mənəvi yaxınlığını ifadə etməklə yanaşı, azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş münasibətinin nümunəsidir. Özbəkistan, Qazaxıstan və Qırğızıstanın həmin ərazilərdə təhsil və mədəniyyət obyektləri inşa etməsi də regional həmrəyliyin konkret nəticələrini nümayiş etdirir.
Münasibətlərin möhkəmlənməsində iqtisadi əməkdaşlığın xüsusi çəkisi var. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və yüzlərlə şirkətin fəaliyyəti tərəfdaşlığın real iqtisadi əsaslarını gücləndirir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə mövcud imkanlardan daha səmərəli istifadə etmək üçün mühüm vasitədir. Bu fondların fəaliyyəti yeni istehsal sahələrinin yaradılmasına, sənaye əlaqələrinin dərinləşdirilməsinə və birgə məhsulların xarici bazarlara çıxarılmasına təkan verəcəkdir.
Azərbaycanın coğrafi mövqeyi nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini daha da artırır. Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında Xəzər dənizi üzərindən keçən marşrutlar mühüm yer tutur. Azərbaycanın liman, dəmir yolu və avtomobil yolu infrastrukturu bu bağlantıların inkişafı üçün əlverişli imkanlar yaradır. Orta Dəhliz üzrə yükdaşımaların artması marşrutun beynəlxalq ticarətdə əhəmiyyətinin yüksəldiyini nümayiş etdirir. Bununla belə, qarşıdakı əsas vəzifə təkcə daşımaların həcmini artırmaq deyil, logistika proseslərini sürətləndirmək, xərcləri azaltmaq və marşrutun rəqabət qabiliyyətini gücləndirməkdir. Bu məqsədlə region dövlətlərinin nəqliyyat siyasətinin əlaqələndirilməsi və infrastruktur layihələrinin uzlaşdırılması mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Əməkdaşlığın digər vacib istiqaməti enerji təhlükəsizliyidir. Azərbaycan Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında tranzit imkanları təqdim etməklə regional enerji əlaqələrinin inkişafına töhfə verir. Eyni zamanda, bərpaolunan enerji sahəsində Qazaxıstan və Özbəkistanla aparılan birgə işlər gələcək üçün yeni perspektivlər yaradır. Yaşıl enerji dəhlizlərinin yaradılması enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, ölkələr arasında texnoloji və infrastruktur əməkdaşlığının genişlənməsinə də xidmət edir. Beləliklə, enerji tərəfdaşlığı ənənəvi resursların nəqli ilə yanaşı, yeni enerji imkanlarını da əhatə edir.
Davamlı iqtisadi inkişaf və iri infrastruktur layihələrinin reallaşdırılması üçün sabit siyasi mühit, qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri vacibdir. Bu baxımdan Azərbaycanın regionda sülh gündəliyinə verdiyi önəm iqtisadi və nəqliyyat təşəbbüsləri ilə bir-birini tamamlayır. Sülhün möhkəmlənməsi ölkələr arasında əlaqələrin genişlənməsinə, ticarət və tranzit imkanlarının artmasına, yeni investisiyaların cəlbinə şərait yaradır.
Türkmənbaşı görüşünün əsas məzmunu ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq coğrafiyanı qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq məkanına çevirmək üçün geniş imkanlara malikdirlər. Bu imkanların reallaşdırılması siyasi iradənin iqtisadi layihələrlə, nəqliyyat bağlantılarının enerji təşəbbüsləri ilə, regional həmrəyliyin isə sülh və təhlükəsizlik səyləri ilə uzlaşdırılmasını tələb edir. Azərbaycanın Məşvərət formatında tamhüquqlu iştirakı bu prosesə yeni məzmun qazandırır və Xəzər hövzəsində daha sıx, davamlı, uzunmüddətli tərəfdaşlıq üçün əlverişli zəmin yaradır.