Azərbaycan və Kamboca gözəl siyasi münasibətlərə malikdirlər və bu əlaqələrin əsası hələ sovet dövründə qoyulub. O vaxt təhsil və mədəniyyət sahələrində mövcud əlaqələr çərçivəsində yüzlərlə kambocalı tələbə respublikamızda təhsil alıblar.
Artıq müstəqilliyini qazanmış Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında 1994-cü ildə qurulmuş diplomatik münasibətlər sonrakı illərdə inkişaf edərək siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, humanitar sahələrdə faydalı əməkdaşlığın inkişaf etməsinə səbəb olub.
Tərəflər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanların mövcudluğu potensial resursları dəyərləndirməyi, praktiki addımlar atılmasını vacib edir.
Bu baxımdan Kambocanın Baş naziri Hun Manetin oktyabrın 12-də ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyevlə görüşü ikitərəfli münasibətlərin inkişafında yeni tarixi mərhələ kimi dəyərləndirilə bilər.
Geniş tərkibdə keçirilən görüşdə bəyan edildiyi kimi, bu səfər ikitərəfli gündəliyin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr aparmaq və tərəfdaşlığı gücləndirmək üçün mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi, turizm və digər sahələr üçün faydalı əməkdaşlıq perspektivləri var və həmin istiqamətlər üzrə geniş yol xəritəsini hazırlanması nəzərdən keçirilir.
Prezident İlham Əliyevin və Kamboca Baş nazirinin mətbuata bəyanatlarla çıxışılarında vurğuladıqları kimi, hər iki ölkə çoxtərəfli səviyyədə, həmçinin beynəlxalq platformalarda faydalı münasibətlər qurub. Ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyini daim dəstəkləyən rəsmi Pnompen hər zaman qətiyyətli mövqe nümayiş etdirib, ortaq öhdəliyə sadiqliyini təsdiqləyib.
Cənab Prezidentin bəyan etdiyi kimi BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr mövcuddur. Eyni zamanda, son illərdə iqtisadi təmaslarda müsbət dinamika nəzərə çarpmaqdadır. Hazırkı səfər yeni imkanları bir araya gətirmək, ticarət və sərmayə qoyuluşu sahələrində planları müəyyənləşdirmək üçün əla fürsət deməkdir.
Ölkələr arasında uzun məsafə olmasına baxmayaraq, müasir dünyada kommunikasiya bağlantılarının asanlaşdığı mühitdə Cənub-Şərqi Asiyanın hər bir ölkəsi, o cümlədən Kamboca üçün bu boşluğu da aradan qaldırmaq mümkündür.
Azərbaycanın və Kambocanın iqtisadi əlaqələrinin təmin edilməsində dövlət qurumları ilə yanaşı, özəl şirkətlər, biznes icmaları arasında bağlantılar da mühüm əhəmiyyət daşıyır və çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən Biznes forum bu baxımdan iqtisadi və investisiya prioritetlərini daha yaxından əlaqələndirməyə, sıx iqtisadi əməkdaşlığın qurulmasına töhfə verə bilər.
Bu, ölkələr arasında ticarət dövriyyəsini də yüksəltmək üçün faydalı platforma sayılır, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını da səfərbər edə bilər. Nəqliyyat və rəqəmsal transformasiya sahələrində də imkanların birləşdirilməsi istisna edilmir.
Eləcə də, sovet dövründə mövcud olan kambocalı tələbələrin Azərbaycanda təhsil imkanları ənənəsinin bərpası nəzərdə tutulur. Bir sözlə, Kamboca Baş nazirinin ölkəmizə səfərinin bütün sahələrdə böyük canlanma yaradacağına əminlik böyükdür.
Xüsusilə də, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyətin, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb etməsini nəzərə alan Kamboca Krallığı Hökuməti siyasi, iqtisadi, humanitar sahələrdə mütərəqqi yeniliklərə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhrələnməyə çalışır. Baş nazir Hun Manetin vurğuladığı kimi, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı artırmaqla, praktiki olaraq real nəticələrin əldə olunmasına böyük maraq göstərilir.
İki ölkə arasında mübadilə olunan sənədlər isə konkret olaraq iqtisadi-ticari, humanitar sahələrdə əməkdaşlığı həyata keçirmək üçün əsaslı baza yaradır.
Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi” iqtisadi sahədə yeni mexanizmləri müəyyən edir.
Bu sazişlər vergi təşviqlərini təmin etməklə dövlətlərin investisiya və iqtisadi layihələrdə fəal iştirakını artıracaq. Həmçinin, ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təhsil sahəsində Azərbaycanın nailiyyətlərini mənimsəməyə imkan verəcək.
Ramid Namazov
Milli Məclisin deputatı