20 oktyabr – 20 noyabr tarixlərinin ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar 13 noyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Sərhədabad kənd tam orta ümumtəhsil məktəbində və Cəlilabad şəhər Rəşad Abdullayev adına 2 saylı tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir təşkil olunub.
Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilovanın, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının böyük mütəxəssisi İbrahim Zeynallının, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Elvin Cavadzadənin, Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndəsi Xanoğlan Bəhmənlinin, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Qorxmaz Əliyevin, eləcə də yuxarı sinif şagirdlərin iştirak etdikləri tədbirdə çıxışlar zamanı “Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin hüquqi əsasları və prioritet istiqamətləri” və “Uşaq hüquqlarının təmin olunması və müdafiəsinin hüquqi mexanizmləri” mövzularına toxunulub. Şagirdlərə uşaq hüquqlarının qorunması, təmin olunması, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri və mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tural Əliyev,
Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi