Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın inkişaf yolunu, milli dəyərlərini və beynəlxalq siyasətdə tutduğu mövqeyi aydın şəkildə ortaya qoydu. Çıxışda ölkəmizin multikulturalizm ənənələri, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlərdə ədalət və bərabərlik məsələləri ön plana çəkildi.
Forumun 100-dən artıq ölkədən nümayəndələri bir araya gətirməsi Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində qazandığı mövqenin göstəricisidir. Azərbaycan bu platforma vasitəsilə müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verir. Bu, ölkəmizin yalnız coğrafi baxımdan deyil, siyasi və mədəni baxımdan da Şərqlə Qərb arasında körpü rolunu oynadığını göstərir.
Azərbaycanın multikulturalizm modeli uzun illər ərzində formalaşmış tarixi ənənələrə əsaslanır. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin birgə yaşaması, onların hüquq və azadlıqlarının Konstitusiya ilə qorunması cəmiyyətimizdə qarşılıqlı hörmət mühitinin yaranmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışında Azərbaycançılıq ideologiyasına xüsusi diqqət yetirməsi də bu baxımdan əhəmiyyətlidir. Azərbaycançılıq insanları etnik və dini fərqlərindən asılı olmayaraq vahid dövlət, Vətən və milli maraqlar ətrafında birləşdirən əsas ideoloji dəyərdir.
Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik bunun ən aydın nümunəsidir. Müxtəlif xalqların və etnik qrupların nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda eyni məqsəd ətrafında birləşdilər. Bu təcrübə göstərdi ki, milli həmrəylik yalnız tarixi ənənə deyil, həm də dövlətin gücünü müəyyən edən mühüm amildir.
Prezidentin ideoloji risklərlə bağlı fikirləri də müasir dövrün reallıqları baxımından diqqət çəkir. Bu gün dövlətlərin təhlükəsizliyi yalnız hərbi güclə təmin olunmur. Milli kimliyin qorunması, cəmiyyətdə birliyin saxlanılması və xarici təsirlərə qarşı dayanıqlılıq da mühüm əhəmiyyət daşıyır. Buna görə milli dəyərlərin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biri olaraq qalır.
Çıxışın əsas mövzularından biri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi idi. Dövlət başçısı xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr uzun illər icra olunmadı. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün hərbi gücündən istifadə etməli oldu.
Azərbaycanın müharibədən sonra Ermənistana sülh təklif etməsi isə ölkəmizin gələcəyə yönəlmiş siyasətinin göstəricisidir. Prezident İlham Əliyev vurğuladı ki, müharibəyə başlamaq asan, onu başa çatdırmaq isə çətindir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, əldə olunan hərbi nəticələr yeni qarşıdurmalar üçün deyil, regionda davamlı sülhün qurulması üçün əsas olmalıdır.
Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi, mədəni-hüquqi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər etnomədəni sahayə də özünün müsbət təsirini göstərmişdir. Eyni zamanda, Azərbaycan xalqlarının dillərini, maddi-mədəni və qeyri-maddi irslərinin qorunub inkişaf etdirilməsi, dini etiqadları üçün heç bir məhdudiyyətin qoyulmaması, əksinə müsəlman ölkəsində kilsə və sinaqoqların tikintisi və bərpası üçün dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi bu gün dünyanın bir sıra ölkələrində örnək olaraq göstərilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan etnik mədəniyyətlərin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, müxtəlif konfessiyalara hörmət və ehtiramın güclənməsi istiqamətində xeyli iş görülmüşdür. Dövlət başçımız təkcə islam dininin maddi-mədəni irsi ilə bağlı deyl, digər ənənəvi konfessiyaların tarixi-memarlıq abidələrinin, dini ibadət və inanc yerlərinin təmiri, bərpası və qorunması ilə əlaqədar bir sıra fərman və sərəncamlar imzalamışdır. Eyni zamanda, onun təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı beynəlxalq konfranslar keçirmiş, qanunvericilik bazası möhkəmləndirilmişdir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini