PDF Oxu

Siyasət

  • 526

25 Oktyabr – Qubadlının azadlıq salnaməsi

25 Oktyabr – Qubadlının azadlıq salnaməsi

Qubadlı şəhərinin 25 oktyabr tarixində qeyd olunan azadlıq günü Azərbaycanın müasir tarixində milli iradənin, hərbi qüdrətin və doğma torpaqlara qayıdış əzminin təcəssümüdür. Bu tarix xalqımızın uzun illər ərzində qoruduğu yurd sevgisinin, ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin və gələcəyə olan inamının parlaq ifadəsidir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-siyasi nailiyyətlərindən biri olmaqla yanaşı, rayonun yeni inkişaf mərhələsinə qədəm qoymasının əsasını qoydu.

1993-cü il avqustun 31-də işğal altına düşən Qubadlı uzun illər doğma yurdlarından ayrı yaşamağa məcbur qalan insanların yaddaşında həsrət, itki və qayıdış ümidi ilə yaşadı. Minlərlə ailə ev-eşiyini, təsərrüfatını, uşaqlıq xatirələrini və nəsillər boyu qoruyub saxladığı həyat tərzini geridə qoydu. Buna baxmayaraq, qubadlılıların öz torpaqlarına bağlılığı heç vaxt zəifləmədi. Onlar doğma yurdlarının azad olunacağına, yenidən öz evlərinə qayıdacaqlarına inamlarını qorudular. 25 oktyabr 2020-ci il həmin inamın gerçəkləşməsi yolunda tarixi dönüş yaratdı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini vurğulayaraq bildirmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Dövlət başçısının bu fikirləri Qubadlının azad edilməsinin yalnız hərbi uğur olmadığını, həm də tarixi ədalətin bərpasına və insanların doğma torpaqlarına qovuşmasına xidmət etdiyini göstərir.
Həkəri və Bərgüşad çaylarının əhatəsində yerləşən Qubadlı əlverişli təbii şəraiti, münbit torpaqları, zəngin meşə örtüyü və təsərrüfat imkanları ilə seçilən bölgələrimizdəndir. İşğaldan əvvəl rayonun iqtisadi həyatında əkinçilik, heyvandarlıq, taxılçılıq, üzümçülük və tütünçülük mühüm yer tuturdu. Yerli əhalinin zəhməti hesabına formalaşan təsərrüfat ənənələri Qubadlının sosial-iqtisadi inkişafına, kənd həyatının canlanmasına və əhalinin rifahının yüksəlməsinə töhfə verirdi. Bu potensialın yenidən hərəkətə gətirilməsi rayonun gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.
İşğal dövrü isə Qubadlı üçün ağır humanitar və iqtisadi itkilərlə yadda qaldı. Rayonun 29 997 sakini məcburi köçkün vəziyyətinə düşərək ölkənin müxtəlif bölgələrində məskunlaşmağa məcbur oldu. Ümumilikdə 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, sosial və inzibati binalar, mədəniyyət obyektləri, dini abidələr, körpülər və digər infrastruktur qurğuları dağıdıldı və ya yararsız vəziyyətə salındı. Bu dağıntılar bölgənin iqtisadi həyatına ciddi zərbə vurmaqla yanaşı, insanların doğma mühitindən, tarixi-mədəni irsindən və ənənəvi yaşayış tərzindən uzaq düşməsinə səbəb oldu. Buna görə də Qubadlının bərpası həm də itirilmiş həyatın yenidən qurulması deməkdir.
2020-ci ildə Vətən müharibəsinin başlanması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ açıldı. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, hərbi qulluqçuların peşəkarlığı və şəxsi heyətin fədakarlığı nəticəsində düşmənin müdafiə mövqeləri yarıldı, strateji əhəmiyyət daşıyan yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması müharibənin gedişinə ciddi təsir göstərdi. Noyabrın 9-dək rayonun 41 kəndinin də işğaldan azad edilməsi Qubadlının ərazi bütövlüyünün bərpasında mühüm nəticə oldu.
Bu qələbənin arxasında güclü dövlətçilik ənənələri, düşünülmüş hərbi strategiya, xalq-ordu birliyi və milli həmrəylik dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə və milli maraqlarının qətiyyətlə qorunmasına imkan yaratdı. Qubadlı əməliyyatı bu siyasətin real nəticələrindən biri kimi tarixə düşdü. 2020-ci il dekabrın 23-də dövlət başçısının Qubadlı şəhərində Azərbaycan bayrağını ucaltması isə suverenliyin və milli qürurun rəmzi hadisələrindən birinə çevrildi.
Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə normal həyat şəraitinin yaradılmasıdır. Qubadlıda həyata keçirilən bərpa tədbirləri şəhərin və kəndlərin yenidən qurulmasını, müasir infrastrukturun yaradılmasını, sosial xidmətlərin təşkilini və iqtisadi imkanların genişləndirilməsini əhatə edir. Məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil, insanların təhlükəsiz və rahat yaşayacağı, işləyəcəyi, təhsil alacağı və gələcək planlarını gerçəkləşdirəcəyi müasir yaşayış mühiti formalaşdırmaqdır.
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın 2025-ci il sentyabrın 9-da təsdiqlənməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Planlı şəhərsalma yanaşması yaşayış sahələrinin, ictimai məkanların, nəqliyyat əlaqələrinin və sosial infrastrukturun vahid sistem üzrə qurulmasına imkan yaradır. Şəhərin gələcək simasının müəyyənləşdirilməsi zamanı müasir memarlıq prinsiplərinin, rahat yaşayış mühitinin və davamlı inkişaf tələblərinin nəzərə alınması Qubadlının yenilənən Azərbaycanın mühüm yaşayış mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
Şəhərdə ilk yaşayış məhəlləsinin inşası bu prosesin konkret nəticələrindəndir. Ümumi sahəsi 3,34 hektar olan ərazidə 21 yaşayış binasının tikilməsi və 176 mənzilin yaradılması nəzərdə tutulur. Bu layihə Qubadlının daimi yaşayış üçün hazırlanması, ailələrin doğma şəhərə qayıtması və şəhər həyatının tədricən bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni mənzillərlə yanaşı, məhəllələrin sosial infrastrukturu və gündəlik yaşayış üçün zəruri imkanları da qayıdışın davamlılığında mühüm rol oynayır.
Rayonun kəndlərində aparılan işlər də Böyük Qayıdış prosesinin mühüm istiqamətidir. Mahruzlu kəndində birinci mərhələdə 190 evin, Zilanlı kəndində isə 159 evin tikintisinin nəzərdə tutulması kənd yaşayışının bərpasına yönəlmiş tədbirlərin miqyasını göstərir. Bu məntəqələrin yenidən qurulması ailələrin öz torpaqlarında məskunlaşması ilə yanaşı, əkinçilik və heyvandarlıq kimi ənənəvi fəaliyyət sahələrinin inkişafı üçün də imkanlar yaradır. Şəhər və kəndlərin paralel şəkildə dirçəldilməsi rayonun iqtisadi və sosial həyatında tarazlığın qorunması baxımından vacibdir.
Müasir infrastrukturun qurulması Qubadlının gələcək inkişafının əsas şərtlərindən biridir. 2021-ci il oktyabrın 25-də “Qubadlı” 110/35/10 kilovoltluq yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji təminatının yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım oldu. Elektrik xətlərinin və fiberoptik rabitə infrastrukturunun yaradılması yaşayış məntəqələrinin müasir kommunikasiya sistemlərinə qoşulmasına şərait yaradır. Etibarlı enerji və rabitə təminatı gələcəkdə istehsal müəssisələrinin, sahibkarlıq subyektlərinin və xidmət sahələrinin fəaliyyət göstərməsi üçün də zəruri əsasdır.
Qubadlı-Eyvazlı və yeni Qubadlı-Laçın avtomobil yolları rayonun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu yollar ərazilər arasında əlaqələri yaxşılaşdırmaqla yanaşı, Şərqi Zəngəzurun digər bölgələrlə iqtisadi inteqrasiyasına, kənd təsərrüfatı məhsullarının daşınmasına və yeni biznes imkanlarının formalaşmasına kömək edə bilər. Nəqliyyat, enerji və rabitə infrastrukturunun əlaqəli şəkildə inkişafı Qubadlının gələcək iqtisadi fəallığının əsasını təşkil edir.
Bərpa prosesinin uğurlu olması üçün təhsil, səhiyyə və məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılmalıdır. Məktəblərin, tibb müəssisələrinin, inzibati obyektlərin və digər sosial xidmət məkanlarının yaradılması insanların doğma yurdlarında rahat həyat qurması üçün vacibdir. Davamlı qayıdış yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmamalı, sakinlərin gündəlik ehtiyaclarını qarşılamaq, əmək fəaliyyəti ilə məşğul olmaq və övladlarının gələcəyini təmin etmək imkanlarını da əhatə etməlidir.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis olunması tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin Sərəncama əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyənləşdirilib. Bu tarix hər il xalqımızın qələbə əzmini xatırlatmaqla yanaşı, azad edilmiş ərazilərin bərpası və gələcək nəsillərə ötürülməsi məsuliyyətini də ön plana çıxarır.
Bu gün Qubadlının qarşısında duran əsas vəzifə qazanılmış azadlığı davamlı inkişafla möhkəmləndirməkdir. Yeni yaşayış məhəllələri, yenilənən yollar, enerji və rabitə sistemləri, kəndlərdə aparılan quruculuq işləri rayonun gələcək simasını formalaşdırır. Bununla belə, bütün layihələrin ən mühüm nəticəsi insanların doğma torpaqlarında təhlükəsiz, firavan və davamlı həyat sürməsidir.
25 oktyabr Qubadlı üçün tarixi qayıdışın, milli qürurun və yenidən doğuluşun rəmzidir. Bu günün mənası keçmişin qəhrəmanlıq salnaməsini yaşatmaqla yanaşı, həmin qələbənin bəhrələrini gələcək nəsillər üçün qoruyub saxlamaqdadır. Qubadlının dirçəlişi Azərbaycanın güclü dövlətçilik iradəsinin, xalqımızın doğma yurda bağlılığının və azad edilmiş ərazilərdə yeni həyat qurmaq əzminin ifadəsidir. Bu qədim diyarın gələcəyi insanların qayıdışı, iqtisadi imkanların genişlənməsi və müasir yaşayış mühitinin formalaşması ilə daha da möhkəmlənəcəkdir.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər