Təhsil sahəsində müəyyənləşdirilən qaydalar təkcə gündəlik iş prosesinin nizamlanmasına xidmət etmir, eyni zamanda uşaqlarda məsuliyyət, qarşılıqlı ehtiram və kollektivə mənsubiyyət hisslərinin inkişafına təsir göstərir. Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin və müəllimlərin geyimi ilə əlaqədar tələblərə də bu nöqteyi-nəzərdən yanaşılmalıdır. Burada əsas məqsəd insanların fərdi xüsusiyyətlərini məhdudlaşdırmaq deyil, məktəbdə təhsilin məqsədlərinə uyğun, intizamlı və sağlam mühitin formalaşdırılmasıdır.
Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər bu məsələnin daha geniş çərçivədə qiymətləndirilməsinin vacibliyini ortaya qoyur. Dövlət başçısı qeyd edib ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə başlıca müdafiə vasitələrindən biri təhsildir. Savada və biliyə sahib olan insanlar yalan məlumatları, müxtəlif şayiələri və zərərli təbliğat nümunələrini daha asan müəyyənləşdirə bilirlər. Bu baxımdan məktəbin missiyası yalnız şagirdlərə fənlər üzrə biliklər aşılamaqdan ibarət deyil. Təhsil müəssisələri eyni zamanda müstəqil düşünməyi bacaran, məsuliyyətli və milli dəyərlərə sadiq vətəndaşların yetişdirilməsində mühüm rol oynayır.
Məktəblilərin geyimi ilə bağlı ümumi qaydaların müəyyən edilməsi təhsil mühitinin düzgün qurulmasının vacib elementlərindən biridir. Bu cür yanaşma şagirdlər arasında mövcud sosial və iqtisadi fərqlərin geyim üzərindən ön plana çıxarılmasının qarşısını almağa, eləcə də ayrı-seçkilik ehtimalını azaltmağa imkan verir. Beləliklə, hər bir şagird özünü məktəb kollektivinin bərabərhüquqlu üzvü kimi hiss edə bilir. Diqqət geyimin dəyərinə və dəb meyillərinə deyil, tədrisə, bilik əldə etməyə və fərdi inkişafın təmin olunmasına yönəlir.
Vahid məktəbli forması şagirdlərdə məktəbə mənsubluq və kollektivin bir hissəsi olmaq duyğusunun möhkəmlənməsinə də kömək edir. Müəyyən edilmiş gündəlik qaydalara riayət edən uşaqlar ümumi davranış normalarını qəbul etməyi, kollektivin maraqlarını nəzərə almağı və ətrafdakılara hörmətlə yanaşmağı öyrənirlər. Bu baxımdan hamı üçün aydın olan və bərabər şəkildə tətbiq edilən geyim tələbləri məktəb mədəniyyətinin formalaşmasını tamamlayan amillərdən biri hesab olunur.
Müəllimlər üçün nəzərdə tutulan geyim normaları da oxşar prinsiplərə söykənir. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair vahid tələblərin müəyyənləşdirilməsində əsas məqsədlərdən biri işgüzar geyim ənənəsinin və peşəkar görünüş mədəniyyətinin inkişaf etdirilməsidir. Müəllim şagirdlər üçün yalnız bilik verən şəxs deyil, həm də davranışı, münasibəti və məsuliyyət hissi ilə nümunə göstərən insandır. Onun səliqəli və işgüzar geyimi seçdiyi peşəyə, çalışdığı müəssisəyə və təhsil prosesinə münasibətini nümayiş etdirir. Bu yanaşma dərslərin ciddi, nizamlı və müəyyən məqsədlər istiqamətində aparılmasına da müsbət təsir göstərir.
Şagirdlərdən müəyyən edilmiş qaydalara riayət etmələri gözlənilirsə, müəllimlərin də müvafiq tələblərə əməl etməsi məktəbdə vahid və ardıcıl yanaşmanın yaranmasına şərait yaradır. Nəticədə geyim normaları yalnız şagirdlər üçün nəzərdə tutulan öhdəlik kimi deyil, bütün təhsil kollektivinin məsuliyyətini əhatə edən ümumi prinsip kimi qəbul edilir. Bununla yanaşı, həmin qaydaların məzmunu hər kəsə aydın şəkildə çatdırılmalı, ayrı-seçkiliyə yol verilmədən tətbiq olunmalı və təhsilalanların şəxsiyyətinə, hüquqlarına və ləyaqətinə hörmət əsasında həyata keçirilməlidir.
Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Ölkədə dini irsə və ibadət məkanlarına göstərilən diqqət də bu siyasətin mühüm tərkib hissəsidir. Hazırda Azərbaycanda 2389 məscid mövcuddur və bu ibadət məkanlarında eyni vaxtda təxminən 600 min insanın ibadət etməsi mümkündür. 2020–2025-ci illər ərzində dövlətin dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə ölkənin müxtəlif ərazilərində bir sıra məscidlərdə təmir, bərpa və yenidənqurma tədbirləri görülüb, ibadət yerləri yenidən insanların istifadəsinə verilib.
Bununla belə, təhsil müəssisələrində geyim normalarının tətbiqini dini sahəyə göstərilən dövlət qayğısı ilə eyni məzmunlu məsələ kimi təqdim etmək düzgün yanaşma sayılmaz. Məktəb mühitində vahid qaydaların əsasını bərabərlik, intizam və peşəkarlıq prinsipləri təşkil edir. Bu prinsiplər əsasında formalaşan təhsil mühitində böyüyən gənclər informasiya axınında qarşılaşdıqları məlumatları tənqidi təhlil etməyə, milli kimliklərini qorumağa və dövlətə bağlılıq hissini inkişaf etdirməyə daha hazırlıqlı olurlar. Məktəb illərində qazanılan bu keyfiyyətlər yalnız fərdin inkişafı baxımından deyil, bütövlükdə cəmiyyətin sabitliyinin və dayanıqlılığının gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini