PDF Oxu

Siyasət

  • 702

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran Sosial Aqrar-Texnoloji Kollecində müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran Sosial Aqrar-Texnoloji Kollecində müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı və 4 saylı ərazi partiya təşkilatının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbir Lənkəran Sosial Aqrar-Texnoloji Kollecində təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan Lənkəran Sosial Aqrar-Texnoloji Kollecinin direktoru, 4 saylı ərazi partiya təşkilatının sədri, YAP-ın VIII Qurultayının nümayəndəsi Leyla İbrahimova qurultayda müəyyənləşdirilən strateji hədəflərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərin dövlətin gücünü, xalqın birliyini və milli maraqlara əsaslanan siyasətin uğurlarını nümayiş etdirdiyini bildirib. Leyla İbrahimova qeyd edib ki, partiya üzvləri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal mövqe tutmalı, çalışdıqları sahələrdə məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirməlidirlər.

YAP Lənkəran rayon təşkilatının əməkdaşı Sitarə Babayeva çıxışında partiyanın cəmiyyətdəki rolundan, ideoloji fəaliyyətin gücləndirilməsinin və üzvlərlə işin müasir tələblər əsasında qurulmasının vacibliyindən danışıb. O, YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin hər bir partiya üzvü üçün fəaliyyət istiqaməti olduğunu diqqətə çatdıraraq, milli maraqların qorunması, dövlətçilik ənənələrinin yaşadılması və gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının əhəmiyyətini qeyd edib.

Kollecin direktor köməkçisi, ərazi partiya təşkilatının sədr müavini Aygün Axundzadə çıxışında təhsil müəssisələrinin gənc nəslin formalaşmasında mühüm rolundan bəhs edib. O, tələbələrdə vətənə bağlılıq, dövlətçilik düşüncəsi, milli-mənəvi dəyərlərə hörmət və vətəndaş məsuliyyəti hissinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, gənclərin bilikli, fəal və yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi yetişməsi Azərbaycanın gələcək inkişafının əsas şərtlərindəndir.

Lənkəran Sosial Aqrar-Texnoloji Kollecinin Aqrar və Texnoloji şöbəsinin müdiri vəzifəsini icra edən Ziya Əlinur çıxışında ölkənin iqtisadi inkişafında aqrar sektorun və müasir texnologiyaların əhəmiyyətinə toxunub. O, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinin, peşəkar kadr hazırlığının və əmək bazarının tələblərinə uyğun təhsilin genişləndirilməsinin vacibliyini qeyd edib. Ziya Əlinur bildirib ki, iqtisadi potensialın gücləndirilməsi, yerli istehsalın inkişafı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması Azərbaycanın davamlı inkişaf hədəflərinə xidmət edir.

Kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyev isə çıxışında tələbələrin peşə bacarıqlarının inkişafı, əmək bazarına inteqrasiyası və gələcək karyera imkanlarının genişləndirilməsi məsələlərindən danışıb. O, təhsil, istehsalat təcrübəsi və real iş mühiti arasında əlaqələrin möhkəmləndirilməsinin gənclərin peşəkar hazırlığında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, müasir dövrdə rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsi ölkənin insan kapitalının inkişafına və iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Görüş zamanı YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası, dövlətçilik ideologiyasının təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, aqrar və texnoloji sahələrdə innovasiyaların tətbiqi, eləcə də peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda vurğulanıb ki, qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılması hər bir partiya üzvündən fəallıq, təşəbbüskarlıq və məsuliyyət tələb edir. Bu istiqamətdə təhsil müəssisələrinin, xüsusilə gənc nəslin hazırlanması ilə məşğul olan kollektivlərin üzərinə mühüm vəzifələr düşür.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər