PDF Oxu

Siyasət

  • 460

Azərbaycan və Kamboca münasibətlərinin yeni mərhələsi

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatlar iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Yüksək səviyyəli görüşlərin və ikitərəfli sənədlərin imzalanması mərasiminin ardından təşkil olunan mətbuat konfransı, Bakı ilə Pnompen arasında qarşılıqlı etimada söykənən dinamik dialoqun bariz göstəricisidir.
Dövlətimizin başçısı öz bəyanatında iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi vurğulayaraq bildirib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Kamboca çoxtərəfli platformalarda — o cümlədən BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərəti (AQEM) kimi nüfuzlu təşkilatlarda — prinsipial mövqedən çıxış edirlər. Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn aliliyi prinsiplərinə sadiqlik nümayiş etdirən hər iki dövlət beynəlxalq arenada bir-birinin addımlarını ardıcıl şəkildə dəstəkləyir. Bu qarşılıqlı dəstək qlobal sülh və sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm amillərdən biridir.
Bəyanatda diqqət çəkən məqamlardan biri də hər iki xalqın tarixində üzləşdiyi çətinliklər və post-münaqişə dövründə bərpa prosesidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan işğaldan təmizlənmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparır, “Böyük Qayıdış” proqramını uğurla icra edir. Kambocanın da mina təhlükəsi və bərpa sahəsində zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq, tərəflər sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və minatəmizləmə istiqamətində təcrübə mübadiləsinin vacibliyini ifadə ediblər.
Mətbuata bəyanatda təkcə siyasi dialoq deyil, həm də iqtisadi-ticarət, investisiya, humanitar və təhsil sahələrində işbirliyinin genişləndirilməsi potensialı diqqətə çatdırılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, logistika, kənd təsərrüfatı, turizm və rəqəmsal texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanların olduğunu bildiriblər.

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin bəyanatları iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını göstərir. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək prinsipinə əsaslanan bu tərəfdaşlıq, gələcəkdə həm ikitərəfli əlaqələrin inkişafına, həm də regional və qlobal miqyasda əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər