PDF Oxu

Siyasət

  • 1 297

Müasir Zəngilan modeli: quruculuq və innovasiya

Müasir Zəngilan modeli: quruculuq və innovasiya

“Müstəqilliyimizin ilk illərində Cənubi Qafqazda erməni separatizminin baş qaldırması və ölkəmizə qarşı irəli sürülən ərazi iddiaları nəticəsində Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunurdu. 29 oktyabr 1993-cü ildə Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi və mədəni irsi ilə seçilən qədim yaşayış məskəni Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayona hücum edən Ermənistan silahlı birləşmələri dinc əhaliyə, zəngilanlılara qarşı amansızlıq və qəddarlıq nümayiş etdirdilər. Rayonun infrastrukturu dağıdıldı, şəhər talan edildi, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Bu işğal nəticəsində Zəngilanın əsrlərin yaddaşını yaşadan tarixi-mədəni irsinə ağır zərbələrə məruz qaldı. Xalqımızın milli-mənəvi sərvətlərini məhv etməyi, tarixi izlərini silməyi hədəfləyən erməni işğalçılığı nəticəsində doğma yurdumuz talan oldu.”

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O bildirib ki, dünya birliyi isə bu ədalətsizliyə susdu, beynəlxalq hüququn və ədalət prinsiplərinin kobud şəkildə pozulmasına göz yumaraq ikili standartlar nümayiş etdirdi. Regionda qan tökülməsinin əleyhinə olan, humanizm prinsiplərini müdafiə edən Azərbaycan bütün çətinliklərə baxmayaraq sülhə və münaqişənin siyasi yollarla həllinə üstünlük verirdi. Lakin ölkəmizin sülh çağırışları qarşı tərəfin işğalçılıq siyasətinə son qoymadı.
Beynəlxalq birliyin uzun illər ərzində nümayiş etdirdiyi fəaliyyətsizlik, işğalçıya qarşı təsirli tədbirlərin görülməməsi Ermənistanın daha da azğınlaşmasına şərait yaratdı. İşğalçı ölkə tarixi torpaqlarımızdan çıxmaq əvəzinə, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürür, cəbhə xəttində hərbi təxribatlarını davam etdirirdi. Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi təxribatlar, xüsusilə 2020-ci ilin iyulunda Tovuz istiqamətində Azərbaycan mövqelərinə hücumları vəziyyəti daha da gərginləşdirdi. Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlələr isə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə aparan proseslərin fonunda baş verdi.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə qalxdı. Qısa zaman ərzində torpaqlarımız işğaldan azad olunmağa başladı. Digər rayonlarımızın azad edilməsindən sonra ölkə başçısının qətiyyətli siyasəti və Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində strateji əhəmiyyətə malik Zəngilan da azadlığına qovuşdu. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycan İran dövlət sərhədinin işğal altında qalan hissəsinə nəzarət bərpa olundu. Bununla da 132 kilometrlik sərhəd xətti Azərbaycanın nəzarətinə keçdi. Müharibədən dərhal sonra isə sərhəd boyunca zəruri mühəndis-istehkam və mühafizə tədbirləri həyata keçirildi, dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı.
Azadlığa qovuşan Zəngilanı yenidən görmək nə qədər sevindirici olsa da, qarşılaşdığımız mənzərə bir o qədər məyusedici idi. İşğalın ağrılarını yaşamış, Zəfərin sevincinə qovuşmuş Zəngilan düşmən tərəfindən tamamilə dağıdılmış, şəhər və kəndləri yerlə-yeksan edilmişdi. Tarixi-mədəni irsimizə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurulmuşdu. Bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonun yenidən qurulmasına başlanıldı. Zəngilanda yeni yaşayış binaları inşa edildi, yollar və körpülər salındı, müasir infrastruktur yaradıldı. Uzun illər doğma yurdlarından ayrı düşmüş zəngilanlıların öz evlərinə qayıdışı üçün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə başlandı. Bir vaxtlar dağıntıların hökm sürdüyü bu torpaqlarda yenidən həyat canlanmağa başladı. Bunun ardınca “Böyük Qayıdış” prosesi çərçivəsində Zəngilanda məskunlaşma davam etdi. Ağalı kəndinin dünyanın ən müasir ağıllı kəndlərindən biri kimi qurulması, yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun yaradılması və əhalinin işlə təmin olunması rayonun dayanıqlı inkişafına və sakinlərin doğma torpaqlarında daimi məskunlaşmasına xidmət edir.
Deputat söyləyib ki, 20 oktyabr 2020-ci ildə Zəngilanın işğaldan azad olunması qəhrəmanlıq və şərəf tariximizin parlaq səhifələrindən biridir. Prezident İlham Əliyevin qətiyyəti ilə azad olunan Zəngilan bu gün həmin qətiyyətlə qurulur və inkişaf edir. Zəngilanda bayrağımızın dalğalanması xalqımızın iradəsinin və tarixi Zəfərimizin təntənəsidir. Bir daha əminliklə bildiririk ki, Zəngilanımıza və işğaldan azad olunmuş digər ərazilərimizə heç kim yan gözlə baxa bilməz. Çünki dövlətimizin qüdrəti və xalqımızın birliyi torpaqlarımızın təhlükəsizliyinin təminatıdır.

Digər xəbərlər