Zəngilan Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli qürur hissini daha da gücləndirən əlamətdar günlərdən biridir. Hər il oktyabrın 20-də qeyd olunan bu gün xalqımızın Vətənə bağlılığını, dövlətimizin qüdrətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini özündə əks etdirir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilmişdir. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gələcək nəsillərə milli-mənəvi dəyərlərimizin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Zəngilan rayonu Azərbaycanın zəngin tarixi, mədəni irsi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən bölgələrindən biridir. Uzun illər işğal altında qalan bu qədim torpaq öz doğma sakinlərinin həsrətini yaşasa da, Azərbaycan xalqının qəlbində Zəngilana qayıdış ümidi heç zaman sönməmişdir.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Döyüş meydanında nümayiş etdirilən yüksək peşəkarlıq, əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və dövlətimizin siyasi iradəsi tarixi Qələbəni təmin edən əsas amillər oldu.2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri kimi tarixə düşdü. Bu hadisə yalnız bir şəhərin azad olunması deyil, həm də onilliklər ərzində doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidlərinin gerçəkləşməsi demək idi.Zəngilanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan tarixi ədalətin təntənəsi idi.
Azərbaycanın qazandığı tarixi Qələbənin təməlində güclü dövlətçilik, ardıcıl siyasi strategiya, iqtisadi inkişaf və milli birliyin vəhdəti dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin müdafiə qüdrətinin artırılmasına, ordumuzun müasirləşdirilməsinə və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsinə şərait yaratmışdır.Vətən müharibəsi bir daha göstərdi ki, dövlət və xalq birliyi Azərbaycanın ən böyük güc mənbəyidir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək milli maraqların qorunması, ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərpası naminə həmrəylik nümayiş etdirdi.Zəngilanın azad edilməsi bu qətiyyətli siyasətin və xalqımızın mübarizə əzminin parlaq nəticələrindən biridir. Bu gün Zəngilan Şəhəri Günü qeyd edilərkən, ilk növbədə, həmin tarixi Qələbəni mümkün edən şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin şücaəti dərin ehtiramla xatırlanır.
Malik Mirzəyev,
YAP Lerik Rayon Təşkilatının sədri