Tarix bəzən bir günə bütöv bir xalqın qürurunu, iradəsini və azadlıq arzusunu sığdırır. 25 oktyabr Azərbaycan xalqının yaddaşında məhz belə bir tarixdir. 2020-ci ilin həmin günündə Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şanlı səhifə yazdı, tarixi ədalətin bərpasına və böyük Zəfərə gedən yolu daha da yaxınlaşdırdı. Bu gün Qubadlı yalnız azadlığın deyil, həm də yenidənqurmanın, Böyük Qayıdışın və gələcəyə inamın rəmzidir.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun şəhər və kəndləri dağıdılmış, tarixi-mədəni irsinə ciddi ziyan vurulmuş, əhalisi doğma torpaqlarından didərgin salınmışdı. Təxminən 40 min qubadlılı uzun illər yurd həsrəti ilə yaşamağa məcbur olmuşdu.
Lakin xalqımızın doğma torpaqlara qayıtmaq arzusu heç vaxt sönmədi. Azərbaycan dövləti güclü iqtisadi və hərbi potensial formalaşdıraraq ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi isə bu məqsədə çatmaq üçün tarixi imkan yaratdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı bir-birinin ardınca azad etdi. Cəbrayıl və Zəngilan istiqamətlərində əldə olunan uğurlardan sonra Qubadlı uğrunda döyüşlər başlandı. Çətin dağlıq relyefdə aparılan əməliyyatlar hərbçilərimizin yüksək peşəkarlığını, cəsarətini və qələbə əzmini nümayiş etdirdi.
Nəhayət, 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri və ətraf kəndlər işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində bu tarixi qələbəni elan etdi. Qubadlının azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyır, Azərbaycan Ordusunun Laçın istiqamətində irəliləməsinə əlverişli şərait yaradırdı.
Qubadlı Zəfəri Azərbaycanın sonrakı hərbi uğurlarına da mühüm töhfə verdi. Oktyabrın 25-də Qubadlının, noyabrın 8-də isə Şuşanın azad edilməsi düşmənin müqavimətini qıran və müharibənin taleyini həll edən əsas hadisələrdən oldu.
Bu qələbənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs fədakarlığı və xalqımızın sarsılmaz birliyi dayanırdı. Birinci Qarabağ müharibəsində Qubadlı 238 şəhid vermiş, 78 nəfər itkin düşmüş, 190 nəfər əlil olmuşdu.
Bu gün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı Qubadlı tarixinin ən şərəfli səhifələrindən biridir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təsis edilib. Bu əlamətdar tarix hər il xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd olunur.
Tarixi Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu gün Qubadlıda aparılan genişmiqyaslı quruculuq işləri həmin siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı rayonun gələcək inkişafı üçün mühüm layihələrə start verilib. 2021-ci il oktyabrın 25-də Xanlıq–Qubadlı avtomobil yolunun təməli qoyulub, “Qubadlı” yarımstansiyası və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verilib. Bu layihələr nəqliyyat, enerji və təhlükəsizlik infrastrukturunun inkişafında mühüm rol oynayır.
Qubadlı şəhərinin gələcək inkişafını müəyyənləşdirən Baş planın təsdiqlənməsi də quruculuq prosesinin mühüm mərhələsidir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında 2025-ci il iyunun 16-da ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda şəhərdə müasir yaşayış komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisi nəzərdə tutulub. Bu layihələr Qubadlıda təhsil, səhiyyə və sosial xidmətlərin müasir səviyyədə təşkilinə, əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.
Rayonun kəndlərinin bərpası da Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış massivlərinin yaradılması, yolların salınması, elektrik, qaz, su və rabitə infrastrukturunun qurulması sakinlərin doğma torpaqlarına qayıdışı üçün əsas yaradır.
Bütün bu işlərin uğurla həyata keçirilməsi üçün ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi xüsusi əhəmiyyət daşıyır. Təhlükəsizliyin təmin edilməsi həm tikinti-quruculuq işlərinin sürətləndirilməsi, həm də insanların doğma yurdlarında rahat yaşaması baxımından vacib şərtdir.
Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm hissəsi olmaqla geniş inkişaf imkanlarına malikdir. Rayonun təbii şəraiti kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün əlverişlidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında Qubadlının kənd təsərrüfatı və turizm sahələri üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Nəqliyyat və enerji infrastrukturunun bərpası, yaşayış məntəqələri arasında əlaqələrin genişləndirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafı rayonun iqtisadi həyatının canlanmasına imkan verəcək. “Qubadlı” gömrük postunun yaradılması da regionlararası əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Qubadlının dirçəlişi yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır. Əsas məqsəd insanların yaşadığı, çalışdığı, təhsil aldığı, ailə qurduğu və gələcəyini formalaşdırdığı müasir yaşayış məkanları yaratmaqdır. Tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılması da bu prosesin mühüm tərkib hissəsidir.
Bu gün Qubadlıda görülən işlər Azərbaycanın iqtisadi gücünü, quruculuq imkanlarını və milli iradəsini nümayiş etdirir. Dünən dağıntıların izlərini daşıyan torpaqlarda bu gün yeni evlər, yollar və sosial obyektlər inşa edilir. Hər bir layihə doğma yurda qayıdışa, hər bir tikili isə yeni həyatın başlanmasına xidmət edir.
25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında azadlıq və milli qürur rəmzi kimi yaşayır. Bu tarix Azərbaycan dövlətinin qətiyyətinin, Ordumuzun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təntənəsidir.
Qubadlının azad edilməsi ilə başlanan tarixi mərhələ bu gün quruculuq və dirçəliş prosesi ilə davam edir. Dövlətimizin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində rayonun gələcək inkişafının təməli qoyulur, sakinlərin doğma torpaqlarına qayıdışı üçün şərait yaradılır.
Azad Qubadlıda dalğalanan üçrəngli bayrağımız xalqımızın əyilməz iradəsinin və tarixi Zəfərinin rəmzidir. Bu torpaqlarda yenidən qurulan evlər, salınan yollar, tikilən məktəblər və xəstəxanalar Azərbaycanın gələcəyə inamını əks etdirir.
Qubadlı artıq yalnız keçmişin həsrətini deyil, gələcəyin ümidlərini də özündə yaşadır. Bu gün o, Zəfərin gücü ilə dirçələn, Böyük Qayıdışa hazırlaşan və Azərbaycanın inkişaf yolunda inamla irəliləyən doğma torpağımızdır.
Xədicə Hüseynzadə
YAP Babək rayon təşkilatının fəal üzvü