Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonu zəngin tarixi, əlverişli coğrafi mövqeyi və özünəməxsus təbiəti ilə seçilir. Qarabağ bölgəsinin cənub-şərqində yerləşən rayon Araz çayının sahilinə yaxın əraziləri, münbit torpaqları, su ehtiyatları və kənd təsərrüfatı imkanları ilə mühüm əhəmiyyət daşıyır. Rayonun ərazisindən keçən çaylar, xüsusilə Köndələnçay, burada əkinçiliyin və təsərrüfatın inkişafı üçün əlverişli şərait yaratmışdır. Füzuli tarixən Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus yer tutmuşdur. Bu torpaq zəhmətkeş insanları, milli-mənəvi dəyərləri, adət-ənənələri və Vətənə bağlılığı ilə tanınmışdır. Rayonun kəndləri, yaşayış məntəqələri, tarixi abidələri və mədəni irsi xalqımızın keçmişindən xəbər verən qiymətli sərvətlərdir. Lakin XX əsrin sonlarında baş verən Ermənistan-Azərbaycan münaqişəsi Füzulinin taleyində ağır izlər buraxdı. 1993-cü ildə rayonun bir sıra əraziləri, o cümlədən Füzuli şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun minlərlə sakini doğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. İnsanların evləri dağıdıldı, yaşayış məntəqələri viran qoyuldu, tarixi və mədəni irsə ciddi ziyan dəydi. Bütün çətinliklərə baxmayaraq, füzulililər doğma torpağa qayıdacaqları günə inamlarını itirmədilər. Onların qəlbində Vətən sevgisi, yurd həsrəti və torpaqların azad olunacağına olan ümid daim yaşadı. Bu inam illər sonra Azərbaycanın şanlı Zəfəri ilə gerçəyə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. Döyüş meydanında misilsiz qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri bir-birinin ardınca yaşayış məntəqələrimizi azad etdilər. Füzuli istiqamətində aparılan əməliyyatlar da müharibənin mühüm mərhələlərindən biri oldu. Ağır döyüşlər nəticəsində rayonun kəndləri və strateji əhəmiyyətli mövqeləri düşməndən təmizləndi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixində əlamətdar hadisəyə çevrildi. Bu xəbər illərlə yurd həsrəti çəkən insanların qəlbində sevinc, qürur və böyük ümid yaratdı. Füzulinin azadlığı təkcə bir şəhərin düşmən işğalından qurtulması deyildi. Bu, tarixi ədalətin bərpası, xalqımızın iradəsinin təntənəsi və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizəsinin parlaq nəticəsi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlərimiz canlarını Vətənə fəda etdilər, qazilərimiz sağlamlıqlarını itirdilər. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün azad Füzulidə atılan hər bir addım, aparılan hər bir quruculuq işi həmin igidlərin müqəddəs xatirəsinə ehtiramın ifadəsidir.
2020-ci il dekabrın 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu tarix xalqımızın Zəfər salnaməsinin ayrılmaz hissəsinə çevrilmişdir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri oldu. Füzulidə həyata keçirilən genişmiqyaslı layihələr doğma torpaqların dirçəldilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi məqsədi daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri bu prosesin sürətləndirilməsində mühüm rol oynadı. Dövlət başçısının səfərləri zamanı infrastruktur layihələrinin təməli qoyuldu, tikinti işlərinin gedişi ilə tanışlıq keçirildi və gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Bu hadisə azad edilmiş şəhərdə dövlət suverenliyimizin və milli qürurumuzun rəmzi kimi xüsusi əhəmiyyət daşıdı. Həmin səfər zamanı Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Bu yolun salınması işğaldan azad edilmiş ərazilər arasında nəqliyyat əlaqələrinin qurulması və Qarabağın bərpası baxımından mühüm addım idi. 2021-ci il yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Hava limanının inşası Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsi, regionun ölkənin digər əraziləri və xarici dövlətlərlə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı. Fevralın 14-də Prezident Füzuli şəhərinin Baş planının təsdiqlənməsi ilə bağlı tədbirlərdə iştirak etdi, Horadiz-Ağbənd və Ağdam-Füzuli avtomobil yollarının tikintisi ilə tanış oldu. Həmin gün rayonda 180 çarpayılıq xəstəxananın təməli qoyuldu. Bu layihələr göstərirdi ki, azad edilmiş ərazilərdə bərpa prosesi yalnız yolların və binaların inşası ilə məhdudlaşmır, insanların sağlamlığı, sosial rifahı və gələcək həyat şəraiti də diqqət mərkəzində saxlanılır. 2021-ci il martın 15-də Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. İyunun 14-də isə dövlət başçısı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış oldu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda və Zəfər yolunda görülən işlərlə maraqlandı. Həmin gün Füzuli rayonunda 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyasının açılışı oldu.
2021-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin gün Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyuldu. Bu layihələr Füzulinin yalnız fiziki cəhətdən deyil, həm də iqtisadi, texnoloji və sosial baxımdan yenidən qurulmasının əsasını təşkil etdi. Azərbaycanın dost və qardaş ölkələrlə münasibətləri işğaldan azad edilmiş ərazilərin bərpası prosesində də özünü göstərir. Bu baxımdan Özbəkistan Respublikasının Azərbaycana göstərdiyi dəstək xüsusi qeyd olunmalıdır. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarixi köklər, türk dünyasına mənsubluq, dil və mədəniyyət yaxınlığı, qarşılıqlı hörmət və dostluq münasibətləri birləşdirir. Azərbaycanın ərazi bütövlüyünə verilən dəstək və Qarabağın bərpası prosesində göstərilən həmrəylik bu qardaşlığın əməli ifadəsidir. Özbəkistanın Füzulidə həyata keçirilən layihələrə verdiyi töhfə iki ölkə arasında münasibətlərin səmimi və etibarlı xarakterini nümayiş etdirir. Füzuli şəhərində Mirzə Uluqbəyin adını daşıyan müasir ümumtəhsil məktəbinin Özbəkistanın dəstəyi ilə inşa edilməsi bu əməkdaşlığın ən əlamətdar nümunələrindən biridir. Məktəbin yaradılması yalnız təhsil müəssisəsinin tikilməsi deyil, həm də gələcək nəsillərə ünvanlanan dostluq və qardaşlıq mesajıdır.
Təhsil hər bir cəmiyyətin inkişafında mühüm rol oynayır. Müasir məktəbin qurulması uşaqların keyfiyyətli təhsil alması, sağlam mühitdə böyüməsi və gələcəyə inamla addımlaması üçün əhəmiyyətli imkanlar yaradır. Bu layihə həmçinin Füzulidə həyatın yenidən canlanmasına, sosial infrastrukturun genişlənməsinə və şəhərin gələcək inkişafına xidmət edir. Özbəkistanın göstərdiyi dəstək onu da təsdiqləyir ki, Qarabağın bərpası yalnız Azərbaycanın deyil, dost və qardaş xalqların da diqqətində olan mühüm məsələdir. Belə təşəbbüslər türk dövlətləri arasında əməkdaşlığın güclənməsinə, ortaq dəyərlərin qorunmasına və gələcək nəsillər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu gün Füzuli şəhərində və rayonun digər ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri yeni həyatın başlanğıcını ifadə edir. Müasir yollar, elektrik və su təchizatı sistemləri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri regionun davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, avtomobil yollarının inşası və şəhərin Baş planına uyğun yenidən qurulması Qarabağın iqtisadi potensialının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu layihələr regionda nəqliyyat əlaqələrinin genişləndirilməsinə, investisiya imkanlarının artmasına və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Bütün bunların mərkəzində insan amili dayanır. Əsas məqsəd doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması, təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, uşaqların məktəbə, ailələrin öz doğma ocaqlarına qovuşmasıdır. İllərlə yurd həsrəti ilə yaşayan füzulililər üçün bu qayıdış sadəcə ünvan dəyişikliyi deyil, həyatın yenidən başlanması deməkdir. Füzulinin dirçəlişi Azərbaycan xalqının əzminin, dövlətimizin gücünün və milli birliyimizin təcəssümüdür. Bir vaxtlar dağıntılara məruz qalmış ərazilərdə yeni binaların ucalması, yolların çəkilməsi və sosial infrastrukturun qurulması xalqımızın gələcəyə olan inamını daha da gücləndirir.
17 Oktyabr – Füzuli Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və minnətdarlıq günüdür. Bu tarix bizə torpağın qədrini bilməyi, Vətən uğrunda canından keçən qəhrəmanları unutmamağı və əldə olunan Zəfərin məsuliyyətini dərk etməyi xatırladır. Füzuli artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, həm də gələcəyin quruculuq salnaməsi ilə yaşayır. Onun hər küçəsi, hər yeni binası və hər inkişaf layihəsi azadlığın, qayıdışın və yenidən doğuluşun ifadəsidir. Əminliklə demək olar ki, Füzuli bundan sonra da Azərbaycanın inkişaf edən, müasirləşən və milli-mənəvi dəyərlərini qoruyan şəhərlərindən biri kimi öz mövqeyini möhkəmləndirəcək. Füzulinin azadlığı tariximizə Zəfər kimi yazıldığı kimi, onun yenidən qurulması da gələcək nəsillər üçün quruculuq və həmrəylik nümunəsi olacaq.
17 Oktyabr – Füzuli Şəhəri Günü
Azad Füzuli yaşayır, inkişaf edir və gələcəyə inamla addımlayır!
Sürəyya Qasımova
YAP Naxçıvan şəhər təşkilatı “İdris Məmmədov 48” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri müavini,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü