Dövlətlər arasında münasibətlərin inkişafı müəyyən tarixi mərhələlərdən keçir. Diplomatik əlaqələrin qurulması ilə başlayan bu proses qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr, imzalanan sənədlər və müxtəlif sahələrdə əldə olunan razılaşmalar vasitəsilə daha da möhkəmlənir. Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlərin inkişafına nəzər saldıqda da bu ardıcıllığı aydın görmək mümkündür. Uzun illər ərzində formalaşan diplomatik təmaslar bu gün yeni məzmun qazanır və iki ölkə arasında əlaqələrin daha geniş istiqamətlər üzrə inkişafı üçün imkanlar yaradır.
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər 1994-cü il dekabrın 28-də qurulub. Bu tarix iki ölkə arasında rəsmi əlaqələrin əsasını qoyaraq gələcək əməkdaşlıq üçün hüquqi və siyasi zəmin yaradıb. Sonrakı illərdə qarşılıqlı münasibətlərin inkişafı istiqamətində müxtəlif təmaslar həyata keçirilib, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil olunub.
İkitərəfli münasibətlərin tarixində 2014-cü ilin aprelində Kambocanın o zamankı Baş naziri Hun Senin Azərbaycana səfəri mühüm yer tutur. Həmin səfər çərçivəsində iki ölkə arasında əlaqələrin vəziyyəti və gələcək inkişaf imkanları ilə bağlı təmaslar aparılıb. Bu hadisə Azərbaycan-Kamboca münasibətlərinin yüksək səviyyəli siyasi dialoq müstəvisində inkişafına töhfə verən mühüm mərhələlərdən biri olub. Aradan keçən müddət ərzində tərəflər arasında əlaqələrin davam etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün iş aparılıb.
Diplomatik münasibətlərin ardıcıl inkişafında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr də mühüm rol oynayıb. İlk belə məsləhətləşmələr 2014-cü ilin aprelində Bakıda keçirilib. İkinci raund 2019-cu ilin martında Kambocanın paytaxtı Pnompendə, üçüncü raund isə 2022-ci il iyunun 1-də Bakıda təşkil olunub. 2025-ci il iyulun 21-də Pnompendə keçirilən dördüncü raund münasibətlərin davamlı xarakter daşıdığını və tərəflərin müxtəlif məsələlər üzrə müntəzəm fikir mübadiləsində maraqlı olduğunu göstərib.
Bu təmasların əhəmiyyəti ondan ibarətdir ki, diplomatik münasibətlər yalnız ayrı-ayrı görüşlər və rəsmi bəyanatlarla məhdudlaşmır. Müntəzəm məsləhətləşmələr tərəflərə əvvəlki razılaşmaların icrasını nəzərdən keçirmək, yeni məsələləri müzakirə etmək və qarşılıqlı münasibətlərin inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı verir. Belə bir ardıcıllıq dövlətlər arasında əlaqələrin möhkəm institusional əsaslar üzərində qurulmasına kömək edir.
Azərbaycan-Kamboca münasibətlərinin inkişafında 2026-cı il yeni mərhələ kimi diqqət çəkir. Kamboca Krallığının Baş naziri Hun Manetin oktyabrın 12-də Azərbaycana rəsmi səfəri iki ölkənin əlaqələrinin daha da genişləndirilməsi baxımından mühüm hadisədir. Prezident İlham Əliyev mətbuata bəyanatında Hun Manetin səfərini yüksək qiymətləndirərək onunla əvvəlki görüşləri də xatırladıb. Dövlət başçısının keçmiş Baş nazir Hun Senlə 12 il əvvəl Azərbaycanda keçirdiyi görüşə istinad etməsi münasibətlərin davamlılığına və siyasi dialoqun ardıcıllığına diqqət çəkir.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında üç sənədin imzalanması və sənədlərin mübadiləsi olub. Bu sənədlər ticarət və iqtisadi əməkdaşlıq, diplomatik təhsil və gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması istiqamətlərini əhatə edir. Onların əhəmiyyəti ondadır ki, iki ölkə arasında mövcud münasibətlərin gələcək inkişafı üçün konkret hüquqi çərçivə formalaşdırır.
Ticarət və iqtisadi əməkdaşlıq haqqında çərçivə sənədi tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm əsas yaradır. Dövlətlərarası iqtisadi münasibətlərin inkişafı üçün siyasi iradə ilə yanaşı, biznes subyektlərinin fəaliyyətini asanlaşdıran və qarşılıqlı maraqları uzlaşdıran mexanizmlər də vacibdir. Bu baxımdan sənəd gələcəkdə ticarət əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi təşəbbüslərin nəzərdən keçirilməsi və qarşılıqlı tərəfdaşlığın inkişafı üçün imkanlar yarada bilər.
Gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması və vergi yayınmasının qarşısının alınması haqqında sazişin əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Belə sənədlər beynəlxalq iqtisadi münasibətlərdə hüquqi müəyyənliyin təmin olunmasına, sahibkarların vergi öhdəlikləri ilə bağlı yarana biləcək çətinliklərin azaldılmasına və iqtisadi fəaliyyət üçün daha aydın şəraitin formalaşdırılmasına xidmət edir. Bu istiqamətdə əməkdaşlıq Azərbaycan və Kamboca arasında qarşılıqlı investisiyaların təşviqi üçün əlverişli zəmin yarada bilər.
İmzalanan digər sənəd Azərbaycan Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən ADA Universiteti ilə Kambocanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Münasibətlər Milli İnstitutu arasında əməkdaşlığı nəzərdə tutur. Bu sənəd diplomatik təhsil sahəsində əlaqələrin qurulması və müvafiq qurumlar arasında təcrübə mübadiləsinin inkişafı baxımından əhəmiyyətlidir. Gələcəkdə birgə təlimlərin, akademik görüşlərin və müxtəlif təhsil proqramlarının həyata keçirilməsi üçün imkanlar yarana bilər.
Diplomatik təhsil sahəsində əməkdaşlığın ayrıca sənədlə təsbit olunması dövlətlərarası münasibətlərin yalnız cari siyasi və iqtisadi məsələlərlə məhdudlaşmadığını göstərir. Xarici siyasət sahəsində çalışan mütəxəssislərin bilik və təcrübəsinin artırılması, beynəlxalq münasibətlərə dair yanaşmaların öyrənilməsi və peşəkar əlaqələrin qurulması uzunmüddətli tərəfdaşlığın inkişafına töhfə verir. Bu baxımdan ADA Universiteti ilə Kambocanın müvafiq institutunun əməkdaşlığı humanitar və institusional əlaqələrin genişləndirilməsi üçün perspektivli addımdır.
Səfərin nəticələrini qiymətləndirərkən sənədlərin imzalanması ilə yanaşı, onların icrası məsələsinə də diqqət yetirmək lazımdır. İstənilən beynəlxalq razılaşmanın real əhəmiyyəti onun praktik nəticələrində özünü göstərir. Ticarət və iqtisadi əməkdaşlıq üzrə razılaşmaların biznes dairələri arasında əlaqələrlə, diplomatik təhsil sahəsində sənədin isə konkret proqram və təşəbbüslərlə tamamlanması ikitərəfli münasibətlərin daha səmərəli inkişafına şərait yarada bilər.
Azərbaycanın müxtəlif ölkələrlə diplomatik əlaqələrini genişləndirməsi, tərəfdaşlıq münasibətlərini konkret sənədlərlə möhkəmləndirməsi və əldə olunan razılaşmaların həyata keçirilməsinə diqqət yetirməsi xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan, Kamboca ilə münasibətlər də bu yanaşmanın nümunələrindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan ilə Kamboca arasında son illərdə inkişaf edən diplomatik təmaslar və əldə olunan razılaşmalar qarşılıqlı münasibətlərin yeni məzmunla zənginləşdiyini göstərir. Bu razılaşmaların həyata keçirilməsi isə iki ölkə arasında əlaqələrin daha sistemli şəkildə inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və gələcək tərəfdaşlığın konkret nəticələrlə müşayiət olunmasına töhfə verə bilər.
Məhəmməd Ağayev,
Salyan rayon Yeni Uluxanlı kənd tam orta ümumtəhsil məktəbin direktoru, YAP fəalı