22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Böyük Söyüdlü", "Qarabulaq", "Çaldaş" və "Aqroinkişaf-2017" MMC("Şəki-Oğuz" Aqroparkı) ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Ərazi Partiya Təşkilat sədirləri və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən, qarşıya qoyulan vəzifələrdən və partiya təşkilatlarının fəaliyyətində ideoloji işin gücləndirilməsinin vacibliyindən ətraflı danışıb. Saleh Məhərrəmov bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin yaratdığı və zəngin dövlətçilik ideyaları əsasında formalaşmış siyasi təşkilat kimi ölkəmizin inkişafında, ictimai-siyasi sabitliyin qorunmasında və milli maraqların müdafiəsində mühüm rol oynayır. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib, ölkəmizin iqtisadi və siyasi potensialı əhəmiyyətli dərəcədə artıb. Rayon təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri xalqımızın birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qüdrətinin parlaq təzahürüdür. Bu tarixi nailiyyətlər Azərbaycan dövlətinin qarşısında yeni inkişaf perspektivləri açıb və ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldib.
S.Məhərrəmov vurğulayıb ki, VIII Qurultayda səsləndirilən fikirlər və müəyyən edilən strateji istiqamətlər partiyanın gələcək fəaliyyətinin təşkilində mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin çıxışında ideoloji işin gücləndirilməsi və bu istiqamətdə Yeni Azərbaycan Partiyasının rolunun artırılması ilə bağlı səsləndirdiyi fikirlər hər bir partiya təşkilatı üçün ciddi məsuliyyət yaradır. Bu baxımdan ərazi partiya təşkilatları ideoloji işin sistemli şəkildə qurulmasına, dövlət siyasətinin mahiyyətinin üzvlərə və ictimaiyyətə çatdırılmasına, milli maraqların qorunmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər.
Görüşdə çıxış edən "Böyük Söyüdlü" kəndi ərazi partiya təşkilatının sədri Elçin Babayev, Qarabulaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Aygün Cəfərova, Çaldaş kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nərminə Mikayılova, Böyük Söyüdlü kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Leyla Yusubova, Böyük Söyüdlü kənd tam orta məktəbinin UBR rəhbəri Elnur Azaxov və partiya fəalları VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflərin əhəmiyyətindən bəhs ediblər. Natiqlər ölkəmizin davamlı inkişafının təmin olunması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əsas prioritetlərini vurğulayıblar.
Bildirilib ki, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi partiya üzvlərindən yüksək fəallıq, təşəbbüskarlıq və məsuliyyət tələb edir. Bu baxımdan, partiya üzvləri ilə işin təkmilləşdirilməsi, dövlət siyasətinin prioritet istiqamətlərinin təbliği, eləcə də Yeni Azərbaycan Partiyasının təşkilati fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə tədbirlərin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.