Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanma müddəti ilə bağlı fərqli açıqlamaları regionda sülh gündəliyinin gələcəyi ətrafında suallar yaradır. Azərbaycanın mövqeyinə görə, davamlı sülh üçün konkret öhdəliklərin yerinə yetirilməsi və hüquqi maneələrin aradan qaldırılması vacibdir.SİA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, Ermənistan rəsmilərinin sülh müqaviləsinin imzalanma vaxtı ilə bağlı ziddiyyətli açıqlamaları İrəvanın praktiki sülhün əhəmiyyətini lazımi səviyyədə dərk etmədiyini göstərir. Onun sözlərinə görə, sülh ciddi məsələdir və siyasi kampaniya vasitəsinə çevrilməməlidir.K.Cəfərov qeyd edib ki, Ermənistan regional sülhü daxili siyasi təqviminə bağlamaqla prosesi uzatmağa çalışır. O vurğulayıb ki, həqiqətən sülh istəyən tərəf ziddiyyətli bəyanatlar verməməli və bu prosesi siyasi məqsədlər üçün alətə çevirməməlidir.Deputatın sözlərinə görə, Azərbaycan sülh təşəbbüsünü irəli sürən tərəf olub və sülh müqaviləsinin mətninin hazırlanmasında mühüm rol oynayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib.K.Cəfərov Ermənistan rəhbərliyini geosiyasi maraqlardan çıxış etmək əvəzinə, regionda davamlı sülhün təmin olunmasına yönəlmiş konkret addımlar atmağa çağırıb. O, Azərbaycanın hərbi gücünün artırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğulayıb.Deputat bildirib ki, Ermənistan sülhə nail olmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini vaxtında yerinə yetirməli, həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində hüquqi addımlar atmalıdır.K.Cəfərov əlavə edib ki, Ermənistan rəhbərliyi və cəmiyyəti sülhün region üçün əhəmiyyətini nəzərə almalıdır. Onun sözlərinə görə, Azərbaycan öz milli maraqlarını və suverenliyini qorumaq əzmindədir.Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanla sülh müqaviləsinin 2027–2028-ci illərdə imzalana biləcəyini açıqlayıb.
Müəllif: Günel Fərzəliyeva