PDF Oxu

Siyasət

  • 809

Milli təhsil fəlsəfəsinin vizual forması: işgüzar üslub və vahid forma - ŞƏRH

image

Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində ölkəmiz nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı.

Bu gün Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan mühüm platforma və problemlərin həllində uzlaşdırıcı missiya yerinə yetirən ölkə hesab olunur. Böyük iqtisadi potensial, fəal xarici siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb. Lakin hazırda ən aktual məsələlərdən biri xaricdən gələn risklərə qarşı cəmiyyətimizin güclü immunitetinin formalaşması və ideoloji təhlükəsizliyin qorunmasıdır.

Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi çıxışında bu məsələnin strateji əhəmiyyətini xüsusi vurğulamışdır: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir... internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında ideoloji risklər sərhəd tanımır. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik”.

Bu gün müəyyən xarici mərkəzlər öz media və sosial media platformaları vasitəsilə ziyanlı təbliğat apararaq dünyagörüşü hələ formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Onlar hələ ötən əsrin əvvəllərində maarifçi ziyalılarımız tərəfindən ifşa olunmuş xurafatı və mövhumatı din amilindən silah kimi istifadə edərək azərbaycanlıların həyat tərzinə çevirmək, ölkəmizdə teokratik idarəetmə modellərini təlqin etmək məqsədi güdürlər. Son dövrlər bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsinin süni şəkildə qabardılması və “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə qarşı kampaniya aparılması da məhz bu mərkəzlərin ölkəmizin daxili birliyini sarsıtmaq və müstəqil yolumuzdan döndərmək cəhdidir.

Məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları birgə yaşayışa hazırlayan mühüm sosial institutdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə əlavə edilmiş yeni tələblərə əsasən, təhsilalanların geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin vizual olaraq ortadan qaldırılmasına, ayrı-seçkilik risklərinin azaldılmasına və kollektivə aidlik hissinin güclənməsinə xidmət edir. Bu, dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında mütləq bərabərliyin qorunması məsələsidir. Valideynlər və digər qanuni nümayəndələr qanunvericiliyə uyğun olaraq övladlarının geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər. Bununla yanaşı, xalqımızın tarixi və milli-mənəvi dəyərləri ilə bağlı rəsmi tədbirlərdə məktəblərin pedaqoji şuralarının qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə tam şərait yaradılır.

Məktəbdə korporativ mədəniyyətin tam formalaşması üçün müəllimlərin də geyim standartlarının müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” müəllimlər üçün vahid qaydaları və işgüzar geyim mədəniyyətini müəyyən edir.

Müəllimlərin dress-koda uyğun geyinməsi məktəbin ümumi idarəçilik fəlsəfəsinin, komanda ruhunun və korporativ həmrəyliyinin vizual ifadəsidir. Müəllimin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. O, dinamik işə mane olmamalı və şagirdlərin diqqətini dərs prosesindən yayındırmamalıdır. Eyni zamanda, fiziki tərbiyə, kimya, biologiya kimi fənlərin tədrisi zamanı dərsin xarakterinə uyğun funksional geyimlərin istifadəsinə icazə verilir. Şagirdlərin məktəbli forması geyindiyi bir mühitdə müəllimlərin də işgüzar üslubda görünməsi təhsil müəssisəsinin ictimai nüfuzunu artırır, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun peşəkar mühit yaradır.

Təhsil müəssisələrində geyim tələbləri ilə bağlı vahid yanaşmanın tətbiqi beynəlxalq təcrübədə, o cümlədən türk dövlətlərində geniş istifadə olunur.

Beynəlxalq araşdırmalar və demoqrafik verilənlər bazalarının (məsələn, World Population Review və Kembric Universitetinin qlobal təhsil hesabatları) məlumatlarına görə, dünyada 165-dən çox ölkədə orta məktəb şagirdləri üçün vahid məktəbli forması dövlət səviyyəsində məcburi və ya geniş yayılmış bir qaydadır. Çin, Hindistan, İndoneziya, Yaponiya, Meksika, Filippin, həmçinin, demək olar ki, bütün Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində şagirdlər üçün vahid forma məktəb mədəniyyətinin ayrılmaz hissəsidir. Mərkəzi Asiyanın dost və qardaş türk dövlətlərində – Qazaxıstanda məcburi məktəb forması tələbləri 2016-cı ildə, Qırğızıstanda 2015-ci ildə, Özbəkistanda 2018-ci ildə qəbul edilmiş, Türkmənistanda isə müvafiq əsasnamə Prezident qərarı ilə 2019-cu ildə təsdiqlənmişdir.

Bundan başqa, müsəlman ölkəsi olan Malayziyada şagirdlər üçün 1970-ci ildən bəri vahid forma tam məcburidir. Ölkənin Təhsil Nazirliyinin müəllimlər və məktəb heyətinin geyimi ilə bağlı da xüsusi rəsmi qaydaları var və onlar iş yerində ciddi standartlaşdırılmış rəsmi geyimlər geyinməlidirlər.

Daha bir əhalisi əsasən İslam dininə etiqad edən, yeri gəlmişkən dünyada ən çox müsəlman əhalisinə malik ölkə olan İndoneziyada şagirdlərin həftənin günlərinə görə dəyişən 4 fərqli məcburi forması var. Dövlət məktəblərində çalışan müəllimlər üçün də müəyyən günlərdə vahid dövlət qulluqçusu forması və ya milli üslublu vahid geyimlər tələb olunur.

“Geniş yayılmış qayda” anlayışına gəldikdə isə, dünyanın 35-ə yaxın ölkəsində (Böyük Britaniya, İrlandiya, Malta, Kipr, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və s.) vahid dövlət qanunu olmasa belə, məktəblərin daxili nizamnaməsi və ya regional idarələr tərəfindən formalar faktiki olaraq məcburi tətbiq edilir və şagirdlərin 90 faizdən çoxu uniforma geyinir.

Beynəlxalq təcrübəni ifadə edən bütün bu statistikanın qarşısında isə dövlət məktəblərində vahid şagird geyimlərini tətbiq etməyən və ya bunu məqbul saymayan ölkələrin sayı 20-ni ötmür.

Azərbaycan konstitusion səviyyədə özünü dünyəvi dövlət elan etməsi ilə yanaşı, real təcrübədə dövlət-din münasibətlərinin yüksək səviyyədə qorunduğu nümunəvi məkandır. Ölkəmizdə vətəndaşların dini etiqad azadlığına heç bir məhdudiyyət tətbiq edilmir, İslami dəyərlərə böyük ehtiram göstərilir. İşğaldan azad edilmiş torpaqlarımızda dağıdılmış 67 məscidin bərpası ilə quruculuq işlərinə başlanılması, o cümlədən bu sahədə ilk olaraq Ağdam məscidinin əsaslı təmirinin həyata keçirilməsi Azərbaycan dövlətinin dini-mənəvi irsimizə qayğısının ən bariz nümunəsidir.

Lakin dünyəvi təhsil sistemində məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onu kənar dini-ideoloji təsirlərdən və təzyiqlərdən qorumaqdır. Azad dünyəvi təhsil azyaşlı uşaqların müstəqil şəkildə formalaşmasına şərait yaradır. 2026-cı il martın 3-də təsdiq edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır və onların dini tərbiyəsi sağlamlıqlarına mənfi təsir göstərməməlidir. Məktəb yaşında olan azyaşlı qız uşaqlarına məcburi formada dini baş örtüyünün (hicab) bağladılması onların gender rolları haqqında təsəvvürlərinə mənfi təsir edir, özlərini həmyaşıdlarından fərqli və yad sistemin mənsubu kimi qavramasına yol açır.

Dini nöqteyi-nəzərdən də fərdin dinə münasibəti onun yetkinlik yaşı və şəxsi qərarı ilə bağlıdır. Qurani-Kərimin əsas postulatlarından biri də “dində məcburiyyətin olmaması”dır. Hər bir fərd dini ehkamların icrası ilə bağlı qərarını yetkinlik yaşına çatdıqdan sonra özü verməlidir.

Məktəb daxili nizam-intizam qaydalarına əsasən, şagirdlərin dərsə müəyyən edilmiş formada gəlməsi, dar geyimlərdən, makiyaj, zinət əşyaları və qeyri-adi saç düzümlərindən uzaq durması ümumi təhsilimizin millilik və dünyəvilik prinsiplərinin qorunmasına xidmət edir. Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi və gənc nəsli xarici radikal təsirlərdən qorumaqdır. Bu məqsədyönlü işdə hər bir Azərbaycan vətəndaşı fəal və ayıq-sayıq olmalı, övladlarını yad təsirlərdən müdafiə edərək, dövlətimizin milli və elmi əsaslara söykənən işıqlı gələcəyinə töhfə verməlidir.

Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər