Oktyabrın 19-da “F.İbrahimbəyov küç. 21” ünvanı üzrə (Bakı şəhər Dezinfeksiya Mərkəzi) ərazi partiya təşkilatı və “F.İbrahimbəyov küç. 21” ünvanı üzrə ("İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi" QHT) ərazi partiya təşkilatının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirəsi keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov, "İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi" İctimai Birliyinin sədri Elşən Ağayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Bakı şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov iştirakçıları salamlayaraq diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin dayanıqlı inkişaf dinamikasını müəyyən edən mühüm dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışı əhalinin profilaktik-sanitar təhlükəsizliyinin təmin olunması, epidemioloji sabitliyin qorunması və səhiyyə infrastrukturlarının səmərəliliyinin artırılması istiqamətində tibb işçilərinin qarşısına mühüm vəzifələr qoyub. Mərkəz direktoru qeyd edib ki, Bakı şəhər Dezinfeksiya Mərkəzinin kollektivi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə hər zaman sadiqdir və bundan sonra da həm ictimai sağlamlığın qorunmasında, həm də partiya ideayalarının təbliğində fəal mövqeyini sürdürəcəkdir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi əhəmiyyəti, postmüharibə dövründə vətəndaş cəmiyyəti və səhiyyə strukturlarının qarşısında duran əsas hədəflər barədə geniş və ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər yerlərdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının, o cümlədən QHT sektoru və səhiyyə xidmətləri sahəsində çalışan partiya fəallarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dövrdə insan hüquqlarının müdafiəsi, ekoloji təhlükəsizlik və sanitariya-profilaktika sahəsində görülən işlər insan kapitalının qorunması və cəmiyyətin rifahı ilə bilavasitə bağlıdır. QHT-lər və dövlət müəssisələri ideoloji işdə qarşılıqlı fəaliyyət yaradaraq cəmiyyətdə milli-mənəvi dəyərlərin, dövlətçilik prinsiplərinin və vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməlidirlər. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Bakı şəhər Dezinfeksiya Mərkəzi və "İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi" QHT-nin ərazi partiya təşkilatları zəngin ictimai və peşəkar potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiya ideyalarının geniş kütlələrə çatdırılması istiqamətində hər iki təşkilatın partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq devam etdirəcəkdir.
Çıxış edən "İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi" İctimai Birliyinin sədri Elşən Ağayev vətəndaş cəmiyyəti institutlarının ölkədə həyata keçirilən dövlət siyasətinə dəstəyi, ekoloji və hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətlərindən söhbət açıb. E.Ağayev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi, ətraf mühitin qorunması və QHT-lərin inkişafı üçün hərtərəfli şərait yaradılıb. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyət proqramı kimi qəbul edərək partiya ideallarının təbliğində və ictimai layihələrin icrasında fəal iştirak edəcəklərini bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.