Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayaraq Zirvə Görüşünü açıq elan edib. Prezident ilk olaraq gündəliyi təsdiq edib və gündəlikdə duran ilk mühüm qərarı elan edib. Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması haqqında qərar etirazsız qəbul olunub. Prezident bunu AQEM-in Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisə kimi qiymətləndirib və bunun məhz Azərbaycanın sədrliyi dövründə Bakı Zirvəsi çərçivəsində baş verməsini yüksək qiymətləndirdiyini bildirib. Bununla da təşkilatın üzv sayı 28-dən 29-a çatıb.
Daha sonra AQEM-in hazırkı sədri qismində çıxış edən Prezident İlham Əliyev ilk növbədə 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə bütün üzv dövlətlərə minnətdarlığını bildirib. O qeyd edib ki, biz bunu hörmət və etimad əlaməti hesab edirik.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın geosiyasi rolunu xüsusi vurğulayıb. O bildirib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir.
Dövlət başçısı çıxışının əsas hissəsini beynəlxalq münasibətlərdə ikili standartlara qarşı prinsipial mövqeyə həsr edib. O bəyan edib ki, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunub. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovaraq etnik təmizləmə həyata keçirib.
Prezident qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, onlar 30 il ərzində kağız üzərində qalıb. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə imitasiya xarakteri daşıyıb. Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi.
Ermənistanın əvvəlki rəhbərliyinin, yəni hər üç keçmiş prezidentin və onların tərəfdarlarının bu müharibə cinayətkarları və uşaq qatillərinin hələ də layiq olduqları cəzanı almadığını, hazırkı rəhbərliyin isə 2018-ci ildən sələflərinin cinayətkar siyasətini davam etdirdiyini bildirib. Prezident xatırladıb ki, Ermənistanın Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" deyib, müdafiə naziri isə Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edib. Bütün bu hədsiz həyasızlığa beynəlxalq ictimaiyyət göz yumub.
2020-ci ilin iyul və avqustunda Ermənistanın iki hərbi təxribatı nəticəsində azərbaycanlı hərbçilərin həlak olduğunu, Azərbaycan xalqının səbrinin tükəndiyini deyən Prezident 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kəndin azad edildiyini, 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiya aktı imzaladığını bildirib. Üç il ərzində Azərbaycanın suverenliyini sülh yolu ilə bərpa etməyə çalışdığını, lakin Ermənistanın atəşkəsdən istifadə edərək hərbi qüvvəsini bərpa etdiyini və 2023-cü ilin sentyabrında yenidən hücum etdiyini vurğulayıb. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusunun tamamilə darmadağın edildiyini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini, separatçı liderlərin məhkəmə qarşısına gətirildiyini deyib. Bu prosesi mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu adlandırıb və qeyd edib ki, bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturublar. Tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlərin bu gün Azərbaycan həbsxanalarında çay içdiklərini, tanklarının isə Hərbi Qənimətlər Parkında nümayiş olunduğunu bildirib.
Çıxışın yekun hissəsi Azərbaycanın AQEM sədrliyinin nəticələrinə həsr olunub. Prezident bildirib ki, Azərbaycan iki il ərzində sədrliyi müddətində təşkilatın gücləndirilməsinə prioritet diqqət ayırıb və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş təşəbbüslər nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür, üzvlərinin sayı genişlənib və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi üçün imkanları möhkəmlənib.
Zirvə Görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması olub. Prezident fürsətdən istifadə edərək bu təklifə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürünü bildirib. Qəbul edilən Bakı Bəyannaməsində də Azərbaycanın sədrliyinin yüksək qiymətləndirildiyi, ikiillik sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərin alqışlandığı qeyd olunub.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi