13 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının M. Qasımov küçəsi 1 B ünvanı üzrə (Kliniki Tibbi Mərkəz) ərazi partiya təşkilatının müşavirəsi keçirilib. Bakı Slavyan Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, Kliniki Tibbi Mərkəzin baş həkimi Hüseyn Məsimov VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin ölkənin gələcək inkişafı və partiyanın fəaliyyət istiqamətləri baxımından əhəmiyyətini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın tarixi əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrasında partiya təşkilatlarının məsuliyyətini diqqətə çatdırıb. İdeoloji işin gücləndirilməsi, sosial şəbəkələrdə fəallığın artırılması, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhid ailələri və qazilərə diqqət göstərilməsi əsas prioritetlər kimi qeyd olunub.
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov çıxışında təhsilin və vətənpərvərliyin ideoloji təhlükəsizliyin təmin olunmasındakı roluna toxunub. O bildirib ki, səhiyyə əməkdaşları əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, cəmiyyətin sağlamlığının qorunmasına, milli-mənəvi dəyərlərin təbliğinə və dövlətçilik ənənələrinin yaşadılmasına da töhfə verməlidirlər.
Kliniki Tibbi Mərkəzin Qan Bankının müdiri, Həmkarlar İttifaqının sədri Arifə Məmmədova isə çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsindən, Azərbaycanın müstəqil xarici siyasətindən və iqtisadi qüdrətinin beynəlxalq nüfuzunun möhkəmlənməsindəki rolundan bəhs edib. O, səhiyyə işçilərinin həmrəyliyinin, sosial məsuliyyətinin və dövlət siyasətinə dəstəyinin əhəmiyyətini vurğulayıb.
Müşavirədə qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi çağırışlar səhiyyə sahəsində çalışanlar üçün də mühüm istiqamətverici əhəmiyyət daşıyır. Vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği və dövlətçilik prinsiplərinə sədaqət səhiyyə əməkdaşlarının fəaliyyətində əsas prioritetlərdəndir.
Səhiyyə əməkdaşları YAP-ın müəyyənləşdirdiyi hədəflərin həyata keçirilməsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və ölkəmizin davamlı inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.