PDF Oxu

Siyasət

  • 1 382

"Azərbaycan Şərqlə Qərbin qovuşduğu strateji mövqedən səmərəli istifadə edir" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan Şərqlə Qərbin qovuşduğu strateji mövqedən səmərəli istifadə edir" - POLİTOLOQ DANIŞDI

"44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu strateji mövqedə yerləşir. Bu mövqe qlobal güclərin maraqlarının toqquşduğu məkanlardan biridir. Əgər Ukrayna bu qarşıdurmanın əsas episentrlərindən biridirsə, ikinci mühüm məkan Cənubi Qafqazdır".Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.Onun sözlərinə görə, Azərbaycan regionda qlobal güclərin maraqlarının uzlaşdırılmasında mühüm rol oynayır və bu baxımdan dünyanın diqqət mərkəzindədir. Enerji daşıyıcılarının nəqli, kommunikasiyaların inkişafı, nəqliyyat infrastrukturu və elektron kommunikasiya xətlərinin genişləndirilməsi kimi strateji layihələrin əhəmiyyətli hissəsi Azərbaycan üzərindən həyata keçirilir. Azərbaycan Prezidentinin apardığı çoxşaxəli siyasət də regionda müxtəlif maraqların uzlaşdırılmasına xidmət edir:"Lakin Azərbaycanın bu uğurlarını qəbul etməyən və ölkəni öz təsir dairəsinə salmağa çalışan qüvvələr də var. Azərbaycanda sabitliyi pozmağa yönəlmiş cəhdlərin şahidi oluruq. İstər regionda, istərsə də regiondan kənarda müəyyən qüvvələr Cənubi Qafqazı öz təsirləri altına almağa çalışırlar. Qərbin Cənubi Qafqazın üç respublikasını öz təsir dairəsinə daxil etməklə Rusiyaya qarşı istifadə etmək istədiyi barədə fikirlər də səsləndirilir.Gürcüstanın baş nazirinin Avropa İttifaqının ölkəyə Rusiyaya qarşı ikinci cəbhə açmaq istiqamətində təzyiq göstərdiyi barədə bəyanatları da bu kontekstdə müzakirə olunur. Təbii ki, bu cür siyasət regionda gərginliyin və xaosun yaranmasına səbəb ola bilər.Azərbaycan isə müxtəlif güclərin maraqlarını uzlaşdırmağa çalışır. Çünki Cənubi Qafqazın aparıcı dövlətlərindən biri Azərbaycandır. Azərbaycanın iştirakı və razılığı olmadan region üçün mühüm əhəmiyyət daşıyan bir sıra layihələrin həyata keçirilməsi çətinləşir. İstər Orta Dəhliz, istər Şimal-Cənub nəqliyyat dəhlizi, istərsə də elektron kommunikasiyalar və neft-qaz kəmərləri baxımından Azərbaycanın strateji mövqeyi böyük əhəmiyyət daşıyır.Bu baxımdan Qərbdə və digər xarici dairələrdə Azərbaycanı öz təsir dairəsinə salmaq və regionda xüsusi mövqeyə sahib olmaq istəyən qüvvələr mövcuddur. Azərbaycan isə dövlət və milli maraqlarını əsas götürərək öz xarici siyasətini formalaşdırır. Xüsusilə qonşularla dinc yanaşı yaşamaq prinsipinə üstünlük verir və münasibətlərin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsində maraqlıdır.Azərbaycan Prezidenti regionda sabitliyin təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə 3+3 platformasını gündəmə gətirib. Hesab edirəm ki, bu, regiondakı problemlərin region dövlətləri tərəfindən müzakirə olunması və həlli üçün əlverişli formatlardan biridir. Regiona kənar qüvvələrin müdaxiləsi sabitliyin pozulması riskini artırır. Bu baxımdan 3+3 formatı regional əməkdaşlıq üçün mühüm imkan yaradır. Təəssüf ki, Qərbin müəyyən təbliğatının və yanaşmalarının bu platformanın fəaliyyətinə mane olduğu barədə fikirlər mövcuddur.Ümumilikdə, Azərbaycana qarşı yönələn müəyyən təzyiq və pozuculuq cəhdlərini ölkəmizin regionda güclənən mövqeyi ilə əlaqələndirmək olar. Azərbaycan xəritədə kiçik dövlət olsa da, Prezidentin həyata keçirdiyi xarici siyasət nəticəsində qlobal geosiyasi proseslərdə mühüm rol oynayır. Orta Dəhliz kimi strateji layihələrin Azərbaycan üzərindən keçməsi ölkəmizin beynəlxalq əhəmiyyətini artırır.Azərbaycan Şimal, Cənub, Şərq və Qərb istiqamətlərində müxtəlif tərəflərlə əməkdaşlıq edir və onların maraqlarını uzlaşdırmağa çalışır. Təbii ki, bu siyasət regionda qarşıdurma yaratmaq istəyən qüvvələrin maraqlarına uyğun gəlməyə bilər. Belə qüvvələr Azərbaycanı öz təsir dairələrində idarə olunan alətə çevirmək istəyirlər. Lakin Azərbaycan Prezidenti buna imkan vermir və dəfələrlə vurğulayıb ki, ölkəmizin daxili işlərinə müdaxilə yolverilməzdir. Onun mövqeyinə görə, Azərbaycan həm daxili, həm də xarici siyasətdə hansı addımları atacağını yaxşı bilir və qərarlarını dövlət və milli maraqlarına uyğun şəkildə verir.Azərbaycana qarşı təzyiqlərin olduğunu da görürük. Avropa İttifaqının bəzi institutlarının ölkəmizə qarşı qərəzli təbliğat apardığı, qətnamələr və bəyanatlar qəbul etdiyi barədə fikirlər səsləndirilir. ABŞ Konqresində də Azərbaycana qarşı tənqidi dinləmələr keçirilib və 907-ci düzəliş məsələsi gündəmə gətirilib. Bu cür addımların Azərbaycana təzyiq göstərmək məqsədi daşıdığı düşünülür. Bununla yanaşı, bəzi qüvvələrin avantürist bəyanatları da diqqət çəkir.Bütün bunlara baxmayaraq, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz Avropa İttifaqına üzv dövlətlərlə iqtisadi əlaqələrini inkişaf etdirir və əməkdaşlığın daha strateji xarakter almasına çalışır. Bu proses Avropada Azərbaycanla tərəfdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına şərait yaradır. Eyni zamanda, ABŞ kimi dövlətlərlə strateji əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində də addımlar atılır. Xüsusilə qonşu ölkələrlə münasibətlərə böyük əhəmiyyət verilir.Azərbaycanın həyata keçirdiyi çoxşaxəli siyasət regionda sabitliyin qorunmasına xidmət edir. Bu siyasətin uğuru ölkədəki daxili vəziyyətlə də birbaşa bağlıdır. Xarici siyasətlə daxili siyasət bir-biri ilə sıx əlaqəlidir. Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin olunmasa, xarici siyasətdə bu cür nəticələr əldə etmək çətin olardı. Regionda sabitliyin mövcudluğu ölkəyə investisiyaların və sərmayələrin cəlb edilməsi üçün də mühüm şərtdir.Bu baxımdan Azərbaycana qarşı aparılan təbliğat xarakterli fəaliyyətlərin nəticə vermədiyini düşünürəm. Bunu ölkədə Prezidentlə xalq arasında mövcud olan birliklə əlaqələndirmək olar".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər