Azərbaycanda, xüsusilə Bakı məktəblərində şagird sıxlığı təhsilin keyfiyyətinə və müəllimlərin uşaqlarla fərdi işləmək imkanlarına mənfi təsir göstərir.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, məktəblərdə şagird sıxlığı təhsilin keyfiyyətinə təsir göstərən əsas problemlərdən biridir. Onun sözlərinə görə, müəllimlərin şagirdlərlə fərdi işləmək imkanlarının məhdudlaşması uşaqların inkişafına və gələcəkdə şəxsiyyət kimi formalaşmasına təsir edir.F.Mustafa Bakıdakı 192 saylı məktəbi nümunə göstərərək qeyd edib ki, 80-dən bir qədər çox şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 2551 uşaq təhsil alır. O, həmçinin məktəbin idman zalının sahəsinin cəmi 75 kvadratmetr olduğunu diqqətə çatdırıb.Deputat vurğulayıb ki, problem yalnız bir məktəblə məhdudlaşmır və Bakı şəhərində şagird sıxlığı ilə üzləşən təhsil müəssisələrinin sayı çoxdur. O, məktəblərin yenidən qurulması, əlavə korpusların tikilməsi və mövcud ərazilərdən səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.F.Mustafanın təklifinə əsasən, məktəblərin həyətlərində kifayət qədər ərazi olduğu halda əlavə 10–15 sinif otağı tikilə bilər. Onun fikrincə, bu addım şagird sıxlığının azaldılmasına, dərslərin daha səmərəli təşkilinə və müəllimlərin uşaqlarla fərdi işləmək imkanlarının genişləndirilməsinə kömək edər.Deputat əlavə edib ki, problemin həlli üçün təkliflər effektiv şəkildə qiymətləndirilməli və mümkün tədbirlər qısa müddətdə həyata keçirilməlidir. O, təhsilə ayrılan dövlət vəsaitindən səmərəli istifadə edilməsinin və məktəblərdə normal təhsil şəraitinin yaradılmasının vacibliyini vurğulayıb.
Müəllif: Günel Fərzəliyeva