Ümumtəhsil məktəbləri yalnız şagirdlərə bilik və bacarıqların aşılandığı təhsil müəssisələri deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərlərə yiyələndiyi, ictimai davranış qaydalarını mənimsədiyi və gələcək həyata hazırlandığı mühüm sosial mühitdir. Məktəbdə yaradılan sağlam mənəvi-psixoloji atmosfer, nizam-intizam, qarşılıqlı hörmət, məsuliyyət və vahid davranış mədəniyyəti təhsilin keyfiyyətinə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan təhsilverənlərin və təhsilalanların geyim qaydalarına riayət etməsi məktəb həyatının təşkilində mühüm əhəmiyyət kəsb edir.
Geyim insanın xarici görünüşünü müəyyən etməklə yanaşı, onun fəaliyyət göstərdiyi mühitə münasibətini, məsuliyyət hissini və sosial davranış mədəniyyətini də ifadə edə bilər. Təhsil müəssisəsində geyim məsələsinə yalnız zahiri görünüş və ya intizam tələbi kimi yanaşmaq düzgün olmazdı. Bu məsələyə məktəbin nüfuzunun qorunması, təhsilalanlar arasında bərabərliyin təşviqi, müəllim nüfuzunun möhkəmləndirilməsi və təlim-tərbiyə prosesinin səmərəli təşkili baxımından kompleks şəkildə yanaşılmalıdır.
Ümumtəhsil məktəblərində geyim qaydalarının müəyyən edilməsi və tətbiqi qanunvericiliyin tələblərinə, müvafiq normativ sənədlərə, təhsil müəssisəsinin xüsusiyyətlərinə və pedaqoji prinsiplərə əsaslanmalıdır. Bu qaydaların əsas məqsədi insanın fərdi xüsusiyyətlərini məhdudlaşdırmaq deyil, təhsil mühitinə uyğun, səliqəli, münasib və təhlükəsiz geyim mədəniyyətini formalaşdırmaqdır.
Məktəbdə geyim qaydalarına əməl olunması vahid təhsil mühitinin formalaşdırılmasına, məktəbdaxili intizamın möhkəmləndirilməsinə və təhsilalanların sosial davranış vərdişlərinin inkişafına xidmət edir. Geyim mədəniyyəti ümumi davranış mədəniyyətinin tərkib hissəsidir. Şagirdin dərsə hazırlıqlı gəlməsi, dərs ləvazimatlarını qaydasında saxlaması, müəllimlərə və yoldaşlarına hörmətlə yanaşması kimi, məktəbə uyğun geyim seçməsi də məsuliyyətli davranışın göstəricilərindən biri hesab edilə bilər.
Məktəbdə vahid və ya müəyyən edilmiş geyim standartlarının tətbiqi şagirdlər arasında geyimlə bağlı rəqabətin və sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa kömək edə bilər. Bu yanaşma uşaqların diqqətinin geyimin qiymətinə, markasına və dəbdə olmasına deyil, bilik qazanmağa, bacarıqlarını inkişaf etdirməyə və ictimai münasibətlərə yönəlməsinə şərait yaradır.
Geyim qaydalarının düzgün tətbiqi məktəbdə nizam-intizam və məsuliyyət hissinin gücləndirilməsinə, şagirdlər arasında sosial bərabərliyin və qarşılıqlı hörmətin təşviqinə, təhsil müəssisəsinin vahid görünüşünün təmin olunmasına, müəllim və şagird münasibətlərində məsuliyyətin artırılmasına, valideynlərlə əməkdaşlığın möhkəmləndirilməsinə kömək edə bilər. Bununla belə, geyim qaydalarının formal tələbə çevrilməsinə yol verilməməli, əsas diqqət qaydaların mahiyyətinin izahına və şüurlu şəkildə mənimsənilməsinə yönəldilməlidir.
Müəllim məktəbdə yalnız bilik verən şəxs deyil, həm də şagirdlərin davranışına, dünyagörüşünə, ünsiyyət mədəniyyətinə və şəxsi keyfiyyətlərinə təsir göstərən nüfuzlu tərbiyə subyektidir. Şagirdlər müəllimin danışıq tərzini, davranışını, insanlarla münasibətini, işə yanaşmasını və xarici görünüşünü müşahidə edərək müəyyən davranış modellərini mənimsəyirlər. Bu baxımdan təhsilverənin geyim mədəniyyəti onun peşəkar imicinin mühüm elementlərindən biridir.
Müəllimin geyimi səliqəli, təmiz, məktəb mühitinə və pedaqoji fəaliyyətin xarakterinə uyğun olmalıdır. Geyim seçərkən peşəkar üslub, rahatlıq, hərəkət sərbəstliyi, təhlükəsizlik və tədris prosesinin xüsusiyyətləri nəzərə alınmalıdır. Xüsusilə laboratoriya məşğələləri, fiziki tərbiyə dərsləri, texnologiya məşğələləri və digər praktik fəaliyyətlər zamanı geyimin işin xarakterinə uyğunluğu mühüm əhəmiyyət daşıyır.
Təhsilverənlərin geyim qaydalarına əməl etməsi məktəbdə vahid tələbkarlıq mühitinin formalaşmasına kömək edir. Şagirdlərdən müəyyən davranış normalarına riayət etməyi tələb edən müəllim özü də həmin normaların mahiyyətinə uyğun nümunə göstərməlidir. Lakin müəllimin nümunəvi görünüşü yalnız geyimlə məhdudlaşmır. Onun etik davranışı, ədalətli mövqeyi, şagirdlərə fərdi yanaşması, ünsiyyət mədəniyyəti və peşə məsuliyyəti müəllim nüfuzunu formalaşdırır.
Təhsilverənlərin geyimi ilə bağlı tələblər hazırlanarkən peşəkarlıq, səliqəlilik, rahatlıq, təhlükəsizlik, etik davranış və bərabər yanaşma prinsipləri əsas götürülməlidir. Məktəb rəhbərliyi müəllimlərin geyim mədəniyyətini gücləndirmək üçün maarifləndirici söhbətlər, pedaqoji şura müzakirələri və kollektivlə izahat işləri təşkil edə bilər. Məqsəd ayrı-ayrı şəxsləri tənqid etmək deyil, kollektiv məsuliyyəti və peşə mədəniyyətini yüksəltmək olmalıdır.
Təhsilalanların geyim qaydaları məktəbin daxili nizam-intizamının, təhsil müəssisəsinin müəyyən etdiyi standartların və şagird davranış mədəniyyətinin mühüm tərkib hissəsidir. Məktəbli geyimi şagirdin təhsil prosesinin iştirakçısı olduğunu ifadə edən zahiri element olmaqla yanaşı, kollektivə mənsubiyyət hissinin formalaşmasına da xidmət edə bilər.
Şagirdlərin məktəbə uyğun geyimdə gəlməsi onların dərsə və məktəb mühitinə məsuliyyətli münasibətini təşviq edir. Eyni zamanda, geyim qaydaları uşaqların yaş xüsusiyyətləri, sağlamlığı, rahatlığı, mövsümi şərait və ailələrin sosial imkanları nəzərə alınmaqla tətbiq edilməlidir.
Məktəbli geyimi ilə bağlı tələblər şagirdlərin təhsil hüququnun həyata keçirilməsinə mane olmamalıdır. Geyimlə bağlı çətinlik yaşayan ailələrlə münasibətdə məktəb rəhbərliyi anlayışlı, həssas və sosial məsuliyyətli mövqe tutmalıdır. Maddi imkanları məhdud olan ailələrin övladlarının geyim səbəbindən təhsildən kənarda qalması, alçaldılması və ya digər şagirdlərdən fərqli münasibət görməsi yolverilməzdir.
Şagirdlərə geyim qaydaları izah edilərkən məktəbin müəyyən edilmiş geyim standartlarına əməl etmək, geyimin təmizliyinə və səliqəsinə diqqət yetirmək, rahat və təhlükəsiz geyim seçmək, idman dərslərində müvafiq idman geyimindən istifadə etmək, geyimə görə digər şagirdləri mühakimə etməmək, şəxsi gigiyena və özünəqulluq vərdişlərini inkişaf etdirmək kimi məsələlərə diqqət yetirilməlidir.
Geyim qaydalarının məqsədi şagirdin şəxsiyyətini, fərdi xüsusiyyətlərini və yaradıcılıq imkanlarını məhdudlaşdırmaq deyil. Əsas məqsəd onun təhsil mühitinə uyğun davranış göstərməsini, özünə və ətrafdakılara hörmətlə yanaşmasını təmin etməkdir.
Vəli Sərxanlı
YAP Culfa rayon təşkilatının fəalı