PDF Oxu

Siyasət

  • 630

Azərbaycan–Kamboca münasibətləri: dostluq və siyasi tərəfdaşlıqdan strateji əməkdaşlığa doğru

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi diqqət çəkir. Oktyabrın 12-də Bakıda keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan və Kamboca mövcud dostluq münasibətlərini daha geniş əməkdaşlıq müstəvisinə çıxarmaqda, siyasi dialoqu iqtisadi və humanitar əlaqələrlə zənginləşdirməkdə maraqlıdırlar.

Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri iki ölkə arasında formalaşmış siyasi münasibətlərin möhkəmliyidir. Dövlət başçısı Azərbaycanla Kambocanın beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və ikitərəfli əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəldiklərini bildirdi. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda əməkdaşlıq tərəflərin beynəlxalq məsələlərə dair dialoqu üçün əhəmiyyətli imkanlar yaradır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əlaqələrin qurulmasıdır. Cənub-Şərqi Asiyanın mühüm dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da bu strategiyanın tərkib hissəsidir. Coğrafi məsafə iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün müəyyən çətinliklər yaratsa da, müasir kommunikasiya vasitələri, biznes əlaqələri və beynəlxalq əməkdaşlıq mexanizmləri həmin maneələri aradan qaldırmaq üçün geniş imkanlar açır.

Prezident İlham Əliyev bəyanatında iqtisadi və ticarət əlaqələrinin hazırkı səviyyəsinin mövcud potensiala uyğun olmadığını qeyd etdi. Dövlət başçısının fikirlərindən aydın görünür ki, tərəflər siyasi münasibətlərin yaratdığı əlverişli şəraitdən istifadə edərək iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəltmək niyyətindədirlər. Bu baxımdan ticarət və investisiyalar üzrə birgə işçi qrupunun yaradılması barədə razılıq xüsusi əhəmiyyət daşıyır. Belə bir mexanizm iqtisadi əlaqələrin genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsinə, sahibkarlar arasında əlaqələrin qurulmasına və qarşılıqlı maraq doğuran layihələrin araşdırılmasına xidmət edə bilər.

Səfər çərçivəsində sənədlərin mübadiləsi də əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addımdır. Azərbaycan və Kamboca arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi, ikiqat vergitutmanın aradan qaldırılması və vergi məsələlərində əməkdaşlıq haqqında saziş, eləcə də ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlığa dair memorandum tərəfdaşlığın müxtəlif sahələrini əhatə edir. Bu sənədlər siyasi iradənin praktiki əməkdaşlıq mexanizmləri ilə tamamlanmasına imkan yaradır.

İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əsas məsələlərdən biri qarşılıqlı bazarlar haqqında məlumatlılığın artırılmasıdır. Prezident İlham Əliyev çıxışında iki ölkənin biznes dairələrinin bir-birini daha yaxından tanımasının vacibliyini vurğuladı. Bu məqsədlə keçirilən biznes forumlar, sahibkarların qarşılıqlı səfərləri və birbaşa danışıqlar iqtisadi tərəfdaşlığın inkişafına mühüm töhfə verə bilər. Azərbaycan və Kamboca şirkətləri arasında əlaqələrin möhkəmlənməsi yeni ticarət kanallarının açılmasına, investisiya imkanlarının müəyyənləşdirilməsinə və birgə istehsal layihələrinin müzakirəsinə şərait yarada bilər.

Dövlət başçısının diqqət çəkdiyi istiqamətlərdən biri də sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması imkanlarıdır. Belə layihələr yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də texnologiya və təcrübə mübadiləsinə, istehsal əlaqələrinin formalaşmasına və yeni işgüzar tərəfdaşlıqların qurulmasına xidmət edə bilər. Turizm, nəqliyyat və rəqəmsal transformasiya da iki ölkənin qarşılıqlı maraqlarının uzlaşdığı sahələr sırasındadır.

Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində formalaşdırdığı ASAN xidmət modeli də Kambocanın maraq göstərdiyi təcrübələrdəndir. Bu təcrübənin öyrənilməsi dövlət idarəçiliyində səmərəlilik, vətəndaş məmnunluğu və xidmətlərin əlçatanlığı kimi məsələlər üzrə fikir mübadiləsinə imkan yaradır. İdarəçilik təcrübəsinin paylaşılması iki ölkənin əməkdaşlığını yalnız iqtisadi sahə ilə məhdudlaşdırmır, institusional inkişaf istiqamətində də genişləndirir.

Humanitar əlaqələr Azərbaycan–Kamboca münasibətlərinin digər mühüm istiqamətidir. Prezident İlham Əliyev keçmişdə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpasının əhəmiyyətini qeyd etdi. Təhsil sahəsində əməkdaşlıq gənclər arasında əlaqələrin qurulmasına, elmi və mədəni mübadilənin genişlənməsinə, xalqların bir-birini daha yaxından tanımasına kömək edə bilər. Bu istiqamətdə ADA Universiteti ilə Kambocanın müvafiq diplomatik təhsil müəssisəsi arasında imzalanmış memorandum da mühüm zəmin yaradır.

Bəyanatda təhlükəsizlik və humanitar baxımdan həssas məsələlərə də toxunuldu. Prezident İlham Əliyev mina probleminin Azərbaycan və Kamboca üçün ortaq çətinliklərdən biri olduğunu bildirdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin yaratdığı fəsadlar insanların təhlükəsizliyinə, bərpa işlərinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi təsir göstərir. Bu sahədə təcrübə, bilik və mütəxəssis hazırlığı üzrə əməkdaşlıq hər iki ölkə üçün faydalı ola bilər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işlərinin aparılması, Böyük Qayıdış proqramının həyata keçirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə artıq təxminən 100 min insan yaşayır və işləyir. Bu proses Azərbaycanın münaqişədən sonrakı inkişaf mərhələsinin əsas xüsusiyyətlərindən biridir. Eyni zamanda, dövlət başçısının beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqlik barədə fikirləri ölkəmizin prinsipial mövqeyini bir daha ifadə edir.

Azərbaycan və Kambocanın beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmətə əsaslanan yanaşmaları siyasi dialoqun dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, tərəflər yalnız mövcud əlaqələri qorumaqla kifayətlənmək deyil, onları konkret nəticələrlə zənginləşdirmək niyyətindədirlər.

Beləliklə, Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Səfər zamanı əldə edilən razılaşmaların uğurla həyata keçirilməsi siyasi dostluğun iqtisadi, humanitar və institusional əməkdaşlıqla tamamlanmasına şərait yaradacaq. Əsas məsələ razılaşmaların ardıcıl icrası, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və hər iki ölkənin malik olduğu imkanlardan qarşılıqlı fayda naminə istifadə edilməsidir. Bu istiqamətdə atılan addımlar Azərbaycan–Kamboca münasibətlərini daha dinamik və məzmunlu tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər.

Elnur Qəhrəmanov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər