PDF Oxu

Siyasət

  • 643

Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib - FOTOLAR

image

12 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Süleyman Rüstəm küçəsi 33 ünvanında yerləşən (Bakı Slavyan Universiteti) ərazi partiya təşkilatının müşavirəsi keçirilib. Müşavirə «Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər»ə həsr olunub və BSU-nun konfrans zalında baş tutub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni Süleyman Rüstəm küçəsi 33 üzrə ərazi partiya təşkilatının sədri, Bakı Slavyan Universitetinin tədris məsələləri üzrə prorektoru Fikrət Cahangirov aparıb. Moderator Partiya Sədrinin qurultaydakı nitqinin ölkəmizin ictimai-siyasi həyatı və partiyanın gələcək fəaliyyəti üçün proqram xarakterli sənəd olduğunu vurğulayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, Partiya Sədrinin nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasını, sosial şəbəkələrdə fəallığın artırılmasını, tarixi yaddaşın qorunmasını, gənclərlə işin gücləndirilməsini, şəhid ailələrinə və qazilərə qayğını sadalayıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev dövlət başçısının ideoloji təhlükəsizliyin təminatında təhsilin və vətənpərvərliyin roluna dair fikirlərindən danışıb. O, ali məktəblərin üzərinə düşən məsuliyyəti vurğulayıb. Rektor bildirib ki, universitet kollektivi savadlı, vətənpərvər, dövlətinə sadiq gənclərin yetişdirilməsi istiqamətində işini daha da gücləndirəcək.

BSU rektorunun məsləhətçisi Ənvər Abbasov Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi strateji istiqamətləri təhlil edib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin dəyişməzliyindən, müstəqil xarici siyasətin və iqtisadi qüdrətin Azərbaycanın beynəlxalq nüfuzunun artmasındakı rolundan bəhs edib.

BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhməd Partiya Sədrinin «Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi» fikrinə toxunub. O, 1992-ci ildə Naxçıvanda keçirilən təsis qurultayından 2023-cü ilin sentyabrına qədər keçilən tarixi yola nəzər salıb. Kafedra müdiri 1990-cı illərin acı həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.

BSU-nun Yüksək Təhsil Mərkəzinin rəhbəri Nihat İsmayılzadə müasir informasiya, internet və süni intellekt dövründə ideoloji risklərin artdığını vurğulayıb. O, gənclər arasında rəqəmsal və media savadlılığının artırılmasının, tənqidi düşüncənin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Xarici dil müəllimliyi fakültəsinin 2-ci kurs tələbəsi Aysu Abbasova gənclər adından çıxış edib. O, Qələbə qazanmış Azərbaycanda yaşamaqdan qürur duyduğunu bildirib. Tələbə xarici dilləri bilən gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməyə hazır olduğunu vurğulayıb.

Sosial elmlər və regionşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Səid Verdiyev Partiya Sədrinin ideoloji işin mərkəzində partiya üzvlərinin dayanması barədə fikrini xatırladıb. O, tələbə gənclərin sosial şəbəkələrdə ölkəmizin uğurlarının təbliğində, dezinformasiyaya qarşı mübarizədə daha fəal olacağını bildirib.

Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər