25 oktyabr Qubadlının tarixində azadlıq və Zəfər rəmzinə çevrilmiş əlamətdar gündür. Bu tarix illərlə doğma yurd həsrəti çəkən insanların qayıdış ümidini, Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin azad edilmiş torpaqlarda yeni həyat qurmaq əzmini təcəssüm etdirir. Qubadlı şəhəri günü xalqımızın yaddaşında tarixi Zəfərin və doğma torpaqların dirçəldilməsi yolunda başlanan yeni mərhələnin rəmzi kimi yaşayır. Şəhərin azadlığı uğrunda aparılan mübarizə xalqımızın Vətənə bağlılığının, milli iradəsinin və torpaqlarımızın bütövlüyü uğrunda qətiyyətinin bariz ifadəsidir.2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm qələbələrindən biri kimi tarixə düşdü. Azərbaycan Ordusunun əzmi, hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı nəticəsində strateji əhəmiyyətə malik şəhərin azad olunması sonrakı hərbi əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Otuz ilə yaxın davam edən işğal şəhərin və kəndlərin simasını dəyişdirsə də, xalqın doğma torpağa bağlılığını qıra bilmədi. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan qətiyyətli addımlardan biri oldu. Bu Zəfər həm də uzun illər yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qovuşacağı günə inamını möhkəmləndirdi.İşğal dövründə Qubadlıda yaşayış evləri, sosial və mədəni obyektlər, yol və kommunikasiya infrastrukturu dağıdılmışdı. Rayon sakinləri doğma torpaqlarından didərgin düşərək uzun illər ağır məhrumiyyətlərlə üzləşmişdilər. Buna baxmayaraq, Qubadlıya qayıdış arzusu nəsildən-nəslə ötürüldü. Bu gün həmin arzunun gerçəkləşməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir. Dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması keçmişin ağır izlərinin aradan qaldırılması ilə yanaşı, rayonun tarixi simasının bərpasına da xidmət edir. Qubadlı sakinlərinin doğma yurdlarında məskunlaşması bu torpaqlarda həyatın yenidən canlanmasının əsas göstəricisidir.Azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərindən biri Qubadlının müasir şəhər kimi formalaşdırılmasıdır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu məqsədə sistemli yanaşmanın göstəricisidir. Planlı şəhərsalma, yaşayış sahələrinin yaradılması, sosial obyektlərin inşası və kommunal xidmətlərin qurulması Qubadlının gələcək mənzərəsini müəyyənləşdirir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi əhalinin rahat yaşayışı üçün əlverişli şəraitin yaradılmasına imkan verir. Bütün bu işlər Qubadlının yalnız keçmiş şöhrətinin bərpasına deyil, gələcək nəsillər üçün müasir və dayanıqlı yaşayış məkanına çevrilməsinə hesablanıb.Yeni yolların çəkilməsi, elektrik enerjisi təminatının möhkəmləndirilməsi və digər kommunikasiya xətlərinin bərpası rayonun həm yaşayış, həm də iqtisadi imkanlarını genişləndirir. Müasir infrastrukturun qurulması sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, sahibkarlıq fəaliyyəti və yeni iş yerlərinin yaradılması üçün də zəmin formalaşdırır. Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması Qubadlının ətraf rayonlarla əlaqələrinin genişlənməsinə və iqtisadi dövriyyədə iştirak imkanlarının artmasına şərait yaradır. Enerji və kommunikasiya təminatının möhkəmləndirilməsi isə yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması üçün vacib şərtdir.Qubadlının təbii şəraiti və tarixi təsərrüfat ənənələri kənd təsərrüfatı, heyvandarlıq və digər istehsal sahələrinin yenidən canlandırılmasına imkan verir. Gələcəkdə yerli iqtisadi fəallığın artması rayonun sosial həyatına yeni dinamika gətirə, əhalinin məşğulluğuna və rifahına müsbət təsir göstərəcək. Ənənəvi təsərrüfat sahələrinin müasir texnologiyalarla uzlaşdırılması məhsuldarlığın artırılmasına və yerli resurslardan səmərəli istifadəyə şərait yarada bilər. Sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi Qubadlının iqtisadi həyatının canlanmasına, sakinlərin öz doğma torpaqlarında davamlı gəlir mənbələri əldə etməsinə töhfə verir.Qubadlının dirçəlişini yalnız tikilən binaların, çəkilən yolların və istifadəyə verilən obyektlərin sayı ilə qiymətləndirmək düzgün olmazdı. Bütün bu işlərin başlıca məqsədi insanların doğma torpaqlarında təhlükəsiz və rahat yaşamasını təmin etməkdir. Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən məskunlaşma layihələri rayonun yaşayış məntəqələrində həyatın yenidən canlandırılması istiqamətində atılan addımlardandır. Kəndlərə qayıdan ailələr üçün yaradılan şərait bölgənin sosial həyatının bərpasına və ənənəvi yaşayış mühitinin yenidən formalaşmasına töhfə verir.Qubadlı şəhərinin yenidən canlanması Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl həyata keçirildiyini nümayiş etdirir. Qubadlının sabahı isə öz torpağında yaşayan, çalışan, qurub-yaradan və gələcəyə inamla baxan insanların əməyi ilə formalaşacaq. Bu gün görülən işlər rayonun iqtisadi və sosial həyatının bərpası ilə yanaşı, gələcək nəsillərin doğma yurdda firavan yaşaması üçün də möhkəm zəmin yaradır. Qubadlıda qurulan yeni həyat Azərbaycanın Qələbə əzminin, dövlət qayğısının və xalqımızın öz torpaqlarına sarsılmaz bağlılığının ifadəsidir.
Nurlan Həsənov
Milli Məclisin deputatı