PDF Oxu

Siyasət

  • 1 174

Məktəbdə peşəkar mühit və məsuliyyət: vahid formanın və işgüzar üslubun təhsildə rolu - ŞƏRH

image

Təhsil müəssisələrində sağlam təlim-tərbiyə mühitinin formalaşdırılması yalnız akademik proqramların keyfiyyəti və tədris metodu ilə deyil, həm də daxili mədəniyyət, etik standartlar və təşkilati intizamla sıx bağlıdır. Son dövrlərdə tətbiq edilən hüquqi tənzimləmələrlə təhsilalanlar üçün vahid geyim formasının, təhsilverənlər üçün isə işgüzar üslubun müəyyən olunması dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin davamlılığını dəstəkləyən mühüm amillərdən birinə çevrilmişdir. Tələblərə uyğun geyim yalnız xarici görünüş formallığı deyil, həm də təhsil prosesinə məsuliyyətli yanaşmanı, sosial bərabərliyi və tərəflər arasında qarşılıqlı hörməti təşviq edən dərin sosial-psixoloji mexanizmdir.
Məktəb mühiti uşaqların və gənclərin gələcək cəmiyyət həyatına, peşəkar fəaliyyətə və birgəyaşayış qaydalarına hazırlandığı əsas sosial institutdur. Şagirdlər üçün vahid geyim forması və müəllimlər üçün işgüzar geyim standartları həm təhsilalanların, həm də təhsilverənlərin təlim-tərbiyə prosesinə daha ciddi və fokuslanmış şəkildə yanaşmasını təşviq edir. Müəyyən olunmuş geyim çərçivəsi şagirdlərdə psixoloji olaraq məktəb mühitinə uyğunlaşma, məsuliyyət və özünükontrol hissini gücləndirir. Bu, dərsin başlanğıcından etibarən şagirdin diqqətini kənar təsirlərdən azad edərək tamamilə öyrənmə prosesinə köklənməsinə şərait yaradır.
Müasir dövrdə geyim və vizual görünüş tez-tez maddi imkanların, sosial statusun və ya sürətlə dəyişən dəb meyllərinin nümayiş etdirilməsi vasitəsinə çevrilir. Lakin təhsil müəssisələrində vahid forma tələbinin tətbiq olunması geyimin qiymətinə, brendinə, dəbə uyğunluğuna və ya hər gün yenilənmə tezliyinə olan izafi marağı əhəmiyyətli dərəcədə azaldır. Şagirdlər geyim üzərindən formalaşa biləcək vizual və psixoloji rəqabətdən uzaqlaşdıqda, onların diqqəti yalnız bilik və bacarıqların əldə olunmasına yönəlir. Bu yanaşma ailələr üzərindəki maddi yükü azaltmaqla yanaşı, təhsilalanlar arasında sosial-iqtisadi fərqlərdən qaynaqlana biləcək ayrı-seçkilik risklərinin də qarşısını alır.
Məktəbdə etik mühitin və intizamın qorunmasında müəllimin rolu müstəsnadır. Təhsilverənlərin əmək funksiyalarını icra edərkən işgüzar üsluba, sadə və səliqəli geyim tələblərinə riayət etməsi məktəbdaxili münasibətlərdə peşəkarlığı və qarşılıqlı hörmət mühitini daha da möhkəmləndirir. Müəllim öz duruşu, davranışı və xarici görünüşü ilə şagird üçün birbaşa canlı nümunədir. İşgüzar geyim stili müəllimin pedaqoji nüfuzunu artırır, eləcə də onun şagirdlər və valideynlər tərəfindən bir peşəkar kimi qəbul edilməsinə, hörmətlə qarşılanmasına müsbət təsir göstərir. Bu, məktəb daxilində müəllim-şagird və müəllim-valideyn münasibətlərində sağlam sərhədlərin saxlanılmasını təmin edir.
Yekun olaraq qeyd etmək olar ki, təhsilalanlar üçün vahid geyim və təhsilverənlər üçün işgüzar üslub tələbləri məktəbdə peşəkar iş mühitinin davamlılığını dəstəkləyən strateji amildir. Bu qaydalar məhdudiyyət kimi deyil, təhsil iştirakçılarının məsuliyyətini artıran, daxili təşkilatlanmanı gücləndirən və məktəbi sırf inkişaf və bilik məkanına çevirən mühüm bir dəyər kimi qiymətləndirilməlidir. Məktəb rəhbərliyi, pedaqoji heyət və valideynlərin bu məsələdə nümayiş etdirdiyi həmrəylik təhsilin ümumi keyfiyyətinin və məktəb mühitinin sağlamlaşdırılmasının ən etibarlı zəmanətidir.

Gültac Vəlibəyli
YAP Odubad rayon təşkilatının fəalı

Digər xəbərlər