PDF Oxu

Siyasət

  • 406

Azərbaycanda formalaşmış tolerantlıq ənənələri, multikultural dəyərlər

Azərbaycanda formalaşmış tolerantlıq ənənələri, multikultural dəyərlər

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın beynəlxalq dialoqun inkişafında fəal iştirakını və bu sahədəki təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün ən səmərəli beynəlxalq platformalardan birinə çevrilib. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları və fərqli mədəniyyətləri təmsil edən insanları bir araya gətirərək qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir. VII Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını və qlobal əhəmiyyətini bir daha nümayiş etdirir.

Dövlət başçısının çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olması xüsusi qeyd edilib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə şərait yaradıb. Azərbaycanda formalaşmış tolerantlıq ənənələri, multikultural dəyərlər və dini dözümlülük cəmiyyətin mənəvi əsaslarından biri kimi çıxış edir. Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə müxtəlif etnik qrupların və dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər və vahid ailə kimi yaşayırlar. Bu həmrəyliyin qorunması və inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq əməkdaşlıq qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmalıdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması çoxşaxəli xarici siyasətlə də bağlıdır. Çinlə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinin və ABŞ ilə Strateji Xartiyanın 2025-ci ildə imzalanması Azərbaycanın müxtəlif güc mərkəzləri ilə əlaqələrini inkişaf etdirmək imkanlarını nümayiş etdirir. Avropa dövlətləri, İslam dünyası və Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın diplomatik imkanlarını genişləndirir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Siyasi Birliyinin gələcək zirvə görüşlərinə ev sahibliyi etmək perspektivi də ölkəmizin beynəlxalq dialoq məkanındakı rolunu gücləndirir. Azərbaycan beynəlxalq müstəvidə yalnız dialoqun əhəmiyyətini vurğulamaqla kifayətlənmir, öz təşəbbüsləri və ictimai təcrübəsi ilə bu istiqamətdə müzakirələrə töhfə verir. Multikulturalizm modelinin beynəlxalq auditoriyaya təqdim edilməsi ölkəmizə fərqli cəmiyyətlər arasında anlaşmanın inkişafı ilə bağlı təcrübə mübadiləsində iştirak etmək imkanı yaradır. Bununla yanaşı, mədəniyyətlərarası dialoq Azərbaycanın xarici siyasətinin humanitar istiqamətini gücləndirir və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradır.

İntiqam Quliyev,

YAP Ağdam rayon təşkilatının sədr müavini

Digər xəbərlər