"Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yaranmış yeni siyasi vəziyyət həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Daxili siyasətin əsas strateji istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Ermənistan bu əraziləri 30 ilə yaxın işğal altında saxlamış, işğal dövründə yaşayış məntəqələri və infrastrukturlar dağıdılmış, ərazilər talan edilmişdir. Hazırda isə Azərbaycan bu torpaqlarda mina təhlükəsi ilə də üzləşir. Buna görə də yenidənqurma işlərinə başlamazdan əvvəl ərazilərin minalardan təmizlənməsi vacibdir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.Onun sözlərinə görə, bu, kompleks yanaşma və uzun müddət tələb edən prosesdir:"Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlətin bütün müvafiq qurumları bu istiqamətdə səfərbər edilib və işlər dövlət başçısının nəzarəti altında həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə əhalinin geri qayıdışını təmin etmək üçün infrastruktur sıfırdan qurulur. Yollar çəkilir, məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər sosial obyektlər tikilir. Bütün bu işlər müasir standartlara uyğun şəkildə aparılır.Hər bir rayonun özünəməxsus coğrafi şəraiti, relyefi və problemləri var. Bu amillər yenidənqurma işlərinin planlaşdırılmasında və maliyyə vəsaitlərinin bölüşdürülməsində nəzərə alınır. Azərbaycan bu prosesi əsasən öz daxili imkanları hesabına həyata keçirir. Təbii ki, bu, müəyyən zaman tələb edir. Bununla yanaşı, dövlət keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə həm sosial, həm də iqtisadi sahələrdə kompleks tədbirlər görür.Qayıdış prosesi yalnız evlərin tikilməsi və ya təmir olunması ilə məhdudlaşmır. İnsanların doğma torpaqlarında daimi yaşaması üçün yeni iş yerləri yaradılmalı, iqtisadi fəaliyyət genişləndirilməli və investisiyalar cəlb edilməlidir. Bu baxımdan daxili və xarici siyasətin uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Xarici investisiyaların cəlb edilməsi üçün əlverişli iqtisadi mühitin və sabitliyin təmin olunması vacibdir. İnvestisiyaların artması isə iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun yüksəlməsinə və qayıdış prosesinin daha dayanıqlı olmasına şərait yaradır.Azərbaycan Prezidentinin həyata keçirdiyi kompleks siyasət Böyük Qayıdış proqramında da öz əksini tapır. Yenidənqurma işləri, infrastrukturun bərpası, sosial şəraitin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin olunması bir-biri ilə sıx bağlıdır. Bu istiqamətlərdə görülən işlər əhalinin doğma torpaqlarında rahat yaşaması üçün zəruri şəraitin yaradılmasına xidmət edir.Sosial sahədə də mühüm tədbirlər həyata keçirilir. Yaşayış məntəqələrində infrastrukturun bərpası ilə yanaşı, mədəniyyət evlərinin yaradılması, parkların salınması və insanların gündəlik ehtiyaclarının qarşılanması üçün zəruri obyektlərin qurulması diqqət mərkəzindədir. İqtisadi sahədə isə yeni iş yerlərinin açılması və investisiyalar üçün əlverişli, o cümlədən güzəştli şəraitin yaradılması əsas istiqamətlərdəndir. Bu işlər müvafiq dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.Aparılan işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının bölgələrə müntəzəm səfərləri, yenidənqurma prosesinin gedişi ilə yerində tanış olması və doğma yurdlarına qayıdan sakinlərlə görüşləri bu məsələyə verilən əhəmiyyətin göstəricisidir. Dövlətin əsas məqsədi vətəndaşların təhlükəsizliyini, sosial rifahını və doğma torpaqlarında layiqli həyat şəraitini təmin etməkdir.Hesab edirəm ki, Böyük Qayıdış uzunmüddətli və kompleks prosesdir. Hər bir rayonun coğrafi xüsusiyyətləri, iqtisadi potensialı və mövcud ehtiyacları nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçirilir. İnvestisiyaların istiqamətləndirilməsi və yenidənqurma işlərinin planlaşdırılması da bu xüsusiyyətlərə uyğun aparılır. Prezidentin diqqəti və nəzarəti altında davam edən bu siyasət işğaldan azad edilmiş ərazilərin bərpasına, iqtisadi inkişafına və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsinə yönəlib".
Müəllif: Günel Fərzəliyeva