Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İlham Əliyevin çıxışı ölkəmizin müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi diqqət çəkir. Çıxışda səsləndirilən fikirlər ölkənin keçdiyi inkişaf yoluna verilən qiymət və gələcək üçün müəyyənləşdirilən vəzifələr baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın siyasi həyatında baş verən dəyişikliklər, dövlət müstəqilliyinin qorunması, təhlükəsizlik məsələləri, iqtisadi inkişaf və Qarabağın bərpası kimi mühüm mövzular ətrafında səsləndirilən fikirlər keçilən yola nəzər salmaq və gələcək hədəfləri daha dərindən anlamaq baxımından əhəmiyyətli idi.
Dövlət başçımızın çıxışında ən önəmli məqamlardan biri dövlət müstəqilliyinin və suverenliyin qorunmasının nə qədər vacib olması ilə bağlı idi. Tarix göstərir ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək də böyük məsuliyyət tələb edir. Azərbaycanın son onilliklər ərzində keçdiyi yol, üzləşdiyi çətinliklər və əldə etdiyi nəticələr bu baxımdan düşündürücüdür. Çıxışın əsas mesajlarından biri də ölkənin gələcəyinin ilk növbədə güclü dövlətçilik ənənələrinə, milli maraqlara və cəmiyyətin məsuliyyətli mövqeyinə bağlı olmasıdır.
Prezident İlham Əliyev çıxışında milli təhlükəsizliklə bağlı müstəqil xarici siyasət kursunun davam etdirilməsini, ərazi bütövlüyü və suverenliyin qorunmasını, hərbi potensialın gücləndirilməsini, eləcə də ideoloji təhlükəsizliyin dövlət təhlükəsizliyindəki rolunu xüsusi vurğuladı.
Çıxışda Azərbaycanın beynəlxalq mövqeyi və müstəqil xarici siyasəti ilə bağlı məsələlər də xüsusi maraq doğurur. Bu gün ölkələr arasında münasibətlər mürəkkəb xarakter daşıyır və hər bir dövlət öz milli maraqlarını qorumağa çalışır. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməsi, iqtisadi əməkdaşlıq imkanlarından istifadə etməsi və regionda sabitliyin təmin olunmasına çalışması mühüm əhəmiyyət kəsb edir.
Çıxışda Azərbaycanın qazandığı tarixi Zəfərin ölkəmizin həyatında yaratdığı yeni reallıqlar xüsusi vurğulandı. Həmçinin dövlət başçımızın çıxışında mühüm məqamlardan biri də məhz Qarabağ və Şərqi Zəngəzurla bağlı fikirləri idi. Bu ərazilərin bərpası yalnız yolların, məktəblərin, yaşayış evlərinin və digər infrastruktur obyektlərinin tikilməsi demək deyil. Ən əsası, insanların öz doğma yurdlarına qayıtması, orada rahat və təhlükəsiz yaşaması, işləməsi və gələcəyini qurmasıdır. İnsan üçün doğulduğu torpağa qayıtmaq, ailəsinin və xatirələrinin bağlı olduğu yerlərdə yenidən həyat qurmaq xüsusi məna daşıyır. Buna görə də Böyük Qayıdış prosesi həm sosial, həm də mənəvi baxımdan böyük əhəmiyyətə malikdir. Bu işlərin davamlı və planlı şəkildə həyata keçirilməsi regionun gələcək inkişafı üçün mühüm şərtdir.
İqtisadi inkişaf və sosial rifah məsələləri də çıxışın diqqətəlayiq istiqamətlərindəndir. İqtisadiyyatın güclənməsi, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı və ölkənin nəqliyyat imkanlarından səmərəli istifadə olunması bu gün insanların gündəlik həyatına birbaşa təsir göstərir.
Prezident İlham Əliyevin çıxışında milli həmrəyliyin və dövlətlə xalq arasında mövcud olan birliyin vacibliyi də xüsusi vurğulandı. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin arxasında xalqın birliyi, dövlətçiliyə bağlılığı və ölkənin gələcəyinə olan inamı mühüm amillərdən biri kimi çıxış edir. Bu həmrəyliyin qorunması və daha da gücləndirilməsi isə qarşıdakı dövrdə müəyyənləşdirilən hədəflərə çatmaq və ölkənin davamlı inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçımızın çıxışında bir daha vurğulandı ki, yeni tarixi şəraitdə YAP-ın fəaliyyətinin əsas istiqamətləri ölkədə siyasi sabitliyin qorunması, cəmiyyətdə həmrəyliyin gücləndirilməsi və qarşıya qoyulan inkişaf məqsədlərinin həyata keçirilməsində fəal iştirakla bağlıdır. Bu prosesdə partiyanın üzərinə düşən mühüm vəzifələrdən biri dəyişən dövrün tələblərinə uyğun fəaliyyət göstərmək, xüsusilə gənc nəslin ictimai-siyasi proseslərdə iştirakını təşviq etməkdir.
Ümumilikdə, YAP-ın VIII Qurultayı ölkənin gələcək inkişafına dair prioritetlərin müzakirəsi və qarşıdakı dövrün vəzifələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Qurultayda İlham Əliyevin diqqətə çatdırdığı məsələlər Azərbaycanın əldə etdiyi nəticələrin davamlılığını təmin etmək, mövcud imkanlardan səmərəli istifadə etmək və əhalinin rifahına yönələn siyasəti inkişaf etdirmək zərurətini ön plana çıxarır. Bu mənada, qurultayın əhəmiyyəti yalnız partiyanın fəaliyyət istiqamətləri ilə məhdudlaşmır, eyni zamanda ölkənin siyasi, iqtisadi və sosial inkişafı ilə bağlı qarşıda duran məsələlərin ümumi mənzərəsini əks etdirir.
Tural Mahmudov
Bakı şəhəri İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru
Yeni Azərbaycan Partiyasının üzvü