Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qubadlı şəhəri zəngin tarixi, milli-mənəvi dəyərləri və gözəl təbiəti ilə xalqımızın yaddaşında xüsusi yer tutur. 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın tarixi yaddaşını, Vətən sevgisini və torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığı təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan xalqının qələbə əzmini, sarsılmaz iradəsini və doğma torpaqlara bağlılığını bir daha nümayiş etdirir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhərin və rayonun sakinləri doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdılar. İşğal illərində Qubadlıda yaşayış məntəqələri, tarixi abidələr, mədəniyyət ocaqları və infrastruktur dağıntılara məruz qalmışdır. Buna baxmayaraq, qubadlılılar öz doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməmiş, milli kimliklərini və Vətənə bağlılıqlarını qoruyub saxlamışlar.
Qubadlının azadlığı Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. 2020-ci il oktyabrın 25-də Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir. Bu qələbə 44 günlük Vətən müharibəsinin gedişində əldə olunan mühüm hərbi-strateji nailiyyətlərdən biri olmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici rol oynamışdır.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlı rayonunun inkişafı, infrastrukturun yenidən qurulması, yolların çəkilməsi, yaşayış məntəqələrinin bərpası və sosial obyektlərin yaradılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Görülən işlər doğma yurdlarından didərgin düşmüş sakinlərin təhlükəsiz və layiqli şəkildə öz torpaqlarına qayıtmaları üçün mühüm əhəmiyyət daşıyır. Qubadlının yenidən qurulması Azərbaycanın azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin mühüm istiqamətlərindən biridir.
Qubadlı şəhəri günü yalnız bir ərazinin azad olunmasını xatırladan tarix deyil, həm də xalqımızın tarixi ədalətin bərpasına olan inamının təntənəsidir. Bu gün biz Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. 25 Oktyabr – Qubadlı şəhəri günü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Bu əlamətdar tarix gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli tariximizin dərindən öyrənilməsinə və dövlətçilik ənənələrimizin qorunmasına töhfə verir. Qubadlının azadlığı Azərbaycan xalqının birlikdə olduqda ən çətin sınaqların öhdəsindən gələ biləcəyini nümayiş etdirir.
Əminliklə demək olar ki, Qubadlı yenidən qurularaq öz əvvəlki gözəlliyinə qovuşacaq, burada həyat canlanacaq və gələcək nəsillər doğma torpaqlarında firavan yaşayacaqlar. Qubadlı şəhəri günü xalqımızın qəhrəmanlıq tarixində əbədi yaşayacaq, Azərbaycanın müstəqilliyinin, milli birliyinin və Zəfərinin rəmzlərindən biri kimi daim qeyd olunacaqdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini