Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin ideoloji işin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər təhsil işçiləri qarşısında mühüm vəzifələr müəyyənləşdirir. Çünki təhsil yalnız bilik və bacarıqların öyrədilməsi deyil, həm də milli şüurun, dövlətçilik düşüncəsinin, vətənpərvərlik ruhunun və mənəvi dəyərlərin formalaşdırılması prosesidir. Məktəb gənc nəslin şəxsiyyət kimi yetişdiyi, Vətənə məhəbbətin, dövlətə sədaqətin və milli kimliyə bağlılığın möhkəmləndiyi ən mühüm tərbiyə ocaqlarından biridir.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi siyasətin gənc nəslə çatdırılması hər bir təhsil müəssisəsinin əsas istiqamətlərindən olmalıdır. Şagirdlərimiz ölkəmizin müstəqilliyinin hansı çətin sınaqlardan keçdiyini, dövlətçiliyimizin necə qorunub saxlandığını, milli birliyin və siyasi sabitliyin Azərbaycanın inkişafında hansı rol oynadığını dərindən dərk etməlidirlər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası Azərbaycan tarixinin şanlı səhifələridir. Bu tarixi hadisələrin məktəblilərə düzgün, dolğun və yaş səviyyələrinə uyğun şəkildə çatdırılması onların milli qürur hissinin güclənməsinə, Vətənimizin tarixinə və qəhrəmanlıq salnaməsinə hörmətlə yanaşmalarına xidmət edir. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizin qəhrəmanlığının təbliği, Azərbaycan Ordusunun şücaətinin öyrənilməsi gənclərin vətənpərvərlik tərbiyəsində mühüm yer tutmalıdır.
Təhsil müəssisələrində ideoloji-maarifləndirmə işləri formal tədbirlərlə məhdudlaşmamalı, gündəlik təlim-tərbiyə prosesinin ayrılmaz hissəsinə çevrilməlidir. Tarix, ədəbiyyat, Azərbaycan dili və digər fənlərin tədrisi zamanı milli dövlətçilik tariximizə, Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinə, ana dilimizin qorunmasına və milli-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirilməlidir. Dəyirmi masalar, tarix dərsləri, maarifləndirici görüşlər, ədəbi-bədii tədbirlər və vətənpərvərlik layihələri şagirdlərin tarixi biliklərini və vətəndaşlıq məsuliyyətini artırmalıdır.
Müasir dövrdə informasiya təhlükəsizliyi və tənqidi düşüncə bacarıqlarının inkişafı da ideoloji tərbiyənin vacib istiqamətlərindəndir. Şagirdlərə məlumatları etibarlı mənbələrdən yoxlamaq, həqiqətlə dezinformasiyanı fərqləndirmək, milli maraqlara dair məsələləri məsuliyyətlə təhlil etmək və rəqəmsal mühitdə düzgün davranmaq öyrədilməlidir. Məqsəd gənclərdə müstəqil düşüncə, sağlam mühakimə, tarixi faktlara əsaslanan mövqe və cəmiyyət qarşısında məsuliyyət hissi formalaşdırmaqdır.
Bu işdə müəllimlərin üzərinə xüsusi məsuliyyət düşür. Müəllim yalnız fənnini tədris edən mütəxəssis deyil, həm də şagirdlərə nümunə olan, onların dünyagörüşünün və mənəvi keyfiyyətlərinin formalaşmasına təsir göstərən şəxsdir. Buna görə də pedaqoji kollektivlərdə milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik tariximizin öyrənilməsi, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müasir təlim metodlarının tətbiqi istiqamətində sistemli iş aparılmalıdır. Şagirdlərdə Vətənə məhəbbət yalnız çağırışlarla deyil, müəllimin şəxsi nümunəsi, ədalətli münasibəti, məsuliyyətli davranışı və gündəlik fəaliyyəti ilə də möhkəmləndirilməlidir.Məqsədimiz bilikli, yüksək mənəviyyata malik, milli köklərinə bağlı, dövlətçilik düşüncəsi formalaşmış, müasir dünyagörüşlü və ölkəmizin gələcəyi üçün məsuliyyət daşıyan vətəndaşlar yetişdirməkdir.
Əminəm ki, təhsil və ideoloji-maarifləndirmə işinin ardıcıl şəkildə gücləndirilməsi, ailə-məktəb əməkdaşlığının genişləndirilməsi və gənclərin ictimai həyatda fəal iştirakının təşviqi Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcəkdir. Biz təhsil işçiləri olaraq Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və müstəqil Azərbaycanın uğurlarının gələcək nəsillərə çatdırılmasına sədaqətlə xidmət etməliyik. Vətənə sevgi, dövlətə hörmət, milli birliyə bağlılıq və gələcəyə inam məktəblərimizdə yetişən hər bir şagirdin həyat prinsipinə çevrilməlidir.
Namiq Rəcəbov
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Kəlbəcər Rayon Təhsil sektorunun müdiri, Ərazi Partiya təşkilatının sədri