PDF Oxu

Siyasət

  • 723

Prezident İlham Əliyevin qlobal xəbərdarlığı: beynəlxalq qərarlar icra olunmalıdır

Prezident İlham Əliyevin qlobal xəbərdarlığı: beynəlxalq qərarlar icra olunmalıdır

Oktyabrın 15-də Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə toplantısı bir neçə mühüm tendensiyanı üzə çıxardı: dialoq platformalarına artan tələbat, müstəqil xarici siyasətin əhəmiyyəti və beynəlxalq institutlara etimad böhranının dərinləşməsi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bu məsələləri konkret tarixi təcrübə və qlobal problemlə — beynəlxalq qərarların icrası üçün təsirli mexanizmlərin olmaması ilə əlaqələndirdi.
Zirvə toplantısında dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Laosun Müşavirəyə üzv qəbul edilməsi və Azərbaycanın sədrliyinin daha iki il — 2028-ci ilədək uzadılması toplantının praktiki nəticələri oldu. İştirakçılar Bakının platformanın inkişafına və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdilər.
AQEM-in tərkibinin genişlənməsi çoxtərəfli diplomatiyaya marağın davam etdiyini göstərir. Münaqişələrə və ziddiyyətlərin kəskinləşməsinə baxmayaraq, dövlətlər təmasları qoruyub saxlamağa imkan verən mexanizmlərə ehtiyac duyurlar. Azərbaycanın sədrliyinin uzadılması Bakıya bu dialoqun məzmununa təsir göstərmək üçün əlavə imkan yaradır.
Zirvə toplantısının siyasi əhəmiyyəti qəbul edilmiş təşkilati qərarların hüdudlarından kənara çıxır. Beynəlxalq münasibətlərin getdikcə daha çox bir-birinə qarşı duran düşərgələrin məntiqinə tabe olduğu şəraitdə fərqli maraqlara malik dövlətləri bir masa arxasında toplamaq bacarığı mühüm xarici siyasət üstünlüyünə çevrilir.
Bu kontekstdə İsrail Prezidenti İsxak Hersoqun iştirakı diqqətəlayiqdir. Onun iştirakını İlham Əliyevin tərəfdaş seçiminə ardıcıl yanaşmasının təzahürü kimi qiymətləndirmək olar: qərarlar Azərbaycanın milli maraqları əsasında qəbul edilir.
Belə yanaşma əməkdaşlığı davam etdirmək və eyni zamanda beynəlxalq hadisələrə dair öz qiymətləndirməsini qoruyub saxlamaq azadlığını nəzərdə tutur. Tərəfdaşlıq hər bir məsələdə mövqelərin üst-üstə düşməsini tələb etmir. Müstəqillik hətta kəskin regional fikir ayrılıqları şəraitində belə qarşılıqlı fəaliyyət kanallarını qoruyub saxlamağa imkan verir.
Bakı üçün bunun praktiki əhəmiyyəti var. Tərəfdaşların dairəsi nə qədər geniş, onun xarici siyasət kursuna etimad nə qədər möhkəm olarsa, dialoqa töhfə vermək imkanları da bir o qədər çox olar. Xüsusilə də bu gün, qeyd-şərtsiz kiminsə tərəfini tutmaq tələbi ilə göstərilən təzyiqlərin diplomatiyanın imkanlarını daraltdığı bir vaxtda.
Prezidentin çıxışının əsas mövzularından biri beynəlxalq institutların səmərəliliyidir. Azərbaycan üçün bu məsələ onilliklərlə davam etmiş işğal və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması ilə bağlıdır.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün ölkə işğaldan azad edilmiş əraziləri bərpa edir və sülh gündəliyini irəli aparır. Lakin bu təcrübə beynəlxalq sistem qarşısında prinsipial bir sual qoyur: qəbul edilmiş tələblər illərlə praktiki addımlarla təmin olunmursa, onun qərarlarına etimadı necə qorumaq olar?
Bunun nəticələri bir münaqişənin hüdudlarından çox kənara çıxır. Beynəlxalq öhdəliklər kağız üzərində qaldıqda dövlətlər öz güclərini təhlükəsizliyin əsas təminatı kimi görməyə başlayırlar. Bu, hərbi potensialın əhəmiyyətini artırır, qarşılıqlı şübhələri gücləndirir və preventiv diplomatiyanın imkanlarını azaldır.
Prezidentin anaxronizm və atavizm nümunələri adlandırdığı Avropa Parlamentinə və Avropa Şurasına ünvanlanan sərt tənqid də bu kontekstdə nəzərdən keçirilməlidir. Bu qiymətləndirmənin arxasında bəyan edilən prinsiplərin tətbiqində ardıcıllığa dair daha geniş müzakirə dayanır. Beynəlxalq strukturların nüfuzu onların qərar və fəaliyyətlərinin vahid meyarlara nə dərəcədə uyğun gəlməsindən asılıdır.
Çıxışda siyasi rəhbərlərin məsuliyyəti məsələsi xüsusi yer tutdu. Azərbaycan Prezidenti bildirdi ki, müharibə cinayətlərində və uşaqların qətlində təqsirli olan Ermənistanın üç sabiq prezidenti və onların tərəfdarları layiq olduqları cəzanı almayıblar. Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş rəhbərliyi sələflərinin cinayətkar siyasətini davam etdirib.
Bu tezis siyasi varislik probleminə toxunur. Rəhbərlərin dəyişməsi öz-özlüyündə əvvəlki kursdan imtina edildiyini hələ təsdiqləmir. Etimad dəyişikliklərin dönməzliyinə əmin olmağa imkan verən konkret qərarlar və ardıcıl addımlar sayəsində yaranır.
Prezidentin Bakı məhkəmə prosesi ilə Nürnberq Tribunalı arasında apardığı analogiya fərdi məsuliyyətin əhəmiyyətini vurğulayır. Eyni zamanda, Azərbaycanın qələbədən sonra sülh təklif etdiyinə dair bəyanatı gələcəyə dair perspektivi göstərir.
Bu yanaşmaların uzlaşdırılması ciddi siyasi iş tələb edir: məsuliyyət məsələləri hüquq müstəvisində həll olunmalı, sülh gündəliyi isə zorakılığın təkrarlanmayacağı şərait yaratmalıdır. Sülhün dayanıqlılığı həm keçmişə münasibətdən, həm də yeni münasibətlər qurmağa hazır olmaqdan asılıdır.
Prezident İlham Əliyevin çıxışının qlobal məzmunu bu xəbərdarlıqda ifadə olunur: beynəlxalq qərarların icrası üçün təsirli mexanizmlər olmadan mövcud müharibələr davam edəcək, yeni münaqişələr isə yaranacaq.

Cənubi Qafqazdan Yaxın Şərqədək diplomatik bəyanatlarla reallıq arasındakı uçurumun bədəli insan həyatları ilə ödənilir. İcra olunmayan hər bir qərar növbəti qərara etimadı zəiflədir, prinsiplərin seçmə qaydada tətbiqi isə beynəlxalq hüquqa riayət olunmasına dair çağırışların inandırıcılığını azaldır.
AQEM-də qarşıdakı iki illik sədrlik Azərbaycana etimadın əməllərlə möhkəmləndirildiyi, beynəlxalq razılaşmaların isə praktiki davamını tapdığı bir gündəliyi irəli aparmaq imkanı verir. Çoxtərəfli diplomatiyaya tələbatı məhz belə nəticələrə nail olmaq bacarığı müəyyən edəcək.

Anastasiya Lavrina
YAP Gənclər Birliyinin üzvü

Digər xəbərlər