Oktyabrın 27-də YAP Yasamal rayon təşkilatında “Ə.Cəmil küç. 1a” (İlahiyyat İnstitutu), “İnşaatçılar pr. 62” (16 saylı şəhər poliklinikası), “Mətbuat pr. 529-cu məhəllə” (Azərbaycan Nəşriyyatı), “Mətbuat pr. 529-cu məhəllə” (Xatirə Kitabı redaksiyası), “Mətbuat pr. 529-cu məhəllə” (Azərbaycan qəzeti), “Mikayıl Müşfiq küçəsi 57” (Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi), “Moskva pr. 10” (Azərbaycan Dövlət Film Fondu), “H.Cavid pr. 82” (5 saylı uşaq poliklinikası), “M.Seyidov 100” (13 saylı uşaq poliklinikası), “H.Cavid pr. 115” (AR ETN İqtisadiyyat İnstitutu), “Zərgərpalan küç. 5” (Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzi), “Füzuli küç. 1” (Azərbaycan Dövlət Milli Dram Teatrı), “Mətbuat pr. 22” (Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı), “Ş.Mehdiyev küç. 93” (Azəraqrartikinti), “Mətbuat pr. 36” (30 saylı şəhər poliklinikası), “H.Cavid pr. 115” (AR ETN İnsan Hüquqları İnstitutu), “L.Tolstoy küç. 135” (Dəri Zöhrəvi Dispanseri), “H.Cavid pr. 135” (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri), “A.M.Şərifzadə küç. 108-110” (Yasamal Bələdiyyəsi) ünvanları üzrə ərazi partiya təşkilatlarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov,YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və nümayəndələri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarihi və proqram xarakterli nitqinin konseptual prinsipləri, rayonun müxtəlif sahələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının koordinasiyalı işi və qarşıda duran strateji vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi inkişafının və möhtəşəm Zəfərlərinin ideoloji ana sütunu olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik təlimini uzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Əldə olunan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi-sənaye qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər rayon təşkilatının tabeliyindəki bütün sahəvi ərazi partiya təşkilatlarından daha yüksək çeviklik, prinsipiallıq və təşkilatçılıq tələb edir. Bu gün müşavirədə iştirak edən mətbuat, səhiyyə, təhsil, mədəniyyət, bələdiyyə, elmi-tədqiqat və dövlət xidməti müəssisələrinin partiya fəalları cəmiyyətin mənəvi-ideoloji sütununu təşkil edirlər. İnformasiya məkanının qorunması, ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin gənc nəsillərə aşılanması və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi hər bir ərazi təşkilatının gündəlik fəaliyyət istiqaməti olmalıdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, YAP Yasamal rayon təşkilatı tabeliyindəki bütün ərazi partiya təşkilatları ilə əlaqələrini davamlı olaraq möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində bütün fəallar birgə və koordinasiyalı şəkildə çalışacaqlar.
Çıxış edənlər "Azərbaycan" nəşriyyatının baş direktoru Leyla Güləliyeva, "H.Cavid pr. 135" (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri) ƏPT sədri Mirəyyub Mirsultanov, Azərbaycan kinorejissoru və kinoşünası, Azərbaycan Dövlət Film Fondu ƏPT-nin sədr müavini Ayaz Salayev və "Azərbaycan" qəzetinin baş redaktorunun müavini, ƏPT sədri Amil Novruzov təmsil olunduqları qurumların ictimai-ideoloji fəaliyyətindən, rəqəmsal media və nəşriyyat sahəsindəki yeniliklərdən, audiovizual irsin qorunmasından, dövlət xidmətlərində vətəndaş məmnunluğunun təmin olunmasından söz açıblar. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr hər bir sahənin inkişafına geniş imkanlar açır. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik peşəkar və ictimai fəaliyyətlərində rəhbər tutacaqlarını, partiya ideallarının təbliğində və cəmiyyətin maarifləndirilməsində hər zaman ön sıralarda olacaqlarını bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.