25 oktyabr – Qubadlı şəhəri günü Azərbaycan xalqının yaddaşında milli qürur, dövlətçilik əzmi və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın Vətən sevgisini, Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində nümayiş etdirdiyi qətiyyəti özündə əks etdirir. Qubadlının azadlığı Azərbaycanın müasir tarixində Zəfər salnaməsinin mühüm səhifələrindən biri olmaqla, doğma torpaqlarımıza qayıdışın və yeni həyatın başlanğıcını simvolizə edir.
Qubadlı rayonu Azərbaycanın zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə seçilən qədim yaşayış məskənlərindəndir. Bərəkətli torpaqları, dağları, meşələri və çayları ilə tanınan bu diyarın sakinləri hər zaman milli-mənəvi dəyərlərə, doğma yurda bağlılıqları ilə seçiliblər. Qubadlı həm də zəhmətkeş insanları, qədim adət-ənənələri və Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrlə xalqımızın yaddaşında özünəməxsus yer tutur. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı uzun illər işğal altında qaldı. Şəhərin və rayonun yaşayış məntəqələri dağıntılara məruz qaldı, minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Qubadlı sakinlərinin qəlbində illərlə yaşayan ən böyük arzu öz torpaqlarına qayıtmaq, ata-baba yurdlarında yenidən məskunlaşmaq və doğma şəhərlərinin əvvəlki həyatına qovuşduğunu görmək idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Döyüş meydanında əldə olunan uğurlar xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya göstərdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-strateji əhəmiyyətə malik hadisələrindən biri oldu. Bu tarixi qələbə Qubadlı sakinlərinin doğma torpaqlarına qayıdış ümidlərini gerçəkləşdirməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılan uğurları daha da möhkəmləndirdi. Dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağını ucaltması isə tarixi Zəfərin rəmzi hadisələrindən biri kimi yaddaşlara həkk olundu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd edilir. Bu qərar şəhərin azad olunması tarixinin əbədiləşdirilməsi, şəhidlərimizin qəhrəmanlığının ehtiramla yad edilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlı rayonunun yenidən qurulması, müasir infrastrukturun yaradılması, yol-kommunikasiya sisteminin inkişaf etdirilməsi və sosial obyektlərin inşası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri, həyata keçirilən layihələrlə yerində tanış olması və müvafiq tapşırıqlar verməsi bu torpaqların gələcək inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Qubadlı şəhərində və rayonun kəndlərində aparılan tikinti-quruculuq işləri bölgənin simasını dəyişməklə yanaşı, burada davamlı yaşayışın bərpasına zəmin yaradır. Yeni yaşayış məhəllələrinin, təhsil və səhiyyə müəssisələrinin, inzibati binaların və mühüm infrastruktur obyektlərinin yaradılması insanların doğma yurda qayıdışı üçün əlverişli şəraitin formalaşdırılmasına xidmət edir. Bütün bu tədbirlər Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi və azad edilmiş ərazilərin ölkənin iqtisadi həyatına inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qubadlının dirçəlişi yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Əsas məqsəd şəhərdə və kəndlərdə təhlükəsiz, rahat və dayanıqlı həyat şəraiti yaratmaq, əhalinin məşğulluğunu təmin etmək, sahibkarlıq imkanlarını genişləndirmək və bölgənin iqtisadi potensialını reallaşdırmaqdır. Doğma torpaqlarda yeni müəssisələrin yaradılması, kənd təsərrüfatının inkişafı, müasir xidmət sahələrinin formalaşdırılması Qubadlının gələcək tərəqqisinə mühüm töhfə verəcək.
Qubadlı şəhəri günü, eyni zamanda, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq ifadəsidir. Bu gün biz azadlığımızın hansı böyük qurbanlar hesabına əldə edildiyini bir daha xatırlayır, qəhrəman oğul və qızlarımızın şücaətini qürurla yad edirik. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan bayrağı azad torpaqlarımızda dalğalanır, quruculuq işləri geniş vüsət alır.
25 oktyabr – Qubadlı şəhəri günü keçmişin ağrılarını, bu günün qürurunu və gələcəyə olan inamı özündə birləşdirən əlamətdar tarixdir. Qubadlıda aparılan bərpa işləri, doğma yurda qayıdış istiqamətində atılan addımlar və yaradılan yeni imkanlar Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirir.
Bu gün Qubadlı azadlığın, milli birliyin və quruculuq əzminin rəmzidir. Əminliklə demək olar ki, dövlətimizin ardıcıl siyasəti, xalqımızın birliyi və qubadlılıların doğma yurda bağlılığı sayəsində şəhərin qarşısında yeni inkişaf perspektivləri açılır. Qubadlı yenidən dirçəlir, öz tarixi simasını bərpa edir və gələcək nəsillər üçün müasir, firavan yaşayış məkanına çevrilmək istiqamətində inamla irəliləyir.
25 Oktyabr – Qubadlı şəhəri günü mübarək! Qubadlı azaddır, Azərbaycan bütövdür!
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı