PDF Oxu

Siyasət

  • 1 379

Azərbaycan-Laos: qarşılıqlı etimada əsaslanan əlaqələr inkişaf edir

image

“Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasındakı ikitərəfli münasibətlər 30 ildən artıqdır ki, qarşılıqlı hörmətə, dostluğa və beynəlxalq platformalarda əməkdaşlığa əsaslanır. İki ölkə arasında münasibətlər son dövrlərdə siyasi dialoq müstəvisindən real iqtisadi və strateji tərəfdaşlıq mərhələsinə keçid edir. Uzun illərdir davam edən ənənəvi dostluq əlaqələri Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də ölkəmizə reallaşan rəsmi səfəri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu münasibətlərin təməli keçən əsrin 80-ci illərində qoyulub. Cənab İlham Əliyevin Laos Prezidenti ilə mətbuata bəyanatlarında Thonqlun Sisulit “Ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq və mübadilələr təkcə son illərə təsadüf etmir” söyləyərək bu reallıqları diqqətə çatdırdı ki, bunlar ənənəvi əlaqələrə əsaslanır. Belə ki, 1986-cı ildə Ümummilli Lider Heydar Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində Vientiana səfər edərək Laos rəhbərliyi ilə görüşlər keçirmişdir. Ulu Öndər Heydər Əliyevin Laos Xalq İnqilabı Partiyasının 4-cü Qurultayındakı tarixi çıxışı və Laos xalqının yaddaşında qoyduğu dərin, silinməz izlər iki ölkə arasında möhkəm təməllərə söykənən dostluq münasibətlərinin, Azərbaycan-Laos diplomatiyasının ən mühüm, parlaq səhifələrindən biridir. Laos Prezidenti Thonqlun Sisulit bu ənənəni davam etdirən dövlətimizin başçısı İlham Əliyevə ölkələrimiz, xalqlarımız arasında əlaqələrin uğurlu inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirdi.

Azərbaycanla Laos arasında rəsmi diplomatik münasibətlər 1995-ci ilin may ayında qurulub. Beynəlxalq təşkilatlar çərçivəsində tərəflər bir-birini dəstəkləyir, siyasi həmrəylik nümayiş etdirirlər. Laos Prezidentinin səfəri zamanı iki ölkə arasında qəbul edilən Birgə Bəyanat gələcək əməkdaşlığın rəsmi yol xəritəsinə çevrildi”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, siyasi müstəvidə əlaqələrin çox uğurla inkişaf etdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev eyni mənzərənin iqtisadi sahədə də görmək istədiyimizi diqqətə çatdırdı: “Fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqeyi bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Bakıda keçirilən Laos-Azərbaycan biznes forumu bu istiqamətdə önəmli addım kimi dəyərləndirilir. Cənab İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edildi ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik.
Azərbaycan investisiyalar məkanı kimi tanınmaqla yanaşı, xarici ölkələrə sərmayə qoyuluşu ilə də diqqətdədir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr həm imkanlarımızı göstərir, həm də qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır”.
Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında ayrı-ayrı sahələrdə mövcud əlaqələrdən, həmçinin əməkdaşlığın yeni istiqamətlərindən geniş bəhs etdi: “Parlamentlərarası əlaqələrə diqqəti yönəldərək bildirdi ki, hər iki ölkədə dostluq qrupları yaradılıb və bu da özlüyündə bir göstəricidir. Çünki bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik. Hakim partiyalarımız da sıx əməkdaşlıq edir, bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi təhsildən danışan dövlətimizin başçısı vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını, bu ənənənin bərpa edilməsinin vacibliyini qeyd etdi. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunub. Gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycanda görəcəyimizə əminlik ifadə edildi”.
Millət vəkili bildirib ki, müzakirələrdə diqqət göstərilən əsas məsələlərdən biri bağlantılar və nəqliyyat oldu: “Dövlətimizin başçısı İlham Əliyev Azərbatcanın tranzit imkanlarından bəhs edərək bildirdi ki, ölkə ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb. İndi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Bu əminlik də ifadə olundu ki, hər iki tərəfdə reallaşan bütün layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Ümumi mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Bunun üçün həm imkanlar, həm də qarşılıqlı iradə var. Əlaqələrin inkişafında imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilməklə yanaşı, həmçinin azad viza rejimi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sənədlər imzalandı. Tərəflər iqtisadi və ticarət əlaqələrini, o cümlədən investisiyaları, nəqliyyat və energetika sahələrini genişləndirmək niyyətindədirlər”.
Malik Həsənov qısa təhlil əsasında bu fikri qeyd edib ki, Laos Azərbaycan üçün dost ölkədir: “Qarşılıqlı etimada, dostluğa əsaslanan bu münasibətlər uğurla inkişaf edir. Laos Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində əlaqələrin gələcək inkişafı ilə bağlı müəyyənləşdirilən yeni istiqamətlərin tezliklə davamlı inkişafını görəcəyik. Azərbaycan hər zaman uğurli xarici siyasəti nəticəsində yeni dostlar qazanmaqla bərabər, həm də mövcud tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirmək üçün mühüm addımlar atır. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, səfər Azərbaycan-Laos münasibətlərinə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək”.

Digər xəbərlər